Milli kitab mükafatı: ilk 20 əsəri seçmək üçün ekspertlər şurası yaradılacaq

Noyabrın 13-də Bakı Slavyan Universitetində Milli Kitab Mükafatı ilə bağlı tədbir təşkil olunub. Məlumatı “Media forum” saytına mükafatın münsiflər heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid verib.
Onun sözlərinə görə, mükafatın təsisçisi, “Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərlinin, münsiflər heyətinin digər üzvlərinin iştirak elədiyi tədbirdə müasir Azərbaycan ədəbiyyatının vəziyyətindən, mükafatın keçirilmə qaydaları və şərtlərindən söhbət açılıb.
“Media forum” saytına açıqlamasında R.Məcid bildirib ki, noyabrın 3-də elan edilmiş müsabiqədə iştirak üçün müraciətlər çoxdur: “Şəxsən mənə xeyli qələm adamı müraciət edib. Bilirəm ki, İlqar Fəhmi, Şərif Ağayar, Elxan Qaraqan, Aysel Əlizadə öz əsərlərini müsabiqəyə təqdim etmək istəyirlər”.

Milli Kitab Mükafatının təsis olunmasının məqsədi Azərbaycan ədəbiyyatına ictimai diqqət cəlb etmək, müasir ədəbiyyatın sosial önəmini artırmaq və yeni əsərlərin dərcidir.

Mükafatın münsiflər heyətində Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, teleaparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radiosunun rəhbəri Elnur Baimov təmsil olunur.

Milli Kitab Mükafatı layihəsi bir neçə mərhələdə həyata keçiriləcək. Müsabiqəyə hekayələr, povestlər, romanlar və digər nəsr əsərləri qəbul olunacaq. Müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər və əsərin dilindən asılı olmayaraq Azərbaycan vətəndaşının yazdığı əsərlər müsabiqəyə təqdim edilə bilər.

Namizəd əsərlər minimum 40 min çap işarəsi həcmində olmalıdır. Milli Kitab Mükafatının təqdimat günündən 10 il əvvəlki müddətdə yazılmış əsərləri münsiflər heyəti nəzərdən keçirəcək. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşayış yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir. Bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.

Namizəd əsərlər 31 dekabr 2009-cu ilə qədər qəbul olunur. 2010-cu il yanvarın 26-da 20 əsər seçilərək münsiflər heyətinin dəyərləndirməsinə veriləcək.

R.Məcid qeyd edib ki, təqdim olunan əsərlər içərisindən 20 əsəri seçmək üçün ekspertlər şurası olacaq: “Şura üzvlərin şair və yazıçılarımız arasından seçəcəyik. Münsiflər Heyətinə daxil olan şəxslər ekspertlər şurasında təmsil olunmayacaqlar. Bu şura təqdim olunan əsərlərdən 20-ni seçərək münsiflər heyətinə təqdim edəcək. Mən Nigar Köçərliyə Qulu Ağsəs, Əsəd Cahangir, Bəsti Əlibəyli və başqa adamların namizədliyini təklif etmişəm”.

Münsiflər heyəti 20 əsərdən 10-nu müəyyənləşdirəndən sonra 10 əsərin daxil olduğu siyahı Milli Kitab Mükafatının rəsmi internet səhifəsində yerləşdiriləcək və arzu edənlər üçün online səsvermə imkanı yaradılacaq.

R.Məcid “Media forum”a deyib ki, online səsverməsinin münsiflər heyətinin seçiminə heç bir aidiyyəti olmayacaq: “Bunun münsiflər heyətinin qərarının nəticəsinə heç bir təsiri olmayacaq. Müasir texnologiyalara bələd adam kimi Nigar xanım çalışır ki, bu mükafatın keçirilməsinə daha çox diqqət yönəltsin. O istəyir ki, yaxşı, pis, bəyənənlər, bəyənməyənlər ortada olsun və ümumilikdə ədəbiyyata maraq artsın. Saf niyyətdir”.

May ayının 1-də isə 3 qalibin adı elan olunacaq.

Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə 2000, üçüncü yerin qalibinə 1000 manat həcmində mükafat veriləcək. Ən yaxşı 10 əsər dərc olunaraq dövlət kitabxanalarına və təhsil ocaqlarına paylanacaq.

“Qarant Sığorta” isə xüsusi mükafat elan edib. Milli Kitab Mükafatı layihəsi dövründə sığorta mövzusunda ən maraqlı kiçik hekayə qalibinə 1000 manat mükafat və 100 000 manat dəyərində mənzil sığortası hədiyyə olunacaq.

Gənclər və İdman Nazirliyi gənclər arasında ədəbiyyata marağı artırmaq və gənc yazarları dəstəkləmək məqsədilə 1000 manat dəyərində öz mükafatını təsis edib.

Layihə barədə bütün məlumatlar www.mkm.az internet səhifəsində öz əksini tapıb.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO