Milli kitab mükafatı: Afaq Məsudla Hamlet İsaxanlının təəssüratları

“Media forum” saytı Milli Kitab Mükafatı müsabiqəsinin 10-luğuna düşmüş əsərləri dəyərləndirən münsiflər – yazıçı Afaq Məsud və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı təəssüratlarını “Media forum” saytı ilə bölüşüblər.

Müsabiqənin üç qalibi münsiflərin qərarı ilə müəyyənləşəcək. Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Afaq Məsud:

– Müsabiqəyə gözəl əsərlərin təqdim olunacağını çox böyük ümidlə gözləyirdim. Lakin ümidlərim doğrulmadı. Sarsıldım.

Əsərlər dil, üslub baxımından maraqlıdır, müəlliflər gözəl bədii cümlələr qurublar, ancaq müəllifin baxışı, dünyagörüşü, intellekti – bunlar əsərlərdə əksini tapmayıb. Çox az yazarın əsəri ümidvericidir. Bir-iki nəfər var. Nəticələr elan olunduqdan sonra onların hansı yeri tutmasından asılı olmayaraq bu haqda rəyimi açıqlayacam.

Hamlet İsaxanlı:

– Müsabiqə yekunlaşandan, qaliblərin adları ictimaiyyətə açıqlanandan sonra 10-luğa daxil olan əsərlər haqqında geniş danışacam. İndidən fikir söyləmək qaydalara uyğun deyil.

Prinsip etibarı ilə, maraqlı yazılar da var, orta səviyyəli yazılar da. Ancaq çox ciddi yaradıcılıq nümunələri oduğunu demək mümkün deyil. Yəni 10-luğa düşən əsərlər barədə “dəhşətli dərəcədə qeyri-adidir” demək çətindir. Təcrübə göstərir ki, böyük ədəbi nümunələr 10-20 ildən bir yaranır. İlk kitab müsabiqəsində dahiyanə əsərlər ortaya çıxacağını gözləmək sadəlövlik olardı.

Onu qeyd edim ki, bəzi yazarlar bu müsabiqəyə qatılmayıblar. Həm də bizim qiymətləndirdiyimiz əsərlər müsabiqəyə qatılan on iştirakçının yazıları idi. Ola bilər ki, 10-luğa düşməmiş, əvvəlki mərhələləri aşmayan iştirakçıların əsərləri içərisində də maraqlı yazılar var.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO