Məhbus jurnalistə yeni məktublar

Məhbus jurnalist Eynulla Fətullayevə “Amnesty İnternational” təşkilatının təşəbbüsü ilə başladılmış beynəlxalq dəstək aksiyası davam edir. Jurnalistin saxlandığı Bakı İstintaq Təcridxanasına müxtəlif təşəbbüs qruplarının hazırladığı rəmzi kağız zəncirlər, məktub və açıqcalar daxil olur.

“Media forum” saytı xəbər verir ki, E.Fətullayev bu ay 12 ölkədən (ABŞ, Yunanıstan, Venesuela, İrlandiya, İtaliya, Hollandiya, Avstraliya, Kanada, Paraqvay, Böyük Britaniya və s.) ünvanlanan 300-dən çox məktub və açıqca, yüzlərlə insanın imza atdığı rəmzi zəncirlər alıb.

İngiltərədən yazan Klaterbak ailəsi vicdan məhbusuna qarşı qaldırılmış yeni ittihamdan təəssüfləndiyini bildirib. Venesueladan Conatan Deimaso Rodriges belə yazır: “Biz sizin haqqınızda daim düşünürük, sizi dəstəkləyirik və müdafiəniz üçün bacardığımızı edirik”.

Praqvaydan Klara de Hörbün məktubunda deyilir: “Unutma, dünya səninlədir. Arzu edirəm ki, çox jurnalistlər sənin kimi çalışsın. Ümidini qırma, sən lazımlı və real iş görürsən”. Şotlandiyadan Krol Oliver isə deir: “Eynulla, beynəlxalq ictimaiyyət sənin arxandadır. Sən tək deyilsən, bunu bil!” Həmin ünvandan bir başqa məktubda Karran Ban yazır: “Əziz Eynulla! Səninlə həmyaşıdam və sənin fədakar mübarizənə valeh olmuşam”.

2007-ci ilin aprelindən həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin baş redaktoru E.Fətullayev ona qarşı başlanmış növbəti cinayət işi ilə əlaqədar 2010-cu il yanvarın 2-də 12 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO