Mehman Əliyev: “Xaricdə yaşayan üzvlərin Milli Şuranın işinə müsbət təsiri olacaq”

Milli Şuranın sentyabrın 14-də keçirilən sessiyasında  mühacirətdə yaşayan iki şəxs – “Azadlıq” qəzetinin  baş redaktoru Qənimət Zahid və Azərbaycan ordusunun keçmiş polkovniki İsa Sadıqov quruma üzv qəbul olunub.

Xaricdə yaşayan bu şəxslərin quruma üzv olmaları Milli Şuranın fəaliyyətinə nə dərəcədə effektiv təsir edə bilər?

Mövzu barədə Modern.az saytına açıqlama verən Milli Şuranın ictimaiyyətlə əlaqələr komissyasının sədri, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, effektivlik adıçəkilən şəxslərin fəaliyyətindən asılı olan məsələdir. 
“Bu, onların Milli Şuranın işindəki fəaliyyətindən, aktivliyindən asılıdır”.

M. Əliyevin fikrincə, İsa Sadıqov və Qənimət Zahidin üzv qəbul olunmaları Milli Şuranın fəaliyyətinə müsbət təsir göstərəcək. O, Milli Şuranın komissiyalarının ləğv edilib-edilməməsi ilə bağlı fikirlərini də bölüşüb. M. Əliyev deyib ki, komissiyaların fəaliyyətini dayandırması gündəmdə deyil: “Komissiyalar prezident seçkisində özünün effektivliyini göstərdi. Çox məhdud resurslarla həmin komissiyaların işi kifayət qədər yüksək nəticələr verdi. Hakimiyyətdən olan mütəxəssislər də mənimlə söhbətlərində bunu qeyd edirlər. Komissiyalar bundan da yaxşı işləyə bilərdi. Milli Şuraya hakimiyyətin təzyiqləri, qurumda istefaların olması buna təsir etdi. Ona görə də aktiv şəkildə fəaliyyət göstərmək çətinləşir. Amma komissiyaların fəaliyyəti gələcək proseslərdə çox vacib və effektiv olacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO