Mediamızın hüquqi durumu: jurnalistlər və məhkəmə

Media Hüququ İnstitutu may ayı üçün hesabatını açıqlayıb. Modern.az-ın məlumatına görə, hesabatda vurğulanır ki, Avropa İnsan Haqları Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin 4 ildir ki həbsdə olan qurucusu Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını nəzərdə tutan qərar qəbul etsə də jurnalist hələ də cəza çəkməkdədir. Ona qarşı irəli sürülən narkotik maddə ittihamı üzrə məhkəmə prosesi ötən ay davam edib.
Daha iki jurnalist, gənc bloqçular Emin Milli və Adnan Hacızadə ağır şəraitli cəzaçəkmə müəsisələrində saxlanılırlar. Apellyasiya Məhkəməsi Emin Millini 30, Adnan Hacızadəni 24 aylığa azadlıdan məhrum edən ağır cəzanı qüvvədə saxlayıb. Bu günlərdə onların şikayətinə Ali Məhkəmə baxacaq. Apelyasiya məhkəməsi “Femida” qəzetinin aşağı məhkəmələrin cinayət cəzası verdiyi baş redaktoru Əyyub Kərimovun şikayətini də rədd edib. Millət vəkili Cəlal Əliyev “Yeni Müsavat” qəzetini məhkəməyə verərək qəzetin və baş redaktorun müavini Azər Ayxanın 50 min manat təzminat ödəməsi və qəzetdə təkzib verməsini nəzərdə tutan qərar qəbul etməyi tələb edib. Göyçay rayon Polis Şöbəsinin rəisi Vüqar Məmmədyarov və həmin şöbənin istintaq bölməsinin rəisi Rüfət İbayev ayrı-ayrılıqda “Azadlıq” qəzetində dərc olunan məqaləyə görə, hüquq müdafiəçisi Vidadi İsgəndərovdan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Polis orqanlarındakı rüşvət hallarından bəhs edən qəzet yazısından narazı qalan şikayətçilər V.İsgəndərova böhtana görə (Cinayət Məcəlləsinin 147-ci maddəsi) cinayət işi açılmasını tələb ediblər. “Azadlıq” qəzetində dərc olunmuş fikirlərinə görə tanınmış vəkil Müzəffər Baxışov da məhkəhkəməyə verilib. Vəkilin polis orqanlarında rastlanan işgəncə faktları barədə mülahizələrindən narazı qalan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Mirqafar Seyidov M.Baxışova cinayət işi açılmasını tələb edib. Nüfuzun qorunması ilə bağlı iddia və şikayətlərin sırası bununla bitmir. Hesabata görə, mayda 12 iş üzrə məhkəmə prosesi davam edib.

Jurnalistlərə qarşı basqılar

Mayda peşə fəaliyyətini yerinə yetirən 9 jurnalist basqıya məruz qalıb. Mediya nümayəndələri əksər hallarda polis əməkdaşlarının təzyiqi ilə üzləşiblər.

Jurnalistlər və məlumat azadlığı

Hesabata görə, ötən illərin göstəriciləri ilə müqayisədə bu sahədə nisbi irəliləyişlər müşahidə olunsa da, ümumi nəticələr qənaətbəxş deyil. 350 bilgi sorğusunun icrasını monitorinq edən MHİ-nin əldə etdiyi nəticələrə görə, həmin sorğuların cəmi 21 %-i cavablandırılıb. Nazirlər Kabineti, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Xarici İşlər, Maliyyə Nazirlikləri, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondu, Bakı şəhər İcra Hakimiyyəti kimi mühüm qurumlar onlara ünvanlanan sorğuları ümumiyyətlə cavablandırmayıblar.
45 dövlət qurumunun saytının monitorinqinin nəticələrinə görə, “İnformasiya əldə etmək haqqında” qanunla informasiya sahibi sayılan qurumların əksəriyyəti onlarda olan ictimai məzmunlu bilgilərin açıqlığını təmin etmir. Media Hüququ İnstitutu Azərbaycanda ifadə və bilgi azadlığı ilə bağlı qanunvericiliyi və hüquq təcrübəsini qabaqcıl meyarlara uyğunlaşdırmaq, medianın və jurnalistlərin qorunması yönündə çalışan QHT-dir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO