Media və Qarabağ

Azərbaycanın harada yerləşdiyi və Qarabağ münaqişəsi haqqında yetərincə məlumatı olmayan soyuqqanlı Avropa əhlini, o cümlədən dünyanı göz yaşı tökməklə və yaxud hay-küylə, emosionallıqla inandırmaq, ermənin vəhşi olduğunu onlara sübut etmək qəliz məsələdir.
İşğal faktını dünyaya çatdırmaq üçün bəlkə daha məntiqli vasitələr tapmaq gərəkdir? Yəni sözü elə demək lazımdır ki, onu yalnız özümüz eşitməyək. Başqları da eşidib, anlasın. Son dövrlər hiss olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi, ümumilikdə erməni təcavüzü ilə bağlı informasiya döyüşü yeni mərhələyə keçir. Artıq təbliğatın siyasi texnologiyası, mahiyyəti daha da təkmilləşir.

Dünya ictimaiyyətində erməni saxtakarlığı haqqında rəyi dəyişmək üçün Azərbaycan mediasının əməyi heçdə az deyil. Müsbət bir tendensiya davam edir. Bu da ondan ibarətdir ki, Ermənistan Azərbaycan münaqişəsinin kökü, mahiyyəti haqqında elmi tədqiqatlara daha çox önəm verilir. Dünyanın başa düşəcəyi, qəbul edəcəyi şəkildə bu informasiyalar yayılır. Bu işdə yeni yaradılan internet saytlarının rolunu yüksək dəyərləndirmək olar. Belə demək mümkünsə mətbuatın əhatə dairəsi getdikcə daralır. Teleradio kanallarının və internet jurnalistikasının auditoriyası isə daha da genişlənir. Təbii ki, bu rıçaqlardan yararlanmaq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, H.Əliyev Fondunun və digər qurumların maliyyə dəstəyi ilə yaradılan saytları, çap olunan kitabları nəzərdən keçirərkən çağdaş dünyada elektron şəbəkənin nə qədər effektli olduğu hiss olunur.
Ancaq bu işdə bəzi narahatedici məqamlara diqqət yetirmək lazımdır.
Birincisi, bu sahədə çalışacaq şəxslərin potensialını, bu məsuliyyətli işi davamlı necə yerinə yetırəcəyini nəzərə almaq lazımdır. Çünki, belə hallar çox olur, sayt yaradılır bir müddət keçəndən sonra fəaliyyətini dayandırır. Nəticədə də həmin domendən ermənilərin öz təxribatçı niyyətləri üçün istifadə etmək imkanı yaranır. Azəbaycanla bağlı domendən ermənilərin istifadəsi, yenidən sayt yaratması bu gün dünyada saxta erməni təbliğatına xidmətdir. Deməli, Azərbaycan həqiqətlərtini yaymaq məqsədilə sayt yaradan hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Əgər müəyyən dövr keçəndən sonra sayt fəaliyyətini dayandırmalı olsa, belə onun domenini hər il ödəniş etməklə saxlamaq lazımdır.
Digər tərəfdən erməni təcavüzü ilə bağlı təbliğat işində bədii filmlərin çəkilişi faydalı olar. “Fəryad” bədii filmi istisna olmaqla, çox təəssüf ki, Qarabağ müharibəsi haqqında səviyyəli, reytinqli kino filmlərimizin adını xatırlamırıq. Onu da qeyd etmək istərdim ki, yəhudilər ikinci dünya müharibəsindəki faciələrini beynəlxalq aləmdə tanıtmaq üçün kino istehsalından çox məharətlə istifadə ediblər.
Bir faktı qeyd etmək istərdim. Şərqi Avropa ölkələrində yaşayan yəhudlərin soyqırımına həsr olunan “Pianoçu” bədii filmi dünyada rezonans doğurmuşdu. Həmin filmə baxan tamaşaçını ilk növbədə insan faktoru, insan ağrıları düşündürür. Bəlkə də soyqırıma məruz qalan şəxslərin milliyyəti tamaşaçını o qədər düşündürmürdü.
Ümumiyyətlə, istər ədəbiyyat, istərsə də bədii film insanların hisslərinə təsir edir. Publisistikanın bəzən çatdıra bilmədiyi fikri kino və ədəbiyyat daha yaxşı ifadə edir. Mənə belə gəlir ki, bu təcrübədən yararlanaraq Azərbaycanın ağrılı problemini çox peşəkar səviyyədə bədii filmlərə, ədəbiyyata köçürmək mümkündür. Bunun üçün kifayət qədər potensial, mövzular, faktlar və zərurət var. Hər halda sənədli filmlərdən fərqli olaraq kinonun əhatə dairəsi kifayət qədər genişdir, tamaşaçı təbəqəsi isə müxtəlifdir.
Düzdür bu gün Qarabağla bağlı yazılan bədii əsərlər oxunaqlı deyil. Çünki insanların çoxu Qarabağda və digər ərazilərdə müharibə ağrılarını öz gözləri ilə görüblər. Yəni onlar üçün bu hadisələrin bədiiləşməsi maraqlı deyil. Ancaq müəyyən zaman keçdikdən sonra “müharibə ədəbiyyatı” yaranacaq. Müasir standartlara cavab verən peşəkarların çəkəcəyi kinofilmlər isə aktuallığını hər zaman qoruyub saxlayacaq.
Ümid edək belə bədii filmlərimiz məqamı yetişdikcə çəkiləcək. Bir sözlə, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini soyuqqanlı əcnəbilərə çatdırmaqda kampaniya xarakterli təbliğatdansa, daha çevik, orjinal vasitələrə əl atmaq lazımdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO