Media və Mülki Cəmiyyət İctimai Birliyi 42 ölkənin KİV-ində monitorinq aparır

İnformasiya müharibəsində Azərbaycanın təbliğat imkanları öyrənilir

Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnformasiya müharibəsində Azərbaycanın təbliğat imkanlarının öyrənilməsi və genişləndirilməsi” mövzusunda həyata keçirdiyi layihəsini davam etdirir.

Bu barədə Lent.az-a açıqlama verən təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov deyib ki, layihə çərçivəsində internetdə bu günə kimi Dağlıq Qarabağ münaqişəsi və erməni işğalında olan Azərbaycan ərazilərinin azad edilməsi, habelə konfliktin tarixi, erməni terrorçuluğu və seperatizmi barədə informasiya, məqalə, şərh, video və audiomaterialların monitorinqi aparılıb.

Monitorinq zamanı 42 ölkənin 125 qəzeti, 256 İnternet portalı və veb-informasiya strukturu, 54 agentlik, 256 şəxsi bloq, 277 forum, gündəlik və həftəlik nəşrlərin 673 veb-saytı nəzərdən keçirilib. Bu zaman dərc olunan və yerləşdirilən xəbər, informasiya və materialların 67%-nin Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesi, 25%-nin Azərbaycan və Ermənistan arasındakı indiki vəziyyət, 7%-nin isə problemin qısa tarixindən bəhs etdiyi aydın olub.

Dağlıq Qarabağ münaqişəsi, habelə erməni işğalında olan Azərbaycan əraziləri barədə yanlış məlumat və qərəzli informasiyaların yerləşdirildiyi kütləvi informasiya vasitələri, veb-resurslar və şəxsi bloqlara məktublarla müraciətlər yollanıb, real vəziyyət anladılıb. Layihə rəhbəri onu da bildirib ki, sözügedən monitorinq hazırda da davam edir və yekunu barədə əlavə məlumat veriləcək.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO