Media quruluşlarının rəhbərləri Ramil Usubovla görüşüblər

İyunun 16-da media quruluşlarının rəhbərləri daxili işlər naziri Ramil Usubovla görüşüblər. “Musavat.com”un məlumatına görə, görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu iştirak ediblər.

1 saata yaxın davam edən görüşdə media təmsilçiləri qəzetlərin səyyar yayımının yasaqlanması ilə bağlı aktuallaşmış məsələdən danışıblar. Ramil Usubov KİV rəhbərlərinə bildirib ki, dövlət rəhbərliyi və Daxili İşlər Nazirliyindən qəzetlərin yayımına heç bir qadağa yoxdur. Ancaq nazir onu da qeyd edib ki, şəhərin mərkəzi hissəsində, Fəvvarələr meydanı və Nizami küçəsində (“Torqovı”) küçə ticarətinin yasaqlanması vacibdir, çünki bu məkan turizm baxımından əhəmiyyətli yerdir və orada vedrələrdə gilas, alça, limon və sair kənd təsərrüfatı məhsullarının satılması şəhərə qonaq gələn əcnəbilərin gözündə paytaxt barədə mənfi rəy yaradır: “Hazırda təmir və tikinti işləri gedən həmin yerlərdə küçə ticarəti, o cümlədən qəzetlərin əldə yayımı məhdudlaşdırılıb”.

Şəhərin mərkəzində antisanitariyaya səbəb olan küçə ticarəti ilə mübarizədə KİV rəhbərlərindən informasiya dəstəyi istəyən daxili işlər naziri qeyd edib ki, şəhərin başqa yerlərində qəzetlərin yayımına müdaxilə edilməsi barədə heç bir göstəriş verilməyib və əgər belə bir özfəaliyyət varsa, redaktorlar bu barədə nazirliyə məlumat verə bilərlər. Daha sonra R.Usubov bu məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovla danışacağını, lazımi tədbirlər görüləcəyini bildirib.

DİN başçısı ilə görüşdən sonra KİV rəhbərləri qərara alıblar ki, eyni məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla da görüşsünlər. Belə məlumatlar var ki, paytaxta səyyar qəzet yayımının məhdudlaşdırılması təşəbbüsü şəhər rəhbərindən gəlib.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO