Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr«Media əhvalatları» rubrikasında jurnalistlərin iş prosesində başlarına gələn maraqlı əhvalatları elə onların öz dilindən veririk. Həmkarlarımız hansı dövlət məmurunu və ya siyasətçini aldadıblar, harada səhv ediblər, kimi-kimlə dəyişik salıblar, ekstremal şəraitdə necə davranıblar, hansı “çp”lərə yol veriblər, harada bağışlanılmaz səhv ediblər?… Hamısı maraqlıdır…

«Media əhvalatları» əhvalat doğurdu

«Media əhvalatları» rubrikasının birinci təqdimatı bəzi həmkarlarımızın xətrinə dəyib. Bununla yanaşı, həm də bir əhvalat baş verib.
Deməli ötən dəfə «Media əhvalatları»nda tanınmış jurnalist Natiq Cavadlı barəsində zarafatlı olaylar təqdim olunmuşdu. Yazı Modern.az-da çıxandan sonra kimsə “Azadlıq”ın əməkdaşı Natiq Güləhmədoğluna zəng vurub ki, bəs, Modern.az saytında ona sataşıblar. O, da «Media əhvalatları”nı açıb oxumadan tələm-tələsik “Azadlıq”da Modern.az-ın baş redaktoru Elşad Eyvazlının əleyhinə bir köşə döşəyib. Köşəsi qəzetdə çıxandan sonra Natiq Güləhmədoğlunu başa salıblar ki, “ay rəhmətliyin nəvəsi, saytdakı zarafat sən Natiqin barəsində deyil eee, Cavadlı Natiq haqqındadır”. «Media əhvalatları»nda jurnalistlərin bir-biri barəsində zarafatyana və ərkyana söylədiklərinə bir qədər dözümlü yanaşmaq pis olmaz.

Vağzalı sədaları altında qəbir üstünə…

Etibar Cəbrayıloğlu, «Ədalət» qəzetinin redaktoru:
– «Yeni yüzil » qəzetində işləyəndə mötəbər bir adamın atasının yasına getmişdim. Yas məclisinin qurulduğu mağara daxil olan kimi məni məclisin baş tərəfinə keçirdilər. Məclisin də ucu-bucağı görünmürdü. Ehsan yeyiləndən sonra molla danışdı, sonra dua oxudu və dedi ki, «qalxın, qəbirüstünə gedirik». Elə camaat qalxırdı ki, birdən mağarı vağzalı səsi bürüdü. Belə məclislərdə adətən telefonumu söndürsəm də, bu dəfə unutmuşdum. Ha çalışdım ki, telefonumu tez söndürəm, amma iş-işdən keçmişdi. Mağara pıqqapıq düşdü…
– «Yeni Müsavat»da işləyirdim. «Yasamaldan məktublar» başlığı ilə yazdığım köşələrin məşhur vaxtları idi. Həmkarım Elçin Mirzəbəyli də «Sara» televiziyasında mətbuatla bağlı veriliş aparırdı. Bir gün məni də verilişinə dəvət etdi. Mən də «dinc oturmusan, məni neynirsən» deyib, müsahibədən yayınmaq istəsəm də, Elçin israr etdi. Saat 7-8 olardı, “Sara” Tv-yə getdim. Çəkilişdən sonra verilişi gecə saat 12-də efirdə göstərdilər. Səhər tezdən duranda xəbər tutdum ki, “Sara” TV-ni bağlayıblar. Belə demək mümkünsə, o telekanalın sonuncu müsahibi mən olmuşam.

«Deputatlar yapon dilini bilir?»

Rey Kərimoğlu, müstəqil jurnalist:
– 1999-cu il idi. Azərbaycana gələn Yaponiyanın xarici işlər naziri parlamentdə də çıxış edəcəkdi. Parlament jurnalistləri Milli Məclisin çayxanasında oturub çay içirdik. Uşaqlarla deputatlardan kiminsə yapon dilini bilib-bilmədiyini müzakirə edirdik. Qeyd edim ki, o vaxt deputatlarla jurnalistlərin yeməkxanası eyni yerdə idi. Bu vaxt rəhmətlik deputat Məzdək Hüseynov çayxanaya gəldi. Məzdək müəllimdən müzakirə etdiyimiz məsələyə aydınlıq gətirməsini xahiş etdik. O da o vaxtkı deputatları nəzərdə tutaraq dedi ki, «ə, siz nə danışırsız, bizim deputatlar nəinki yaponun, lap belə hinduların da dilini bilirlər”.

– 1998-ci il idi. O zaman parlamentə reportaj hazırlamaq üçün indikindən xeyli çox jurnalist gəlirdi. Əslində onların 15-20-si əsl jurnalist idi, bundan bir xeyli çoxu isə cibinə jurnalist vəsiqəsi qoyub parlamentə şəxsi maraqlar üçün gələn, ya da göndərilən qadın “reketlər” idi. Biz də həmin qadınların parlamentdən kənarlaşdırılması üçün Milli Məclis rəhbərliyi ilə danışıqlar aparırdıq. “Zerkalo”da çalışan Azər Rəşidoğlu ilə parlamentin çayxanasında oturub çay içə-içə sözügedən problemi müzakirə edirdik. Bu vaxt gördük ki, həmin qadınlardan bir qrupu, onlara rəhbərlik edənlə birgə bizə yaxınlaşırlar. Azər dedi ki, «sən öl, bizim saçımızı yolacaqlar». Hər ehtimala qarşı hazır vəziyyət aldıq. «Jurnalist» qadınlar stolumuza yaxınlaşıb bizə təşəkkür etməyə başladılar: «Sağ olun ki, bu məsələni qaldırmısınız, dırnaqarası “jurnalist” qadınları buradan uzaqlaşdırmaqla bizim də üzərimizdən qara ləkəni götürürsünüz. Onlar bizim də adımızı batırırlar». Biz donub qalmışdıq. Əslində elə onların özlərini parlamentdən qovdurmaq istəyirik…

«..sən Dədə Qorqudun canı…»

Elza Alışova, eks-jurnalist:
– 2003-cü ilin prezident seçkiləri ərəfəsi idi. Mən də «Cümhuriyyət» qəzetində işləyirdim. O vaxt Müsavat Partiyasının başqanı İsa Qəmbərin rayonlarda apardığı seçki kampaniyasını işıqlandırmaq üçün regionlara gedirdim. İşin ən çətin hissəsi də səfərdən qayıdıb reportaj hazırlamaq idi. Çox vaxt redaksiyaya gecə yarısı çatırdıq. Gəncəyə səfərimiz zamanı da redaksiyaya gec gəldim və buna görə də yazını tələsik yazdım. Hiss etdim ki, redaktəyə ehtiyacı çoxdur. Birdən ağlıma gəldi ki, reportajın ortasında redaktor Sədi Məmmədova xitabən yazım ki, yazını daha diqqətlə oxusun. Cünki özü redaksiyada yox idi. O vaxt da Sədi yenicə ata olmuşdu və uşağın adını Dədə Qorqud qoymaq istəyirdi. İsa Qəmbərin xalqa müraciətini yazdığım yerdə üç nöqtə qoyaraq «Sədi, sən Dədə Qorqudun canı diqqətli oxu» yazdım. Arxasınca da yazıya davam etdim. Bu hissəni də Sədi gözündən qaçırar, beləcə yazını dizayner çıxarıb korrektora verər. Bizim də korrektorumuz Hürriyə həmişə redaktorların işinə qarışırdı. Redaktorlar da ona demişdi ki, «bir də bizim işimizə qarışma, ancaq hərfləri və nöqtə, vergülü düzəlt». Bu qız da «bu nə yazıdır» deyib deyinə-deyinə o baş, bu başa getsə də, redaktorlara yaxınlaşmağa ürək etmir. Axırda digər redaktor Seymur Verdizadə deyir ki, «səhifəni gətir görüm, noolub, ay Hürü». Hürriyə də yazıda Sədiyə müraciət olan hissəni göstərib. Seymur Hürriyənin dediklərini həmişəki kimi qulaqardına vursaydı, 2003-cü il prezident seçkilərinin qızğın dövrü qəzetdə İsa Qəmbərin xalqa müraciətində belə bir ifadə gedəcəkdi: «Xalq bu seçkilərdə öz sözünü deyəcək, demokratiya qalib gələcək. Sədi, sən Dədə Qorqudun canı, diqqətli oxu». Ondan sonra «Cümhuriyyət» qəzetində hər kəs Sədiyə «Sən Dədə Qorqudun canı» deyə müraciət etməyə başladı.

– “Yeni Müsavat”ın «Azadlıq» qəzetinin ofisində sığınacaq aldığı vaxtlar idi. Bütün uşaqlar balaca bir otaqda işləyirdik. Mən də bir kənarda Hikmət Hacızadədən müsahibə alırdım. Mövzu terror və Üsamə Ben Laden barədə idi. Müsahibənin qızğın yerində, birdən uşaqlardan gülüşmə qopdu, özü də bizə baxıb gülürdülər. Mən də Hikmət müəllimin yanında pis vəziyyətdə qaldım ki, görəsən, neyləmişəm ki, gülürlər. Sonra məlum oldu ki, müsahibəyə o qədər qapılmışam, Hikmət bəyə «Ben Laden bəy» deyə müraciət edirəm.

«Danışan rəhmətlik Telmandı»

Elşən Balaxanlı, «Yeni Müsavat» qəzetinin əməkdaşı:
– «İnterpolis» qəzetində çalışdığım vaxtlar idi. Reportaj hazırlamaq üçün Sumqayıtdakı Təcili Tibbi Yardım Xəstəxanasına getmişdim. Bu vaxt xəstəxanaya bir kişi gətirdilər ki, parkda fəvvarəni düzəldəndə tok vurub. Həkim xərəyə uzadılmış kişiyə baxdı və onun öldüyünü dedi. Mən də ədəb-ərkanla kişinin şəklini çəkdim, baş həkimdən adını-soyadını soruşdum. Redaksiyaya qayıdıb kişinin şəkli ilə birgə informasiya yazdım. İnformasiyanın qəzetdə çıxmasından 1 həftə sonra redaksiyamıza zəng edib məni telefona çağırdılar. Dəstəyi götürəndə, xəttin o biri başındakı adam «sizi cəhənnəmdən narahat edirlər» dedi. Bir şey başa düşmədim. Danışanın kim olduğunu soruşdum. O da sualımın cavabında «rəhmətlik Telmandı danışan» dedi. Kişi əsəbi-əsəbi məni məhkəməyə verəcəyini bildirəndə anladım ki, parkda fəvvarə düzəldən «rəhmətlik»lə danışıram…
– «Gündəlik Azərbaycan» qəzetində çalışırdım. Həmkarım Arzu Abdullanın da o vaxt redaksiyalarda yenicə istifadə olunmağa başlayan «Word» proqramından başı çıxmırdı. Yazısını tez-tez itirirdi, ya da yaddaşa verməmiş bağlayırdı və yazını tapmaq üçün mənə müraciət edirdi. Bir dəfə də Arzu Abdulla yazısını itirdiyini bildirdi və materialı tapmağı xahiş etdi. Axtarış verəndə yazı «zibil yeşiyi»ndən çıxdı və «uşaqlar, Arzu, zibil qabında yazı yazıb» dedim. İndi Arzu «Word»də bizdən yaxşı işləsə də, həmişə onu görəndə, «Arzu, yenə də yazını zibil yeşiyində yazırsan?» deyə soruşuruq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO