Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Azadlıq” radiosunun əməkdaşı Aygün Muradxanlı, “525-ci qəzet”in əməkdaşları Pərvanə Sultanova, İlhamə Qasımlı və “Mərkəz” qəzetinin əməkdaşı İntiqam Valehoğlu danışır.

Aygün Muradxanlı, “Azadlıq” radiosunun əməkdaşı

«Allah»ın xalqa müraciəti

– Ölkədə ictimai-siyasi həyatın qaynar, hərəkətli olması mediada çalışanlar üçün nə deməkdir, məncə, bunu mətbuata bağlılığı olan hər kəs bilir. 1994-cü ildə hələ tələbə ikən «Yeni Müsavat» qəzetində parlament müxbiri olaraq çalışırdım. Parlamentdə həftənin iki günü iqtidar-müxalifət «dialoqu», bundan başqa, hər gün azı 5-6 maraqlı mətbuat konfransı, hələ param-parça edilməmiş, yetərincə sosial dayağı olan partiyaların az qala gündə yayılan bəyanatları nə mövzu qıtlığı çəkməyə, nə də baş qaşımağa vaxt qoyurdu.
Müsavat Partiyasının bir zamanlar Azərbaycan prospektində yerləşən qərargahının 4-cü qatındakı «Yeni Müsavat»ın redaksiyasında günün birinci yarısında müxbir tapmaq müşkül məsələ idi. Ya vəlvələdən, ya zəlzələdən həmin gün gündüz mən redaksiyada idim. Bir də gördüm orta yaşlı bir kişi aramla köhnə binanın redaksiyaya gətirən pilləkənlərini qalxır. Əyninə böyük kostyumu, köynəyinin təxminən dördüncü düyməsində bitən qalstuku adamın rayondan Bakıyacan bir xeyli yol gəlməsindən xəbər verirdi. Açıq-aşkar şikayətçiydi.
Kişi redaksiyaya çatıb ədəb-ərkanla salam verdi, rəhbərlərdən birilə görüşmək istədiyini dedi. Redaktor Böyükkişi Heydərlinin otağı elə pilləkənin başında olduğu üçün qonağı baş redaktor Rauf Arifoğlunun otağına qədər yormadım. Böyükkişi Heydərlinin göstərdiyi yerdə yerini rahatlayan adam başladı nə başladı. Bəlli oldu ki, dünən kimsə gəlib, özünü Böyükkişi Heydərliyə peyğəmbər kimi təqdim edib, qəzetə «Xalqın müraciət»ini təqdim edib, bu da media dililə desək, onu təkzib etməyə gəlib:
– Böyükkişi bəy, mən sizə çox böyük istedad əta eləmişəm. (Burda ikimizi də heyrət bürüdü). Siz o yalançı peyğəmbərlərə inanmayın. Onların yalan vədlərinin xalqa çatdırılmasında vasitəçi olmayın.
Od-alov püskürən adamı altdan-altdan süzən Böyükkişi Heydərli kişidən soruşdu:
– Yaxşı, qardaş, o deyir peyğəmbərdi, bəs sən kimsən?
Cavab nəinki mənimçün, deyəsən, Böyükkişi bəyin özü üçün gözlənilməz oldu:
– Mən Allaham.
Anidən anladıq ki, gülsək, bu «Allah»ı redaksiyadan çıxarmaq üçün uca Allahı bir neçə dəfə köməyə çağıracağıq. Ona görə də «Allah»a dedik ki, biz bu gün «peyğəmbər»in xalqa müraciətini dərc edirik, bomba effekti yaratmaq üçün ən yaxşısı onun da müraciətini «Azadlıq» qəzeti çap etsin. «Azadlıq»ın redaksiyasının ünvanını «Allah»a üçüncü cəhdimdə güclə başa sala bildim. Böyükkişi Heydərli isə bu arada uğunub getmişdi:
– A kişi, Allah deyilsəən, Cəbrayılı çağır, gəlsin səni aparsın da.

1 aprel konfransı

– «Yeni Müsavat»dan sonra «Azadlıq»da işləməyə başlamışdım. Redaktorumuz Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirlini tanıyanlar onun nə qədər gözlənilməz və yumşaq dillə desək, baməzə olduğunu bilir.
Demək, aprelin 1-i idi. Mən də ənənəvi qaydada səhər planlaşmasına gecikmişəm. Özümü hövlnak redaktorun otağına salanda gördüm ki, artıq blaknotunu götürüb çıxır. Şöbə müdirim Hikmət Sabiroğluna yaxınlaşıb soruşdum ki, «bü gün hansı mövzunu işləyəcəm?». Hikmət bəy ağzını açmağa macal tapmamış Gündüz bəy qayıtdı ki:
– Axşam saat 8.00-da Rusiya səfiri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı mətbuat konfransı keçirir, sən gedərsən. «Azadlıq»da təzə olduğumdan Gündüz bəyin “prikol”larından xəbərsiz idim.
Nə isə, bütün günü boş-bekar gəzib axşam saat 8-in yarısını gözlədim. Vaxt tamamında «silah-əlbəsəmi» götürüb gəldim o zaman Rusiyanın Azərbaycan böyükelçiliyi yerləşən təzə “ İnturist»ə.
Rusiya səfirliyi yerləşən mərtəbəyə qalxanda sakitlik olduğunu görüb şaşırdım. Mətbuat konfransı öncəsi səfirliyin qarşısına ən azından jurnalistlər gözə dəyməliydi. Ancaq ins-cins görünmürdü. Öncə onu düşündüm ki, deyəsən gecikmişəm. Üzərində rusların ana dilində buranın Rusiyanın Azərbaycan böyükelçiliyi olduğu yazılan qapının zəngini basdım. Dustaqxana qapsındakı kimi daranq-durunqla açılan nəfəslikdən yekəpər mühafizəçinin kəlləsi göründü. Tələsik soruşdum ki, “mətbuat konfransı başlayıb?”. Mühafizəçinin donuq sifəti bir az da dondu:
– Kakaya peres-konferensiya?
MTRŞ-ın qəzəbinə gəlməmiş deyim ki, o da söhbətin hansı mətbuat konfransından getdiyini anlamamışdı. Birdən mühafizəçi elə qabaritinə uyğun şaqqanaq çəkib dedi ki, “kimsə sizinlə 1 aprel zarafatı edib”.
Axı mən bu ciddilikdə «urus»a necə deyəydim ki, bu zarafatın müəllif hüququ baş redaktorum Gündüz Tahirliyə aiddir.
Səhər redaksiyada bəlli oldu ki, Gündüz bəy təkcə məni aldatmayıbmış. Bu mənə bir az təsəlli versə də, borclu qalmağı düşünmürdüm. Borcumu qaytardım, özü də sırf təsadüfdən.

O dünyadan zəng

– Səhər Gündüz Tahirli ilə öz aləmimdə haqq-hesab çəkmək üçün onun otağına gəldim. İçəri keçmək istəyəndə gördüm Gündüz bəyin yanında tanımadığım biri var. Gözləməyi qərara aldım. Bu ara katibə Gültəkin postunu 10 dəqiqəlik mənə tapşırıb çox güman mühasib Mətanətin məkanına endi. «Görəvə» təzə başlamışdım, zəng gəldi:
– Buyurun, «Azadlıq» qəzeti.
– Gündüzə ver.
– Bağışlayın kimdi?
Bir saniyəlik sükutdan sonra xəttin o başındakı cavab verdi:
– Ağamalı Sadiq.
«Müxalifət» qəzetinin baş redaktorunun adını eşidib Gündüz bəyin telefonuna zəng elədim:
– Şef, Ağamalı Sadiq səni axtarır.
Baş redaktorun qapısı açıq olduğundan onun dəstəyi necə hövlnak qaldırdığını gördüm. İlk «alo» kəlməsindən sonra qonşu otaqdan kütləvi gülüş səsi eşidildi. Sən demə, «Ağamalı Sadiq» Qənimət Zahid imiş. Mənim onun səsini tanımamağıma hirslənib özünü bir həftə öncə rəhmətə gedən «Ağamalı Sadiq» kimi təqdim etmişdi.

Pərvanə Sultanova, “525-ci qəzet”in əməkdaşı

“Sizdə günah yoxdu, günah Elxan Poluxovdadır”

– Naxçıvanda Azərbaycan diplomatik xidmətinin yaranmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilirdi. Xarici İşlər Nazirliyinin mətbuat xidməti e-mailimə tədbir barədə geniş məlumat göndərmişdi. Mən də mətbuat xidmətinə istinadən məlumatı qəzetə verdim. Səhəri gün mənə Naxçıvadan zəng gəldi: “Salam Pərvanə xanım. Siz o boyda yazı yazmısız, hamısı da Elmar Məmmədyarovun sözləridir. Vasif Talıbovun çıxışından bir cümlə versəydiniz nolardı?!”
Mən dedim: “Mən tədbirdə iştirak etməmişəm. Məlumat mənə Xarici İşlər Nazirliyinin mətbuat xidməti Elxan Poluxovun adından göndərilib”.
Zəng edən dedi: “Görürsən də, işə bax sən bir. Biz onlara necə hörmət etdik, necə gözəl süfrə açdıq. Qonaqlıq verdik. Bəs əvəzində belə edərlər?! Dünya dağılardı Elxan Poluxov Vasif Tolubovun adını yazsaydıı..?”. Həmin gün Bakıda da diplomatik xidmətin yubiley tədbirində olmuşdum və yazılarım çox idi.
Zəng edən şəxs də artıq əsəbləşdiyimi görüb “sizdə günah yoxdu, günah Elxan Poluxovdadır» dedi. Mən bir neçə dəfə zəng vuranın kimliyini soruşdum:
– Kimdir ki, danışan?.
– Əşşi heç kim. Hər kimdir dəəə. Əsas odur ki, zəhmətimizi yerə vurublar. Bağışlayın, mən günahı sizdə bilirdim.
Sonra isə zəng vuran «mən də sizin həmkarınızam. Tanışlığımıza şad oldum” deyib dəstəyi asdı.
Amma mən “həmkarımın” Vasif Talıbovun adının çəkilməməsinə bu qədər əsəbləşməsinin, süfrənin açılmasında hansı rolunun olmasını bilmədim.

“Borcu ödəyib, “əsirlikdən” xilas olduq”

– Ötən ilin oktyabrında bir qrup azərbaycanlı jurnalist Misirə səfərə getmişdik. Beşulduzlu oteldə qalırdıq və nömrələrdə qoyulan mini barlarda qiymətlər çox baha idi. Misirdə dəhşətli isti təbii ki, insanı əldən salırdı. Həmkarlarımızdan biri də gecə susayıb və barda olan suyu içib, yerinə adi su doldurub. Qeyd edim ki, suyun qiyməti də bayırda satılandan çox baha idi.
Səhəri Şarm-el-Şeyxə gedirik və iki gündən sonra yenidən Qahirəyə qayıdırıq. Həmkarım eləmir tənbəllik yenə də eyni metodla otaqdakı mini-barın suyunu içib yerinə adi su qoyur.
Səfərin sonuncu günü nömrələri tərk edəndə barmen bu faktı aşkarladı. Qrupumuzu saxladılar. Tərcüməçimiz vəziyyəti öyrənədə bəlli oldu ki, suyun pulunu ödəmək lazımdır. Misir paundu isə bizdə demək olar ki, qalmamışdı.
Aeroporta bizi aparacaq avtobusda Mahir («Xalq Cəbhəsi» qəzetinin redaktoru) əlini açıb kimdə nə qəpik-quruş varsa, yığdı və borcumuz düzələndən sonra bizi «əsirlikdən» buraxdılar.

Jurnalistin səfirə təşəkkürü

– Misirdə olarkən bu ölkədəki Azərbaycan səfirliyində görüş var idi. Səfir Faiq Bağırov səfər barədə əvvəldən məlumatı olmadığını və buna görə də proqram barədəd də bilmədiyini bildirdi. Bununla belə o, təşkilatçıların səfirlikdə görüşü proqrama saldıqlarından məmnunluğunu da qeyd etdi.
Dövlət qəzetlərindən birinin əməkdaşı isə Bağırovun çıxışının ardınca dedi: «Cənab səfir, çox sağ olun, bilirik ki, bu səfərin təşkilində, proqramın hazırlanmasında sizin də çox böyük rolunuz olub. Buna görə sizə qrup adından təşəkkür edirəm».
Elə bu zaman bizi qəhqəhə tutdu. Axı səfir bir-neçə dəqiqə əvvəl demişdi ki, səfər barədə məlumatı gec alıb, proqramla tanış deyil.

“Jurnalistlər yazıq şeylərdi, konturları nə gəzir eee…”

– Bir dəfə məşhur futbolçu Maşallah Əhmədov barədə redaksiyamıza şikayət məktubu gəlmişdi. Məktubu araşdıranda qarşı tərəfin də fikirlərini öyrənmək üçün M.Əhmədova zəng etdim. M.Əhmədov bildirdi ki, xaricdən gəlir, aeroport yolundadır. Mən nə üçün zəng etdiymi dedim. Maşallah müəllim şikayətçiyə görə bərk əsəbləşib, onu günahlandırmağa başladı.
Mən də başa düşdüm ki, bu vəziyyətdə lazım olan məlumatı ala bilməyəcəm, ona görə “odboy” verdim. Bir neçə dəqiqə sonra Maşallah Əhmədov özü mənə zəng etdi. Mən də etika xatirinə dedim: “Bağışlayın, Maşallah müəllim, konturum bitdi”.
O isə «bilirəm dəə, jurnalistlər yazıq şeylərdi, konturları nə gəzir eee» cavabını verdi.

Günahkar növbətçi jurnalistin özü imiş

– “İki Sahil” qəzetində işlədiyim vaxtlar idi. Bir dəfə qəzetdə növbətçi mən idim. Adətən burada bir gün səhifə, növbəti gün informasiya növbətçisi olurduq. Həmin gün çıxan qəzetin nömrəsinin sonuncu səhifəsində yalnışlığa yol verilmişdi. Günahkar da mən idim. Sabahı gün yazıda adı səhv gedən kişi redaksiyaya zəng etmişdi. Telefona da təsadüfən mən cavab verdim. Adını xatırlamadığım kişi dedi: “Bu nə səhvdir edibsiniz? Bu kobud səhvə yol verən kimdir?”.
Mən dedim: “Bağışlayın siz Allah. Yəqin növbətçinin günahıdır. Bunu mütləq redaktora çatdıracam. Qoy həmin növbətçi jurnalisti cəzalandırsın”.
Kişi dedi: “Həəə. Mütləq bu barədə redaktora deyin. Əgər deməsəniz, bir də zəng edəcəm”.
Elə bu vaxt baş redaktor Vüqar Rəhimzadə redaksiyaya daxil oldu. Mən də tələsik kişini əmin etdim ki, jurnalist cəzalanacaq. “Yaxşı. Baş üstə, arxayın olun” deyib, tez-tələsik dəstəyi yerinə qoydum. Baş redaktor məndən soruşdu: “Nə məsələdir?”. Dedim: “Heeeç. Sadəcə yazıya görə minnətdarlıq edirdilər”.
Dərhal da yalan danışmağım hiss olunmasın deyə otağı tərk etdim.
Beləcə günahkar növbətçi cəzadan yaxasını qurtara bildi. Üstəlik də şikayətçini deyəsən inandıra bilmişdim. Çünki bir daha ondan səs-soraq çıxmadı.

İlhamə Qasımlı, “525-ci qəzet”in əməkdaşı

Baş tutmayan intervü

– Mərhum prezident Heydər Əliyevin Gəncəyə səfəri idi. Səfər gedişində şəhər İcra Hakimiyyətində bölgə icra qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirilirdi. Müşavirədən əvvəl hamı zalda öz yerini tutmuşdu. Prezidenti müşayiət edən jurnalistlər də bir yerdə professional söhbətlər edirdik.
Bu zaman bizdən 3-4 sıra arxada o vaxt xüsusi idarə rəisi olan Elman Qəmbərova gözüm sataşdı. Həmin ərəfədə də mətbuatda Elman Qəmbərovun ad günündə ona brilliant qaşlarla bəzədilmiş paqon hədiyyə edildiyi barədə yazılmısdı. Fikirləşdim ki, ona yaxınlaşıb, bu barədə soruşum. Yaxınlaşıb, dedim: “Salam Elman müəllim”.
Yanında bir neçə əməkdaşı oturan Elman Qəmbərov məni görən kimi heç sualımı gözləmədən: “Gedin işinizlə məşğul olun” deyərək, sərt reaksiya verdi.
Mən də eyni sərt tonda “mən elə işimlə məşğulam. Və jurnalist kimi sizə sualım var” dedim.
E.Qəmbərov yenə də “mən sizə tam ciddi şəkildə deyirəm ki, gedin, işinizlə məşğul olun” dedi.
Ona cavab verdim: “Mən də eyni və daha artıq ciddiyyətlə sizə cavab verirəm ki, mən öz işimlə məşğulam”.
Tabeçiliyində olan işçilərin yanında belə pərt vəziyyətə düşəcəyini gözləməyən general bir az da şıltaq tonda “mən sizə intervyü vermirəm” dedi.
Mən də son olaraq dedim: “İndi nə demək istədiyiniz aydın oldu. Halbuki “KİV haqqında” qanuna görə jurnalistin əsas işlərindən biri vəzifəli şəxslərə sual vermək, sizin isə borcunuz bu suallara cavab verməkdir”.
Həmin an E.Qəmbərovun üz ifadəsi çox dəhşətli idi. Deyəsən öz adamlarının yanında pərt olmaq ona dəhşətli görünürdü.

“Yəqin siz qəzetimizi tərsinə tutmusunuz”

– “ABU Arena” idman kompleksinin açılışı idi. İdman federasiyalarının rəhbərləri olan nazirlər də bu açılışda iştirak edirdilər. Qapının çıxışında “Azal” Hava Yolları Konserninin prezidenti Cahangir Əsgərovla rastlaşdım. Onunla salamlaşıb, hal-əhval tutduq. Gözləmədiyim halda o dedi: “Sən hansı qəzetdən idin?”.
Dedim: “525-ci qəzet”dən”.
O dedi: “Həəə, müxalifət qəzetidir dəəə”.
Mən soruşdum: “Ən son nə zaman oxumusunuz qəzetimizi?”
C.Əsgərov dedi: “Elə dünən”.
Onda mən də ironiya ilə dedim: “Onda yəqin qəzetimizi tərsinə tutmusunuz”.
C.Əsgərov səsini ucaldaraq qarşıdan gələn Voleybol Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədov, Atçılıq Federasiyasının prezidenti, Konstitutisiya Məhkəməsinin hakimi İsa Nəcəfov və Yelkənli İdman Federasiyasının prezidenti, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəsirova tərəf addımladı: “Aaaaa, niyə düz demirəm bəyəm?! “525” müxalifət deyil ki?”. Bununla o digər nazirlərdən bir növ özünə dəstək istədi.
İsa Nəcəfov təmkinli şəkildə ““525” hökumət qəzetidir” dedi.
Ziya Məmmmədov isə ““525” hörmətli qəzetdir” dedi.
Aydın Bəsirov isə qəfildən ““525” hər tərəfə işləyir” söylədi.
Söz mənə pis təsir etdi. Dedim: “Aydın müəllim, ağlınız özünüzə getməsin. O, sizsiniz ki, bütün hakimiyyətlərlə işləyə-işləyə bu günə gəlmisiniz”.
O dedi: “Aaaa, bu nədi mən nazirəm eeee. Bu nə cavabdı?!”.
Dedim: “Əvvala nazir siz yox, Ziya müəllimdir. İkincisi isə mən sizin üçün gəmi adyutanti deyiləm ki, mənimlə istədiyiniz kimi danışasınız”.
Onda Ziya Məmmədov da Aydın Bəşirova dedi: “Aydın, jurnalistlərlə danışmağı da bilmirsən…” .
Bizim mübahisəmizi jurnalist həmkarlarımız da kənardan maraqla izləyirdilər.

“Bəs necə, bizdəkilər “lipa”lardı”

– 2000-ci il idi. Qəzetlər arasında futbol yarışı keçirilirdi. Növbəti belə oyun “525-ci qəzet” və “Azadlıq” qəzetinin komandaları arasında idi. Mənim futbola heç bir marağım yoxdur. Necə deyərlər, bir topun arxasına nə qədər adam düşür. Amma həmin gün deyəsən, həm həlledici, həm də qeyri-iş günü olduğu üçün baş redaktorumuz Rəşad Məcid hamıya bir nəfər kimi oyunda olmağı tapşırdı. Dedim: “Rəşad müəllim, mən heç nə anlamıram axı bu futboldan”.
O dedi: “Eybi yox, gəl. Bax gör biz nə etsək, sən də onu edərsən”.
Nə isə getdim. Kiçik stadion idi. Elə çatan kimi tribunada Rəşad müəllimin yanında oturdum. Bizim komandada tanımadığım bir nəfəri görüb, dedim: “Rəşad müəllim, o kimdi? Top ən çox onda olur”.
Rəşad müəllim də yavaşca dedi ki, “lipa”dı”.
Mən “lipa” sözünü yaxşı oyunçu kimi qəbul elədim. Çünki dediyim kimi, futbola marağım yox idi. Bir az sonra Rəşad müəllimdən ayrılıb, “Azadlıq”da işləyən rəfiqəm Zülfiyyə Əhmədlinin yanına getdim. O isə futbol həvəskarı imiş. Zülfiyyə mənə dedi: “Sizinkilər yaman yaxşı oynayırlar haaa…”.
Mən də ona cavab verdim: “Bəs nəə, bizimkilər “lipa”dılar. Baax o oyunçumuz əsl “lipa”dı”.
Zülfiyyə heç nə demədi, sakit durdu, az sonra harasa getdi.
Bir az keçmişdi ki, hay-küy düşdü, oyun dayandırıldı. Rəşad müəllimlə “Azadlıq”ın redaktoru Rövşən Hacıbəyli hakimin iştirakı ilə mübahisə edirdilər. Mübahisənin nə üstə olduğunu əvvəlcə bilmədim. Amma birdən Rəşad müəllim qayıtdı ki, “yalan məlumatdır. Elə şey yoxdur”. Rövşən Hacıbəyli isə ona cavab verdi: “Sizin İlhamə deyib axı”.
Rəşad müəllim də hirslə mənə tərəf döndü: “Sən demisən ki, bizdə “lipa”lar var?!”.
Mən də nə olduğunu anlamayaraq dedim: “Həə, “lipa” nə deməkdir ki? Mən elə bildim “lipa” yaxşı oyunçu mənasındadır”.
Rəşad müəllimdə bilmədi hirslənsin, yoxsa gülsün. Sonra dedi: “Sənin kimi futboldan anlamayan adamı məcburən bura gətirəndə belə olmalı idi”.
Səhv etmirəmsə, həmin gün oyunun nəticələri ləğv olundu.

İntiqam Valehoğlu, “Mərkəz” qəzetinin əməkdaşı

“Pahatonan, pauza da verməyib eee”

– 2008-ci ilin yay ayları idi. Mən əsgərlikdən yeni qayıtmışdım. Həmin vaxt «Olaylar»da işləyirdim. İran mövzusunun da dəbdə olan vaxtları idi. Hər gün İranla bağlı ən azı 4- 5 xəbər yazmalı olurdum. Günlərin birində redaktorumuz Elman Cəfərli İrandakı keçmiş səfir Əlyar Səfərlidən Güneydəki soydaşlarımızın durumuyla bağlı müsahibə götürməyi tapşırdı. Mənim isə həvəsim olmasa da, başqa mövzum yox idi. Elman zəng elədi, Əlyar Səfərli redaksiyaya gəldi.
Redaktor otaqdan çıxdı ki, mən müsahibə götürüm. Sual verməmiş Əlyar Səfərli başladı danışmağa. Elə mənim də həvəsim olmadığına görə, dillənmədim və düşündüm ki, danışdığının ortalarına sual düzərəm, olar müsahibə. Diktofon kasetinin bir tərəfinin dolmağına 2-3 dəqiqə qalmışdı, kasetin o biri tərəfində də yazı vardı. Əlyar müəllim isə ara vermək istəmirdi, elə danışırdı. Yavaşca diktofonun «pauza» düyməsini basıb üzü üstə çevirdim ki, kasetin fırlanmadığını görməsin. Sonra da dedim ki, «gözləyin, iki dəqiqəyə gəlirəm».
Getdim o biri otağa gördüm ki, uşaqlar «obed» eləyir, aclıq hər şeyi yadımdan çıxardı, mən də onlara qoşuldum, çay da içdim, bir az da uşaqlarla söhbətləşmişdim. Birdən yadıma düşdü ki, Əlyar müəlim otaqda tək qalıb. Gəlib, gördüm ki, Əlyar Səfərli üzünü diktofona tutub hələ də danışır:
«İran tarixən də bizimlə ədavət aparıb. Onlar heç zaman türkün əleyhinə olan ideyalarından əl çəkməyəcəklər. Sizə hətta onu deyə bilərəm ki, mən İranda səfir olanda dəfələrlə bu barədə rəsmi şəkildə iradımı bildirmişəm…».
Öz ürəyimdə dedim: “Pahatonan, diktafon pauza verib, bu kişi isə heç pauza da verməyib eee”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO