Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları “Demokratik Jurnalistlər” Liqasının sədri Yadigar Məmmədli, “Azadlıq”ın köşə yazarı Elnur Astanbəyli, müstəqil jurnalist Azər Həsrət və “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev danışır.

Yadigar Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri

“Kaş öləydin, tələblərimizə nail olardıq…”

– 1998-ci ildə redaktorlar aclıq aksiyası keçirirdi. Aksiya 10 gün davam etdi. Aksiya iştirakçıları arasında mən də vardım. Biz həkimlərin nəzarəti altında idik.
Aksiyanın gedişində vəziyyətim pisləşdiyindən həkimin məsləhəti ilə mən aclığı dayandırmalı oldum. Aclığı dayandıran digər həmkarlarıma iynə vurdular. Növbə mənə çatanda huşumu itirdim. Ancaq professor Adil Qeybulla məni yenidən həyata qaytardı. Ayılıb gözlərimi açanda başımın üstündə xeyli adam gördüm. Kənarda durub mənə baxan Rauf Arifoğlu dedi: “Kaş ayılmamaydı, ölsəydi tələblərimizə nail ola bilərdik. Bu hadisə beynəlxalq aləmdə də böyük rezonans doğura bilərdi”.

“Səfir təkid edirdi ki, mən İspaniyaya gedim”

– 90-ci illər idi. Həbsdən yenicə azad olunmuşdum. O vaxt bizim redaksiya “Turan” İnformasiya Agentliyinə yaxın yerdə yerləşirdi. Bir gün redaksiyada mənə dedilər ki, “səni İngiltərə səfirliyinə vacib iş üçün çağırırlar”. Mən bunun zarafat olduğunu zənn edib inanmadım. Səfirlikdən özümə zəng edəndən sonra inanıb getdim. O vaxt İspaniya ilə dilomatik əlaqələrimiz də İngiltərə səfirliyi vasitəsilə həyata keçirilirdi. Səfir bildirdi ki, İspaniya vətəndaşı olan bir azərbaycanlı mənə məktub yazıb. Onun soyadı Yadigarovdu. Məktubda yazılmışdı: “Bəlkə də biz qohumuq. Mən sənin həbs olunmandan çox pis olmuşam. Səni İspaniyaya dəvət edirəm”.
Məktubda uzun-uzadı ürək sözləri qeyd olunmuşdu. Mən səfirə dedim ki, “mənim soyadım yox, adım Yadigardı”.
Səfir isə təkid etdi ki, mən İspaniyaya gedim. Hətta mənim orada hər cür şəraitlə təmin ediləcəyimə söz verdi. Mən bunun boş bir şey olduğunu fikirləşdim.
Geri dönüb əhvalatı redaksiyada danışdım. Həmkarlarim məni qınadılar ki, şansı əlimdən buraxma. Sonra yenə dəfələrlə səfirlikdən mənə zəng edib dedilər ki, getmək fikrim var ya yox. Ancaq mən buna ciddi bir iş kimi baxmadım.

Elnur Astanbəyli, “Azadlıq”ın köşə yazarı

“İlyas İsmayılovla İlyas Əfəndiyevin soyadını dəyişik salmışdım”

– “Alma” qəzetində redaktor işləyirdim. Deputat İlyas İsmayılovdan açıqlama alınmışdı. Mən onu redaktə edəndə postsovet yazıçılarını kafama çox takdığıma görə deputatın soyadının bir neçə yerdə Əfəndiyev kimi yazılması nəzərimdən qaçdı.
Yazı qəzetdə çıxandan sonra işə gəlmişdim. Mənə zəng edib dedilər ki, İlyas Əfəndiyev adına fonddan narahat edirlər. Telefonda mənimlə danışan xanım dedi: “Siz İlyas Əfəndiyevi təhqir edibsiz. Onun adından qəzetdə açıqlama vermisiniz. İlyas Əfəndiyevi İlyas İsmayılovla müqayisə etmisiniz”.
Əvvəl təəccübləndim. Dedim ki, “ola bilməz”. Birdən hal-qəziyyəni bilib tez xəttin o başındakı xanıma dedim ki, “İlyas Əfəndiyevin deputatla müqayisə olunması böyük işdir. İsmayılov uzun illər respublikanın baş prakuroru olub”.
Sonra mən üzr istədim. Biz təkzib verməli olduq.

“Elnur Astanbəyli Yazıçılar Birliyi haqqında söylədiyi fikirlərdən imtina etdi…”

– Yazıçılar Birliyi ilə gənc yazarlar arasında intriqaların kəskinləşdiyi vaxtlar idi. Gündəlik qəzetlərdən birində müxbir işləyən xanım jurnalist mənə zəng edib Yazıçılar Birliyinin bizə qarşı ciddi bir ittahamına münasibətimi soruşdu. O xanım bu cür münasibəti dalbadal bir neçə gün məndən soruşdu. Mən də ümumiləşmiş cavabları hər gün təkrar edirdim. Axır bir gün bezib dedim: “Xanım mən bu münasibətləri hər dəfə sizə təkrar edirəm. Yaxşı olar ki, özünüz elə soruşmadan olduğu kimi yazın”.
Aradan bir neçə gün keçdi. Dostlardan biri mənə zəng edib, dedi: “… qəzetdə Yazıçılar Birliyi ilə bağlı münasibətini oxudum. Ancaq bir az barıtını çox etmisən. Demisən ki, Yazıçılar Birliyi “maşşennikdi””.
Mən inanmadım. Qəzetə baxdım ki, hətta materialın da adı o cür yazılıb. Xanım müxbirə zəng edib, etirazımı bildirdim. Ancaq bununla kifayətlənməyən jurnalist növbəti nömrədə belə yazdı: “Elnur Astanbəyli Yazıçılar Birliyi haqqında söylədiyi fikirləri bizə danışdı, ancaq sonra imtina etdi”.

Azər Həsrət, müstəqil jurnalist

“Məni narkotik alverçisi sanmışdılar…”

– 2002-ci ildə bir işlə bağlı Özbəkistana – Daşkəndə getmişdim. Daşkəndin mərkəzində həmkarlarımdan birini gözləyirdim. Ora-bura gəzişirdim. Bu zaman 2 nəfər polis mənə yaxınlaşdı. Özlərini mənə təqdim edib dedilər ki, onlarla getməliyəm. Mən təəccübləndim. Səbəbin soruşdum. Dedilər: “Bizə məlumat daxil olub ki, siz burada narkotik satışı ilə məşğul olursuz. Ona görə də bizimlə bölməyə getməlisiniz”.
Durduğum yerdə işə düşdüyümə mat-məətəl qaldım. Heç nə deməyib, onlarla bölməyə getdim. Başqa əlacım da yox idi. İçəri keçəndə mənə dedilər üstümü axtaracaqlar. Mən də qaydaları bilən bir adam kimi dedim: “İcazə verin üstümdə olan hər şeyi sizə göstərim”. Onlar razılaşdılar. Sonda gördülər ki, üstümdə heç bir şey yoxdur. Məni gülmək tutdu. Onlar gülməyimin səbəbini soruşanda dedim: “Vallah mən ömrümdə bir dəfə də olsun siqaret çəkməmişəm”.
Polislərdən xahiş etdim ki, məsələni mənə ətraflı desinlər. Çox təkid etdikdən sonra söylədilər ki, mən durduğum ərazidə yaşayan sakinlərdən biri bölməyə xəbər veribmiş ki, guya narkotik istifadəçisiyəm.

“Təhlükəsizlik xidməti mənə ilişdi”

– 2003-cü ildə Qazağıstana – Almaata şəhərinə işgüzar səfərim olmuşdu. Şəhərin küçəsi ilə yavaş-yavaş addımlayırdım. Birdən eşitdim ki, kimsə rus dilində məni çağırır. Arxaya dönüb baxdım ki, bir cavan oğlandı. Yaxınlaşıb bir pul kisəsini mənə uzadıb soruşdu: “Bu sizindir?”
Mən dedim: “Yox mənim pul kisəm özümdədir”.
O, pul kisəsini açıb mənə göstərdi. İçində ərəb əlifbalı pullar var idi. Təkid etdi ki, pul kisəsini guya mən salmışam. Mən dedim: “Yox, qardaş, o mənim deyil”.
Sonra o dedi: “Madam ki, sizin deyil onda mən bunu götürüb qaçıram. Ancaq çox xahiş edirəm heç kimə heç nə deməyin”. Dedim: “Vallah bunun mənə aidiyyatı yoxdu. Amma yaxşı olar ki, siz bunu polisə təqdim edəsiniz”. Ancaq o qaça-qaça getdi. Bir qədər getmişdim ki, yenə bir nəfər maşından düşüb mənə yaxınlaşıb dedi: “Sən bayaqkı adamla əlbirsən. Onu tanıyırsan?”. And-aman etdim ki, onu tanımıram. Nəysə, belə razılığa gəldik ki, birlikdə gedib, həmin adamı tapaq. Ancaq küçəni gəzsək də onu gördüm deyən olmadı. Axırda mən dedim: “Mən xaricdən gəlmişəm. O adamı da tanımıram”. O üzrxahlıq edib məndən aralandı. Fikirləşdim ki, yəqin bu təsadüfi hadisələrdi.
Amma az sonra gördüm ki, bu adam maşına oturan kimi, bayaq pul kisəsini götürüb qaçan şəxs də onun yanına əyləşdi, çıxıb getdilər. Sonradan fikirləşdim ki, yəqin məni iranlıya və ya ərəbə oxşadıblar. Çünki həmin vaxtlar orada radikal qruplar fəaliyyət göstərirdi. Beləcə təhlükəsizlik xidmətinin əcnəbilər üzərində keçirdiyi sınağın qurbanı oldum.

Niyaz Niftiyev, “Azadinforum” İnformasiya Agentliyinin baş redaktoru

Diktafon əhvalatları

– Bir gün “Azadinforum”un müxbiri Azər Nuriyevlə birgə sabiq millət vəkili Səyyad Arandan müsahibə götürmək
üçün YAP-a getmişdik. Səyyad Aranla bir az ordan-burdan danışdıqdan sonra əsas məsələyə – müsahibəyə keçdik. Azər diktafonu işə salıb Səyyad müəllimin qarşısına qoymuşdu. Bir saatdan çox söhbət etdik. Səyyad Aran ona ünvanladığımız bütün suallara həmişə olduğu kimi konkret cavablar verirdi.
Müsahibə yekunlaşdı, sağollaşıb çıxmaq istədik. Bu arada diktafonu götürüb söndürmək istədim. Baxdım ki, diktafon
işləmir. Özümü saxlaya bilmədim, Səyyad müəllimin də eşidəcəyi səslə Azərə tərəf dönüb “müsahibə yazılmayıb” dedim.
Azər heç kefini də pozmadan “nə olar Səyyad müəllim danışar, biz də təzədən yazarıq” deyib təzədən yerinə
əyləşdi.
Səyyad Aran da vəziyyətin mürəkkəbliyini görüb vaxtının olmadığını söylədi və başqa vaxt gəlməyimizi istədi.
Sonradan utandığımızdan Səyyad müəllimin yanına getmədik.

– Diktafon problemini hər bir müxbir yaşayıb, həm də dəfələrlə. Bir gün Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov Bakıya gəlmişdi. Tədbirlərin birində qarşılaşdıq və onunla geniş müsahibə götürmək arzusunda olduğumu bildirdim. Abbasəli müəllim etiraz etmədi və Xarici İşlər Nazirliyində görüşə biləcəyimizi söylədi.
Razılaşdığımız vaxt XİN-də oldum, onunla görüşüb söhbətə başlayanda diktafonsuz söhbət etmək istədiyini söylədi. Mən isə “İran-Azərbaycan münasibətlərindən danışacağıq, dəqiqlik olsun” deyib icazə ilə diktafonu çıxarıb işə saldım və masanın üzərinə qoydum. İlk sualdan sonra gözucu diktafona baxdım və işığının yavaş-yavaş gözərib söndüyünü gördüm. Diktafonun yazmadığını Abbasəli müəllimə hiss etdirmədim. Bütün söhbəti əllə yazdım, canım çıxdı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO