Media Hüquqları İnstitutu Qubada “Xəyal ” TV-nin jurnalistlərinin həbsini qanunsuz sayır

Media Hüquqları İnstitutu (MHİ) 1 mart Quba olayları ilə əlaqədar bağlı aparılan bəzi həbslərlə bağlı rəy yayıb.

Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rauf Həbibovun rayon sakinlərini təhqir etməsilə bağlı çıxışı sosial şəbəkələrdə yayıldıqdan sonra martın 1-də Qubada kütləvi etirazlar başlayıb. Bu etirazlar R.Həbibovun vəzifədən çıxarılması ilə nəticələnib. Olaylardan sonra həbslərə start verilib. Bu dalğada “Xəyal TV”nin icraçı direktoru Vüqar Qonaqov, baş redaktor Zaur Quliyev martın 13-də həbs olunub. MHİ bu həbsləri ifadə azadlığına ciddi müdaxilə sayır. Hər iki jurnalist üçün martın 17-də həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarına baxmayaraq, indiyə kimi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanması qanun pozuntusu adlandırılır. Müqavilə olsa da, V.Qonaqova vəkili ilə görüşün verilməməsi, sonra vəkildən imtinaya məcbur edilməsi ciddi qanunvericilik pozuntusu hesab edilir. Hüquq-mühafizə orqanlarının isə Quba hadisələrilə bağlı bir neçə gün öncə yaydığı bəyanatda əsas günahkarlar sırasında bələdiyyə sədri Elxan Əliyevin, jurnalistlər Vüqar Qonaqov və Zaur Quliyevin adı keçir. “Bəyanatdan bəlli olur ki, istintaq qurumları keçmiş icra başçısı R.Həbibovun çıxışını yox, onun məlum hissələrinin sosial şəbəkələrdə yayılmasını olayların baş verməsinin əsas səbəbi kimi götürüb – sənəddə qeyd edilir. MHİ hüquq-mühafizə orqanlarının bu hərəkətini KİV nümayəndələrini cəzalandırmaq istəyi hesab edir. Sənəddə deyilir ki, Quba olaylarında icra başçısının malikanəsinin yandırılması istisna olmaqla, qalan hər hansı qanun pozuntusu baş verməyib. Yayılmış video-materiallarla Quba olayları arasında birbaşa səbəbli əlaqənin olması real və ağlabatan görünmür. Son olaraq MHİ indiki halda ifadə və etiraz etmək azadlığı standatrlarının dönmədən tətbiq edilməsini əsas sayaraq ictimai məlumatları hazırlayıb yaydıqlarına görə həbs edilən şəxslərin dərhal azadlığa buraxılmasını tələb edir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO