“Media Açarı ” nın təsisçiləri iki dəyişikliyə qərar verdi

Mayın 12-də “Media açarı” mükafatının təsisçiləri – “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri Elçin Şıxlı 2010-cu il müsabiqəsi ilə bağlı yeni qərarlar verib.

“Media forum”a açıqlamasında A.Əliyev qeyd edib ki, təsisçilərin toplantısında bir neçə məsələnin müzakirəsi aparılıb: “Qərara alındı ki, bir neçə il öncə tətbiq olunmuş ekspert sorğusu variantına qayıdaq. 30 nəfər KİV rəhbəri, 30 nəfər ictimai-siyasi xadim, 30 nəfər incəsənət xadimi, 10 nəfər isə təsisçilərin müəyyənləşdirdiyi ekspertə sorğu göndəriləcək. Bununla bağlı əsasnamədə müəyyən dəyişiklik edilməlidir”.

Belə rəyə gəlinib ki, əsasnamədə başqa ciddi dəyişikliyə ehtiyac yoxdur: “Yazıların mövzusu, istiqaməti ilə bağlı heç bir dəyişiklik edilməyəcək”.

“Media açarı”nda digər dəyişikliyə görə qaliblərə pul mükafatı deyil, hədiyyələr təqdim olunacaq: “Neçənci dəfədir ki, qaliblərin kimliyi ilə deyil, mükafat fondu ilə bağlı problemlərlə qarşılaşırıq. Təəssüf ki, bunu ən sonuncu və ən şəffaf məsələ hesab edirik. Ona görə də qərara gəldik ki, mükafatlar pul şəklində deyil, hədiyyə qismində təqdim olunsun”.

Bu il müsabiqənin təsisçiləri sırasında yenilik olmayacaq. Həm A.Əliyev, həm də E.Şıxlı qərara gəlib ki, yeni təsisçinin qəbul edilməsiylə bağlı məsələ 2010-cu ilin müsabiqəsi keçirildikdən sonra baxılsın.

“Media açarı”nı 1997-ci ildə “Yeni Nəsil” Jurnalistlər Birliyi təsis edib. Ayrı-ayrı illərdə müsabiqənin nominasiyalarında dəyişiklik edilib. Ötən il mükafatlar aşağıdakı 10 nominasiya üzrə verilib:

– reportaj;

– jurnalist təhqiqatı;

– publisistika;

– foto (illüstrasiya);

– insan haqları;

– sosial;

– mədəniyyət;

– siyasət;

– iqtisadiyyat;

– idman.

Dərc olunmuş ən yaxşı materiala görə qalib seçilmiş jurnalist “Media açarı” prizi, diplom və Təsisçilər Şurasının müəyyən etdiyi məbləğdə pulla mükafatlandırılıblar.

Mükafat 22 iyul Azərbaycan Jurnalistikası Günü təqdim olunur.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO