Mart gəldi…


Nəzirməmməd Quliyev
“Mart gəldi, dərd gəldi” aforizmi Azərbaycanda özünü müstəqim mənasında göstərir. Çünki illərdir start götürən bahalaşma dalğasının hər ilin mart ayında daha yüksək zirvəyə çatacağını artıq təkcə mütəxəssislər deyil, adi vətəndaşlar da proqnozlaşdırmağa başlayıblar.
Martın “dərd ayı” kimi xarakterizə olunması ilə bu ayın bayramlar ayı olması arasında bir paradoks var. Yazın ilk ayı qorxa-qorxa gözlənilsə də, həm də arzuolunan aydır.

Bu ay təqvimə, adətən, ilin son çərşənbələrinin başlaması ilə qədəm qoyur. Sonra 8 Mart Qadınlar Bayramı (düzdür, bura məktəblərdəki “təbriklər”i əlavə edəndə vətəndaşlarımız daxilən diskomfort halına düşürlər), ilaxır çərşənbə və nəhayət, ən müqəddəs bayramımız olan Novruz bayramı. Bu ayda torpaq isinir, təbiət canlanır, insanların qanı qaynayır. Bir sözlə, mənəvi baxımdan mart ayının sevilməməsi, onun “dərd” adlandırılması üçün xalqımızın adət-ənələrində heç bir ciddi əsas yoxdur. Amma maddi tərəfinə gəlincə…
Martın ölkə vətəndaşlarına gerçəkdən dərd gətirdiyi faktdır. Bütün sərhədləri adlayan bahalaşmanın, digər sosial gərginliklərin fonunda insanlar bayram ovqatını unutmaq məcburiyyətində qalıblar. Amma bu bayram tədbirlərini bir vasitə ilə yola verməyə məhkumdurlar. O da faktdır ki, bayram günləri ərəfəsində bazar möhtəkirləri də qiymət məsələsində “fəallaşırlar”.

Ötən bayramlardan biri ilə bağlı analoji məsələyə toxunarkən eksrertlər rəy vermişdilər ki, digər ölkələrin, xüsusilə Avrora ölkələrinin təcrübəsində, əksinə, həmin ərəfələrdə bazarlarda qiymətin ucuzlaşması müşahidə olunmağa başlayır. Birincisi ona görə ki, bazar möhtəkirlərin əlində deyil, sağlam rəqabət şəklində fəaliyyət göstərir. Artıq birmənalı şəkildə bilirsiniz ki, bu variant bizdə istisna olunur. Çünki bazarlarımız monorolistlərin və xırda bazar möhtəkirlərinin əlindədir.

İkinci səbəb də elə birinci səbəbin törəməsi nəticəsində yaranıb. Belə ki, bayram tədbirlərində alınması vacib olan ərzaqlar və bayramın digər atributları başqa vaxtlarda yaxşı satılmadığından, sağlam rəqabət şəraiti olan ölkələrdə ticarətçilər qiymətləri ucuzlaşdırmaq bahasına olsa da, həmin məhsulları tez satıb qurtarmaq istəyirlər.
Bizdə isə monorolistlər, məsələn, banan meyvəsinin çürüyüb çölə atılması ilə razılaşırlar, lakin qiymətinin ucuzlaşdırılmasına imkan vermirlər. Bu misalı Novruz Bayramının atributlarına çevrilmiş fındıq, qoz, cürbəcür meyvələr, balıq məhsullarına və s. də aid etmək olar. Monorolistlər və onların möhtəkir ardıcıllarının əlində aciz qalan Azərbaycanda baş verən “bahalaşdırılmaların” ciddi inflasiya ilə üzləşəcəyini isə beynəlxalq maliyyə qurumlarının təmsilçiləri də dəfələrlə məhz ilin bu ərəfəsində bəyan ediblər. Görünür, əcnəbilər də bizim “özünü bayramlarqabağı büruzə verən xislətimizin” mahiyyətini bildiyindən inflyasiyanın qarşısını almağın məhz mart ayında mümkünsüz olacağını söyləyirlər.

Elə sonrakı proseslərə də bu aydan qaynaqlanan problemlər baxımından qiymət verirlər. Hər halda kiminçünsə bayramlar, kiminçünsə dərd ayı kimi yaddaşlarda qalacaq 2010-cu ilin mart ayının ilk həftəsini yaşamağa başlayırıq…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO