Manşet

ManşetBu yazıların başlığı çox zaman qəzetin loqosunu kölgədə qoyur. Qəzetin adını görünməz edən bu başlıqları cəlbedici xanıma bənzədənlər var – oxucu görən kimi özünü saxlaya bilmir, qəzeti almağa tələsir. Baş yazıdan, manşetdən söhbət gedir.

Manşet nədir?

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, filologiya elmləri doktoru Cahangir Məmmədli deyir ki, manşet qəzetdə prioritet mövzunun yerləşdirilməsidir: “Yəni günün ən maraqlı xəbərinin, bir az da sensasiyaya meyl edən yazının qəzetin birinci səhifəsinin lap yuxarısından açılmasıdır. Manşetin qəzet satışına ciddi təsiri var. Alıcı qəzet köşkünə yaxınlaşan kimi manşetləri görür. Jurnalistikaya təzə daxil olan termin var – lid. Lid manşetdə deyilən fikri bütöv, mahiyyəti açıqlayan bir sərlövhə ilə izah edir. Lidi görən oxucuda qəzeti almaq həvəsi yaranır. Manşetə çıxarılan material günün ən aktual materialıdır”.

Hər qəzetin bir tipoloji sistemə daxil olduğunu deyən C.Məmmədlinin sözlərinə görə, partiya, müxalifyönlü, iqtidaryönlü və müstəqil qəzet tipləri var: “Bu tipoloji sistem qəzetin manşetini də bir növ diktə edir. Deyək ki, hakimiyyətə yaxın mənbələrdən maliyyələşən qəzetlər hakim partiyaya aid xəbərləri, yaxud müxalifəti tənqid edən yazıları birinci səhifəyə çıxarır. Müxalifyönlü qəzetlər isə hakimiyyətin siyasətini tənqid edən yazıları, məmurların fəaliyyətini əks etdirən xəbərləri manşetdə verir. Bu mənada daha obyektiv manşetlər müstəqil qəzetlərdə olur. Müstəqil qəzetlər mövzuya, predmetə, hadisəyə, informasiyaya obyektiv yanaşır və hadisəyə çevriləcək, yaxud artıq hadisəyə çevrilmiş xəbəri manşet seçir”.

Professor hesab edir ki, manşetdə verilən fikir nə qədər az sözlə ifadə olunsa, nə qədər tutumlu olsa, bir o qədər gözə çarpır: “Amma bizim qəzetlərin manşetə çıxardığı fikir onun bəhs etdiyi materialda olan bütöv cümlədən ibarət olur. Buna Qərb jurnalistikasında “hedlayn” deyirlər. Yəni materialın əsas məğzi izah olunur. Bizdə manşetin məğzini ifadə eləmək ənənəsi yaranıb. Görünür, manşetdə bütöv cümlə getməsi qəzetin satışında böyük rol oynayır. Bu, bazar iqtisadiyyatı qaydalarına uyğundur, yəni qəzetləri qınamaq olmaz”.

C.Məmmədli qeyd edir ki, Qərb jurnalistikasına aid olan manşet, lid, hedlayn terminlərinin nə olduğunu bizim qəzetçilər yaxşı dərk edirlər: “Amma bazar iqtisadiyyatına uyğunlaşmaq üçün manşetdə qərəzli fikirlərin verilməsi ənənəsindən əl çəkə bilmirlər”.

Kafedra müdiri deyir ki, ilk qəzet 1656-cı ildə dərc olunsa da (Hollandiyada dərc olunan “Harlems dagblad” qəzeti – red.), manşetin nə vaxt formalaşması bəlli deyil: “Onun tarixini demək çətindir. Bu, yaradıcı iş olduğundan tarixini müəyyənləşdirmək də mümkünsüzdür. Tarixçilərin yazdığına görə, Birinci Pyotr dönəmində Rusiyada çıxan ilk qəzetin – “Vedomosti”nin manşetinə çıxarılması təklif olunan materiallar çara göstərilirmiş ki, o seçim eləsin. Pyotr da ən maraqlı yazıların üzərində yazarmış ki, bunu xalq bilməməlidir. Bəzi mənbələrə görə, “Vedomosti”nin ilk sayı 1702-ci ildə çıxıb. Bu mənada senzuranın tarixini 1702-ci ildən başlaya bilərik, amma ilk manşetin verilmə tarixi, manşet sözünün necə yaranması bəlli deyil. Azərbaycan mətbuatı üçün isə manşetin tarixi son 20 il hesablanmalıdır. Çünki sovet jurnalistikasında manşet olmayıb. Bir qayda olaraq qəzetin birinci səhifəsinə sovet ideologiyasını tərənnüm edən materiallar verilib. Bu gün manşet Azərbaycan jurnalistikasında çox irəliləyib və əhəmiyyətli yer tutur”.

C.Məmmədli deyir ki, manşetə çıxarılan material jurnalistika janrları baxımından müxtəlif ola bilər: “Bütün janrlarda ola bilər. Oxucunun marağına səbəb ola biləcək, günün aktual mövzusunu özündə tərənnüm etdirəcəksə, manşetə çıxarılacaq materialın hansı janrda verilməsinin heç bir fərqi yoxdur”.

Manşetin satışa təsiri

“Qaya” Mətbuat Yayımı Firmasının rəhbəri Xanhüseyn Əliyev qəzetlərin manşet yazıları haqda danışarkən son 10-15 ili üç mərhələyə bölür: “Lap əvvəllər ən çox alınan krossvord qəzetləri idi. Sonra elə bir dönəm gəldi ki, hansı qəzet bir məmuru söyürdü, təhqir edirdi, əl-əl axtarılırdı, hər kəs onu alırdı. İndi isə belə qəzetlərə heç baxan da yoxdur. Hazırda daha çox siyasi mövzularda və hər hansı sensasion xəbər verən qəzetlərə maraq var”.

Bununla yanaşı X.Əliyev hesab edir ki, indi daha çox qəzeti daha çox onun imicinə görə alırlar: “Manşet yazısı qəzetin satışına təsir edir, amma çox cüzi. Əvvəllər isə belə deyildi, əl yayımına çıxarılan qəzetlər yalnız başlıqların səsləndirilməsi hesabına yaxşı satılırdı”.

X.Əliyevin sözlərinə görə, əsas xəbərin sərlövhəsi kifayət qədər lakonik olmalıdır: “Az sözlə böyük məna verən manşetlər daha cəlbedici görünür. Hazırda “Yeni Müsavat” və qismən “Azadlıq” qəzeti bu ənənəni qorumağa çalışır. Onlar uğurlu manşet seçməklə digərlərindən fərqlənirlər”.

Firma rəhbəri manşet yazısına görə iki mətbu orqanın eyni sayı iki dəfə dərc etdiyini xatırlayır: “Manşet yadıma düşmür, birinci dəfə bu, “Monitor” jurnalında olmuşdu. İkinci fakt “Hesabat” jurnalı ilə bağlıdır. Jurnal Azərbaycanın ən varlı məmurlarının siyahısını manşetə çıxarmışdı. Hər iki halda oxuculardan firmaya nə qədər zəng gəldi. Sifariş çox olduğundan jurnalların həmin sayının əlavə nüsxələri buraxıldı”.

Qəzet manşeti necə seçir?

“Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov hesab edir ki, manşetin cəlbedici olması qəzetin oxunmasında, alınmasında mühüm əhəmiyyət kəsb edir: “Manşet nə qədər diqqət cəlb edən olsa, həmin gün qəzet daha çox satılır. Biz növbəti günün tirajını bir gün əvvəl satılan qəzetə görə tarazlayırıq. Əgər ictimaiyyətin maraqla qarşılayacağı manşet varsa, demək qəzet daha yaxşı satılacaq. Ona görə də tirajda artımlar edirik. Qəzetin satışında manşet əsas rollardan birini oynayır. Lakin bizim daimi müştərilərimiz var ki, onlar üçün manşetin heç bir önəmi yoxdur”.

Qəzet direktoru vurğulayır ki, manşet əsasən diqqəti cəlb etmək üçün bir yoldur və məqsəd əsas yük daşıyan informasiyanı oxucunun diqqətinə çatdırmaqdır: “Yəni xəbəri manşetə çıxarıb, əlavə olaraq şəkil vermək, vizual görüntü yaratmaq mövzunu daha maraqlı və daha cəlbedici edir. Oxucuların diqqətini daha çox sensasion məlumatlar, kriminal olaylar barədə başlıqlar cəlb edir. Xəbər ictimai-siyasi mövzu da ola bilər, iqtisadi mövzu da. Əsas odur ki, maraqlı və cəlbedici olsun”.

Manşet oxucu gözü ilə

Vəkil Aslan İsmayılov təəssüflə qeyd edir ki, bu gün qəzet cəmiyyətə deyil, cəmiyyət qəzet bazarına təsir edir, onu öz arxasınca aparır: “Fikir vermişəm ki, qəzetin manşet yazısı hər hansı əhəmiyyətli, cəmiyyəti düşündürən materialdırsa, həmin qəzeti alan, oxuyan azdır. Manşet hər hansı bir insanın əxlaqsızlığından bəhs edirsə, hansısa qadının yarıçılpaq şəkli ilə müşayiət olunursa, satışı yüksək olacaq. Cəmiyyət o manşet yazısına uyğundur”.

Vəkil qeyd edir ki, son günlər qəzetləri izləyəndə cəmiyyət üçün çox əhəmiyyətli mövzunun – pensiya yaşının artırılmasının heç bir nəşrin manşetində görməyib: “Bu gün qəzetlərin əsas yazısı televiziya ekranlarından insanlarımıza güclə sırınan verilişlərin başqa bir formasıdır. Bu, cəmiyyətin bəlasıdır, qəzetlərin yox. Hesab edirəm ki, kütləvi informasiya vasitələri tək insanların tələbinə uyğun getməməlidir. Həm də cəmiyyətin, insanların tələbini formalaşdırmalıdır. Əgər bu gün telekanallar, qəzetlər rüsvayçılığı bir sensasiyaya çevirib cəmiyyətə sırıyırlarsa, cəmiyyət də onu götürürsə, bunun özü bir bəladır. Avropa və yaxud Amerika mətbuatı oxunaqlı, yararlı xəbərləri sensasiyaya çevirməyi bacarır. Bizim mətbuatda çatışmayan budur. Mən inanmıram ki, “Vaşinqton Post” və yaxud “Nyu York Tayms” qəzetləri kiminsə boşanma xəbərini əsas yazı eləsin”.

A.İsmayılov bildirir ki, bu gün Azərbaycan mətbuatında hər hansı manşet onu qəzet almağa sövq edə bilməz: “Əksinə, qəzetin manşetində yüngül, əxlaqa zidd, kriminal xarakterli yazı görürəmsə, heç o qəzeti almıram”.

Tək manşetdə verilən əsas xəbərin xarakterinin deyil, bütünlüklə bugünkü mətbuatın 10 il əvvəllə müqayisədə xeyli dəyişdiyini deyən A.İsmayılov ötən əsrin sonlarında kütləvi informasiya vasitələrinin cəmiyyətin inkişafına, insanların maarifləndirilməsinə, problemlərin üzə çıxarılmasına daha çox xidmət etdiyini deyib: “Bu gün isə onu görmək mümkün deyil. 10-12 il bundan öncə harada mətbuatla bağlı məhkəmə prosesi olardısa, mən hökmən vəkil kimi çıxış edərdim. Çünki o dövrün mətbuatının cəmiyyət üçün faydasını görürdüm. Lakin bu gün o faydanı görmədiyim üçün heç bir məhkəmə prosesinə yaxın getmirəm”.

Vəkil son vaxtlar qəzetlərin daha çox kriminal xəbərlərə yer ayırmasından, bu kimi xəbərlərin qəzetlərin manşetinə çıxarmasından narahatlığını bildirib: “Bir də görürsən belə manşet verilir: “Bir ailənin beş üzvü avtomobil qəzasında öldü”. Vəkiləm, belə xəbərlər peşəm etibarılə mənim üçün adi hadisə deməkdir. Əgər səhər tezdən belə bir xəbəri oxuyub gün ərzində onun təsiri altından çıxa bilmirəmsə, gör sadə adamlara, yaxud əsəbləri zəif insanlara bu xəbər necə təsir etmiş olur? Hesab edirəm ki, bu kimi xəbərlərin başlıqlara çıxarılması gənc nəslin də tərbiyəsində izsiz ötüşmür. Onlar üçün insan ölümü adiləşir, insana verilən qiymət aşağı enir. Cavan insanların şüurunu pozur bu xəbərlər və bu dəhşətli olaylar onlar üçün adiləşir. Hesab edirəm ki, mətbuat yeni mərhələyə daxil olmalı, bazar arxasınca düşmək yerinə bazarı, daha doğrusu, cəmiyyəti öz arxasınca aparmalıdır”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO