Mahiyyətin meydanı daralanda…

Azərbaycan incəsənəti böhranlı günlərini yaşayır. Bunu arxada qoyduğumuz yeni il proqramları aydınca sübuta yetirdi. 8 yerli telekanalımız yeni il proqramlarını, elin sözü ilə desək, çevir-tatı vur-tatı üsulu ilə rəhmətlik sənətkarlarımız Yaşar Nuriyə, Telman Adıgözəlova, ahıl çağlarını yaşayan Səyavuş Aslana, İlham Əhmədova söykənməklə birtəhər yola verdilər. Onlar düymələri basıb canlarını qurtarırdılar. Tamaşaçı isə bezirdi. Təbii ki, gözəl aktyorlarımızın ifasında xüsusi sənətkarlıqla yaradılmış “Evləri köndələn yar”dan, “Yaşıl eynəkli adam”dan, “Bala başa bəla”dan və ya “Yarımştat”dan yox, onların karusel üsulu ilə təkrarlanmasından.

Bu təkrarçılığı seyr etdikcə adama elə gəlirdi ki, Azərbaycan incəsənəti qurtarıb! Bəs ildə dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyət və İncəsənət Universitetinin, AzTV-nin saxlanmasına yönəldilən vəsaitlər hara gedir görəsən? Əgər bu qurumlar və onların davamçısı hesab olunan digər tv-lər çağdaş zamanda həmin tipli teletamaşaları vaxtı keçmiş hesab edib yenilərini çəkməyi məqbul hesab etmirlərsə, onda gərək utanmadan bu suala cavab versinlər ki, bəs onları qramofon valına döndərib təkrar-təkrar fırlatmağa nə hacət? Yaxud SPACE TV-nin ixtisasca hətta rejissor olan rəhbəri Vaqif Mustafayev hesab edirsə ki, Əkbərlə Tahir və Cabir İmanov qardaşlarını efirə çıxarıb onlara ağızlarına gələni danışmağa imkan yaratmaqla ortaya bütün indiyə qədər çəkilib-baxılmış nümunələri rejissorcasına üstələmək bacarığını çıxara bilir, onda bu sualın izahını onun özünün elə “rejissor və telerəhbər sənətkarlığı”nın ixtiyarına buraxaq. Ancaq ölkəmizin ziyalı adlanan kəsiminin nəzərləri altında… Onsuz da bu xalq bir gün özünün min illik dəyərlərinə ləkə vuran belə kanal rəhbərlərinə və Əkbərlə Tahir, Cabir İmanov qardaşları kimilərinə öz yerini göstərəcək. Bu şübhəsizdi. O zaman yəqin ki, onlardan incəsənət nümunələri yaratmaq adı altında yeyilən məsrəflərin də aqibəti soruşulacaq…

…Ancaq problemin gerçək mahiyyəti təkcə bununlamı pərdələnir?! Əlbəttə ki yox. Fikir verin son illərin “incəsənət” adına yaradılan, səhərdan gecəyə qədər tamaşaçı kütləsinə sırıdılan müxtəlif cütlüklərin yaratdığı “obrazlar”a, bu “obraz”ların işlətdiyi nalayiq ifadələrə, onların bəsit məzmunlu nümayişinin sarayda çəkilişi zamanı şit-şit hırıltıların təkrar-təkrar göstərilməsinə və ən pisi bütün səviyyələrdə dəyərlər sistemini qorumağa vəkil edilmiş media qurumlarında süni surətdə yaradılmış “YALAQ JURNALİSTİKASI”na. Əgər yaradılmış ümumi durumun mənzərəsini gözlərinizin qarşısında canlandıra bildimsə, üzdəniraq nəticənin gerçək səbəblərini aydınlaşdıra biləcəksiniz.

Bu əsnada bizim – Azərbaycanda çağdaş, dünyəvi, başımızı ucalda biləcək media yaranması uğrunda mübarizə aparanların ən böyük günahı, deyəsən elə YALAQ JURNALİSTİKASININ əməllərinə göz yummağımız olub. “Onsuz da onları oxuyan yoxdur, yazıqdılar, qoy başlarını qatıb bir tikə çörəklərini qazansınlar” fikri ilə.

Amma indi görün nə baş verir, əziz oxucular. Yalaq jurnalistikasının aparıcı simaları milli-mənəvi dəyərlərə və xalqımızın gələcəyinə zərbə vuran bu tipli problemlərin qarşısında susmalarına və ya “görüm-baxım”la yola vermələrinə dözümlü yanaşmağımızdan “ruhlanaraq” özləri bizə “ilişməyə” başlayıblar. Təsəvvür edin ki, 20 Yanvar, Xocalı faciəsi kimi hadisələrin ildönümünə ilgili tədbirlərdən reportajları belə “görüm-baxım”la efirə, qəzetlərə, saytlara yerləşdirənlər bizim vətənpərvərlik nidalı yazılarımızı ironik tərzdə “TƏHKİYƏ XARAKTERLİ YAZILAR” adlandırmağa belə cəsarət edirlər. Kimin “kimliyi” mövqeyindən, yazılarının məzmunundan, ümumiyyətlə ətrafımızda baş verənlərə yanaşma tərzindən aydın görünür, əzizlərim. Şairə Şirin xanım Kərimbəylinin

– Getdi əlimizdən namus, qeyrət, ar,
Elin gözlərində dağdı Xocalı,
İndi yuxularda sağdı Xocalı.

Yaxud mübarizə ruhlu

Qarabağ, yarası qan sızan torpaq,
Qarabağ, yaralı hər kol, hər yarpaq,
Xalqın ölüm-dirim müqəddəratı!..
Qeyrətin, namusun son hesabatı!..

nidalı poetik yanaşmalarına dəyər vermək, onların təbliğində, gənc nəslə çatdırılmasında vasitəçi olmaq nə vaxtdan TƏHKİYYƏÇİLİK olub. Bu ki, şərəf duyulası bir addımdı…

Nə isə. Deyəsən çox uzağa getdik. Amma belə “yanaşmalar”a da münasibət bildirməliyik ki, bəlkə bundan sonra o gün keçirənlərdə də nəsə bir oyanma baş versin, Özləri daldalanıb yaşasalar da, başqalarının zəhmətinə, səmimi vətən istəklərinə kölgə salmaq istəməsinlər. Gedib restoranlarda keflərini çəksinlər. Biz yenə də onların kef çəkdiyi restoranların adlarının Azərbaycan dilində, dövlət dilində və dövlətimizin qanunlarına uyğun yazılması uğrunda mübarizə aparmağa hazırıq. Çünki biz görüntü davası aparmırıq, mahiyyət, məzmun davası aparırıq. O mahiyyət ki, itirilib, yönü dəyişdirilib, arxa plana keçirildikcə mədəniyyətimizin, incəsənətimizin sıradan çıxmaq təhlükəsi yaranıb. Allah xalqımızı, dövlətimizi sıradan çıxaracaq gündən qorusun!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO