M.Ə.Sabirin vəfatının 100-cü ildönümü münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

M.Ə.Sabirin vəfatının 100-cü ildönümü münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıbGörkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin vəfatının 100-cü ildönümü münasibətilə elan olunmuş Ümumrespublika Satira və Qəzəl Müsabiqəsinin yekunu ilə əlaqədar qaliblərin mükafatlandırılma mərasimi keçirilib. APA-nın məlumatına görə, M. Ə. Sabir adına Kitabxanada keçirilən tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əvəz Qurbanlı Sabir yaradıcılığından söz açıb və bu müsabiqənin keçirilməsinin vacibliyini vurğulayıb: “Mirzə Ələkbər Sabir tamamilə yeni bir yol açıb, yeni bir məktəb yaradıb. Bu məktəbin bu gün davamçıları yetişməlidir. Cəmiyyət varsa, onun problemləri də var və o problem həm də poeziya dili ilə deyilməlidir. Bu müsabiqəni həm qəzəlin inkişafına xidmət, həm də satiramıza dəstək olaraq həyata keçirdik. Sözsüz ki, əsas məqsədimiz böyük ustadımızı yad etməkdir”.

Ə. Qurbanlının sözlərinə görə, müsabiqəyə 70-ə yaxın material daxil olub, 10 yer üzrə qaliblər müəyyənləşib. Müsabiqədə I yeri Məmməd Məcidoğlu, II yeri Əlibəy Məmmədov, III yeri isə Vüsal Qocayev qazanıb. Eyni zamanda 7 nəfər fəxri diplomla mükafatlandırılıb. Mükafatlar təşkilatçıların şəxsi hesabına verilib. I yerin qalibinə 150, II yerin sahibinə 100 və III yerə isə 50 manat dəyərində pul mükafatı təqdim olunub.
Mayın 29-da isə təşkilatçıların qaliblərlə birgə şairin anadan olduğu Şamaxıya səfəri planlaşdırılır. Müsabiqə iştirakçıları Mirzə Ələkbər Sabirin qəbrini ziyarət edəcəklər.

Təşkilatçılar bu müsabiqənin ənənəvi olaraq keçirilməsi arzusunda olduqlarını da diqqətə çatdırıblar və qeyd ediblər ki, bununla bağlı Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinə, eləcə Azərbaycan Yazıçılar Birliyinə müraciət etməyi düşünürlər.

Mükafatlandırma mərasimində iştirak edən M.Ə. Sabirin gəlini, əməkdar müəllim, fəlsəfə doktoru Zemfira Tahirli müsabiqə təşkilatçılarına təşəkkürünü bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO