MŞ-nin Apelyasiya Qrupunun ilk iclası keçirildi

Mətbuat Şurası İdarə Heyətinin 18 fevral 2010-cu il tarixli iclasında adı Şuranın “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrinin həmin siyahıdan çıxmaları ilə əlaqədar müraciətlərinin araşdırılması üçün ayrıca “apelyasiya qrupu” yaradılıb.

Dünən qrupun ilk iclası keçirilib. Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq bildirib ki, “qara siyahı”da yer alan KİV-lərin 11-i MŞ-yə ərizə ilə müraciət edib. Qrupun üzvlərindən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin və “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın çıxışlarında qeyd olunub ki, hər hansı nəşrin “qara siyahı”dan çıxarılması üçün “Reket nəşr”lərin müəyyənləşdirilməsinə dair Təlimatın şərtləri əsas götürülməlidir. Qeyd edək ki, Təlimat aşağıdakı hallarda “qara siyahı”dan çıxarılmanı nəzərdə tutur:

– MŞ-nin müvafiq qərarının qəbulundan ötən 1 (bir) il müddətində etik prinsiplərin pozulması ilə əlaqədar barəsində MŞ-yə əsaslı şikayət və müraciətlər daxil olmadıqda;

– Azərbaycan Mətbuat Şurasının müvafiq qərarının qəbulundan sonrakı 1 (bir ) il müddətində Şuranın apardığı monitorinqlər zamanı fəaliyyətində peşə prinsiplərinin pozulmasının aşkarlanmadığı müəyyənləşdirildikdə;

– “Reket nəşr” elan olunan KİV-in MŞ-yə üzərindən “reket nəşr” adının götürülməsinə dair rəsmi müraciət ünvanlamasından, bunun üçün Təlimatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətindəki tövsiyələrə əməl etməyə razılığını bildirdikdən sonra;

– KİV-in üzərindən “reket nəşr” adının götürülməsi prosedurunun həyata keçirilməsinə məlum nəşrin redaksiya kollektivilə əmək müqaviləsi bağladığını, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etdiyini sübut edən sənədləri MŞ-yə təqdim etdikdən sonra;

– Məlum nəşrin il ərzində ən azı 12 sayı çıxdıqdan sonra. Qrup üzvləri qərara alıblar ki, tələblərə əməl olunmayacağı təqdirdə, heç bir nəşrin “qara siyahı”dan çıxarılması məsələsinə baxıla bilməz.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO