Mətbuat Şurasında “Şərqi-Rus” qəzetinin 110 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Mətbuat Şurasında (AMŞ) “Şərqi-Rus” qəzetinin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə milli mətbu irsin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı KİV rəhbərləri, BDU-nun jurnalistika fakültəsinin professor və müəllim heyəti, tələbələri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının məfkurəsini formalaşdırmaqda mühüm rol oynamış “Şərqi-Rus” qəzetinin yaranma tarixi və ölkə mətbuatının bundan əvvəlki durumu barədə qısa məlumat verib.

BDU-nun jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynov “Şərqi-Rus” qəzetinin yaranma zərurətindən, XX əsrin əvvəlində Qafqazda çıxan milli qəzet və jurnalların say və xarakterindən, ilk anadilli mətbuatımızın əhəmiyyətindən müfəssəl danışıb. Bildirilib ki, yubileyi qeyd olunan qəzetin ilk nömrəsi 1903-cü il martın 30-da çıxıb. Əvvəllər həftədə 3 dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik çıxan qəzetin təsisçisi və baş redaktoru dövrünün görkəmli ictimai-siyasi xadimi Məhəmməd Şahtaxtinski olub. Çar Rusiyasının məşhur “Vedomosti” qəzetinin Türkiyə üzrə 10 il xüsusi müxbiri işləmiş M.Şahtaxtinski Naxçıvanda mülkünü 18 min rus rubluna sataraq “Qeyrət” mətbəəsini açıb, redaksiya heyətini peşəkarlardan ibarət insanlarla formalaşdırıb və xalqının maarifləndirilməsi naminə qəzetin müntəzəm çapını təmin edib.

Sonra mövzu ətrafında çıxışlar dinlənilib, suallar cavablandırılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO