Londonda Azərbaycanla bağlı bələdçi-kitabın təqdimatı keçirilib

 Londonda Azərbaycanla bağlı bələdçi-kitabın təqdimatı keçirilibAzərbaycanın Böyük Britaniyadakı səfirliyində “Kuperard” nəşriyyatı tərəfindən nəşr olunmuş “Culture Smart Azerbaijan” bələdçi kitabçasının təqdimat mərasimi keçirilib.
Səfirlikdən Milli.Az xəbər portalına caxil olan məlumata görə, tədbirdə Londonda akkreditə olmuş səfirlər, diplomatik korpusun təmsilçiləri, “Kuperard” nəşriyyatının əməkdaşları, mətbuat nümayəndələri, səfirlik əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov nəşr olunmuş kitabçanın ölkəmizə səfər edəcək şəxslər üçün faydalı mənbə olacağını bildirib. Kitabçanın hazırlanmasında rolu olan şəxslərə öz təşəkkürünü bildirən səfir bu il Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin qeyd edildiyini, həmçinin cari ilin ölkəmizdə “Turizm ili” elan olunduğunu, bu baxımdan nəşrin hər iki əlamətdar hadisəyə layiqli töhfə olduğunu vurğulayıb. Azərbaycanın zəngin turizm potensialından söz açan səfir bu sahənin prioritet sahələr arasında olduğunu və cari il ərzində turizm infrastrukturunun inkişafı ilə bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb. O, bu kimi nəşrlərin ölkəmizin tanıdılması və təbliği işinə töhfə verəcəyinə inandığını əlavə edib.

Daha sonra “Kuperard” nəşriyyatının nümayəndəsi, kitabın redaktoru Ceffri Çesler çıxış edərək, “Culture Smart” seriyasından nəşr edilmiş kitabçaların, o cümlədən Azərbaycanla bağlı nəşr edilmiş kitabçanın əsasən ölkənin adət-ənənə və mədəniyyətini oxuculara çatdırmağa çalışdığını, bu baxımdan Britaniya ictimaiyyətinin bu kitabdan faydalanacağına ümidvar olduğunu qeyd edib. O, müsəlman Şərqində ilk demokratik respublikanın, opera və baletin məhz Azərbaycanda yaradıldığını qeyd edib, müasir Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq səviyyədə öz nüfuzunu artırdığını nəzərə çatdırıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO