Ölkə mediasının gündəmi

Azərbaycanda maraqlı bir halın fərqinə varmışam. Əslində bu fərqi çoxdan fərq etmişdim. Sadəcə fərqin fərqinə o qədər də varmırdım. Söhbət ölkə mediasının “çoxfikirliliyindən” gedir.

Deməli belə. Azərbaycan TV kanallarının efirinə diqqət kəsilənlər Somali dəniz quldurlarından tutmuş ta Quzey qütbündəki ayılara qədər hər şeydən xəbər tuta bilərlər. Hətta Suriyada, Liviyada baş verməkdə olan ən son inqilabi olaylar belə bizim “ən çevik, ən qərəzsiz” TV kanallarımız tərəfindən anbaan izlənərək dəyərli tamaşaçılara çatdırılmaqdadır. Bu növ xəbərlər istinadsız verildiyindən belə anlaşılır ki, Azərbaycanın bütün TV kanalları dünyanın bütün qaynar nöqtələrində müxbir məntəqəsinə sahibmiş. Yəni mənə elə gəlir. Elə olmasaydı yəqin ki, onlar belə çevik və ətraflı bilgilər toplayıb xalqa çatdıra bilməzdilər. Hə, bu arada, Azərbaycanda maraqlı heç bir hadisə baş vermədiyindəndir ki, TV kanallarımız ölkə gündəminə o qədər də zaman ayırmırlar. Elə düz də edirlər. Nə gərək var ki?

TV kanallarımızdan fərqli olaraq müstəqil medianı, xüsusən də qəzetləri və İnternet saytlarını izlədikdə tamam başqa Azərbaycanın olduğunun fərqinə varmamaq da mümkün deyil. Sən demə Azərbaycanda da Suriyadakı qədər olmasa da ciddi maraq kəsb edəcək olaylar baş verirmiş. Misal üçün, elə bir neçə gün öncə müxalifət təmsilçilərinin məhkəməsi sona çatıbmış. Hətta orada yalançı şahidlər də varmış. Üstəlik bu şahidlərin arasında çiyni poqonlu olanı da varmış. Çox maraqlı xəbərdir. Hələ bu harasıdır? Həmin məhkəmədə müxalifətçilər “şuluq” da salıblarmış! Necə də TV efiri üçün maraqlı xəbər olardı bu! Təsəvvür edin: bir tərəfdə müxalifətçilərin ağzından od tökülür, digər tərəfdə də onların üzünə duran növbətçi şahidlər. Üstəlik, məhkəmə binasının önündəki qələbəlik və insanların “Azadlıq” filan kimi “sərsəm” şüarlar qışqırması. TV efiri üçün çox dinamik görüntülər olardı bunlar. Di gəl bizim kanallar fərq edə bilməyiblər. Qınamalı da deyil axı. Bu yazıqların başı daha “global” məsələlərə qarışıb da. Dünyanın taleyini həll edən məsələləri qoyub üç-beş müxalifətçinin həbsinə enerji xərcləmək doğru olmaz ki, yəqin…

Yuxarıdakılar məsələnin bir az yarızarafat hissəsi idi. İndi isə keçək ciddi məsələlərə.

Şeyx Allahşükür Paşazadə İranı (ki, burası şeytan yuvasıdır – A.H.) dünyada müsəlmanların haqqını qoruyan aparıcı ölkə adlandırıbmış. Ya Şeyx, heç belə şey olarmı? Məgər bu “müsəlman haqqı qoruyan” ölkə deyilmi ki, öz işğalı altındakı 35 milyondan çox müsəlman türkün haqlarını ümumiyyətlə yox sayan? Üstəlik Azərbaycan torpaqlarını işğal altında tutan Ermənistanla cici-bacı da olan bu ölkə deyilmi?

Qəzetlər yazır ki, Azərbaycan ordusunun zabitləri bir qadını aldadaraq zorlayıb. Utandım vallahi! Poqon daşıyan şəxslər də belə şey edərmi heç? Üzrü qəbahətindən betər, hələ açıqlama da yayıblar ki, bu qadın yüngül əxlaqlı imiş! Onda lap pis! Mənim ordumun zabitinin yüngül əxlaqlı qadınla nə işi var axı?! Hanı bəs poqon şərəfi deyilən bir şey?!

Keçmiş deputat Nazim Məmmədov deyib ki, “rektorlar deputatlıqdan getməlidir”. Düz deyib. Universitetlərin özləri böyük bir idarəetmə tələb edən qurumlardır. Necə olur ki, onların rektorları həm də deputat olurlar? Bəs onda universitetləri kim idarə edir? Hə, deyəcəklər ki, başqa işçilər bu işi görür. Onda məntiqi olaraq sual çıxır: elədirsə siz deputat-rektorlara nə gərək var?

Bir də oxudum ki, Moldova Ermənistana hərbi əhəmiyyətli nəsə satıb. Azərbaycan da bundan duyuq düşüb və sonuncu ölkəni ağ yuyub qara sərir. İndi gəl bizimkilərə demə ki, sən Moldovaya sahib durmasan, o da sənin düşməninə qucaq açacaq da. Neçə illərdir deyirəm ki, Moldovaya bağlı Gagauziya üçün dövlətimiz bir işlər görsün, eşidən yoxdur. Halbuki bununla həm qan qardaşımız olan gagauzlara fayda verər, həm də Moldovada söz sahibi ola bilərdik. Di gəl dinləyən kimdir ki? İndi di gedin, Moldovanın düşmənə satdığı silahları etkisiz hala gətirmək üçün siz də bir o qədər silah-sursat alın. Satılan mallar geri qayıdan deyil ki…

Bu arada qəzetlər Azərbaycan təhsilini bədbəxt günə qoyanların ən öndə gedəni, ABU rektoru Elşad Abdullayevə geniş tribuna verməkdədirlər. Boş verin, dostlar, bu cür adamların başına nə gəlirsə, haqq olur. Qazdıqları quyuya düşənlərdir bunlar. Qoyun qalsınlar o quyuda. Millətin daha ciddi dərdləri var…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO