Litvalı jurnalist: “Qarabağın azad olunması təkcə Azərbaycanın deyil, bütün müasir dünyanın vəsifəsidir “

“Dağlıq Qarabağın azad olunması, insanlara öz evlərinə qayıtmaq imkanı verilməsi təkcə Azərbaycanın deyil, bütün müasir dünyanın vəzifəsidir”. Bu sözləri Litvada nəşr olunan “Zvezda Lazdiyay” qəzetinin redaktoru Riçardas Lapaytis Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycana səfərində əsas məqsəd Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlər haqqında sübutlar toplamaqdır. Jurnalist Respublika Prokurorluğunun nümayəndələri ilə görüşdüyünü və əlavə informasiya aldığını açıqlayıb: “Mən ədalət istəyirəm və buna nail olacağam. Arzu edirəm ki, Xocalının və bütün Qarabağın uşaqları yenidən öz torpaqlarını görə bilsinlər və Qarabağ Azərbaycana qaytarılsın”.

R. Lapaytis 1992-ci ildə Xocalı faciəsindən dərhal sonra Azərbaycana gəldiyini və fevralın 26-da törədilmiş vəhşiliklər, eləcə də Qarabağ müharibəsi haqqında materiallar topladığını söyləyib. Litvalı media mənsubu hələ 1993-cü ildə əlində ermənilər tərəfindən kimyəvi tərkibli silahlardan, ağırlıq mərkəzi dəyişdirilmiş güllələrdən istifadə edildiyinə dair məlumatlar olduğunu, lakin Litvada heç bir qəzetin bu barədə informasiya dərc etmədiyini vurğulayıb: “Yalnız bir kiçik qəzet bu materialı dərc etdi. Qəzetin çapından sonra ermənilər redaksiyaya daxil olaraq onlara və mənə hədə-qorxu gəldilər”.

R. Lapaytislə birlikdə Azərbaycana gəlmiş Litva Seyminin İqtisadiyyat komissiyası sədrinin müşaviri İmantas Melyanas isə qeyd edib ki, ədalətin bərpası və işğal olunmuş torpaqların qaytarılması üçün sadəcə erməni təbliğatını yarmaq və insanlara həqiqətləri çatdırmaq lazımdır: “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Lakin informasiya çox vacibdir. Bu gün əsas olan güllə yox, sözdür. Bu sözü düzgün çatdırmaq lazımdır”.

BAKI. 01.03.2010. APA.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO