Əli Həsənov: “Avropada media sahəsindəki müsbət təcrübəni Azərbaycanda tətbiq etmək əzmindəyik”

Strasburqda yerləşən Avropa Gənclər Mərkəzində Avropa Şurasının təşkilatçılığı ilə “Cənubi Qafqaz ölkələrinin media qurumlarına dəstək” mövzusunda iki günlük seminar başlayıb. APA-nın Avropa bürosunun xəbərinə görə, seminarın ilk hissəsi ümumilikdə Cənubi Qafqaz ölkələrində medianın problemlərinə həsr olunub. Azərbaycanda mətbuatın vəziyyəti haqqında ilk olaraq Mətbuat Şurasının sədri Əflatun Amaşov danışıb. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında həm Azərbaycanda, həm də bölgədə media ilə bağlı əsas məsələlərə toxunub. Ə. Həsənov hər üç ölkədə media sahəsində vəziyyətin təxminən oxşarlığından bəhs edərək bu sahədə nailiyyətlərlə yanaşı, Avropa standartlara uyğun gəlməyən məqamların da hələ çox olduğunu söyləyib.

Seminarla bağlı APA-ya açıqlama verən Ə. Həsənov qeyd edib ki, toplantıda məqsəd Avropa Şurasına qəbul edildikdən sonrakı müddətdə Cənubi Qafqaz ölkələrində media sahəsində görulən işlərin dəyərləndirilməsidir: “Bilirsiniz ki, Avropa Şurasına qəbul olunarkən hər 3 respublika KİV-in fəaliyyəti ilə bağlı bəzi öhdəliklər götürmüşdü. Bugünkü konfransda məqsəd bu öhdəliklərin nə dərəcədə yerinə yetirilib-yetirilmədiyini dəyərləndirmək və öhdəliklərin yerinə yetirilməsindən sonra hansı problemlərin ortaya cıxdığını öyrənməkdir. Bu problemləri öyrənməklə Avropa Şurası qarşıdan gələn 3 ildə Cənubi Qafqazda özünün media siyasətini hansı istiqamətdə yürüdəcəyini müəyyənləşdirmək istəyir. Konkret Azərbaycanla bağlı biz təklif edəcəyik ki, diffamasiya haqqında qanuna hazırlıq məqsədilə cəmiyyətdə bütün tərəflərlə iş aparılsın. Birinci tərəf bilirsiniz ki, jurnalistikanın özüdür. Jurnalistikanın professionallaşdırılması istiqamətində mühüm işlər görülməlidir. Jurnalistlər professionallaşmasa, onların peşəkarlığı yüksəlməsə, biz diffamasiya haqqında qanunu qəbul edə bilməyəcəyik. Çünki diffamasiya haqqında qanun yalnız məsuliyyətli və peşəkar jurnalisti cinayət məsuliyyətindən azad edə bilər. İkinci məsələ cəmiyyətdir. Biz cəmiyyəti də hazırlamalıyıq ki, jurnalistlərlə bir az hövsələli olsunlar, onların yazdıqlarına dözümlülük nümayiş etdirsinlər. Yəni hər şeyə görə jurnalisti məhkəməyə verməsinlər. Üçüncü tərəf nəhayət, dövlət rəsmləri, dövlət qurumlarıdır. Onlar da jurnalistlərin məsuliyyətdən azad edildiyi şəraitdə media ilə işləməyi öyrənməli və bunu bacarmalıdırlar. Bu 3 sahə üzrə biz öz təkliflərimizi verəcəyik ki, gələcək 3 illik strategiyada Azərbaycanda jurnalistlərin peşəkarlığı, cəmiyyətin hazırlanması və mətbuat xidmətləri ilə iş sahəsində tədbirlər planlaşdırılaraq həyata keçirilsin”.

Ə. Həsənov Avropa Şurasının bütün üzv ölkələrdə qanunvericilik fəaliyyətini universallaşdırdığını, standartlaşdırdığını vurğulayıb: “Azərbaycan təbii ki, AŞ-nin dəyərlərini qəbul edib və öz istəyi ilə quruma qəbul olunub. Buna görə də Avropa ölkələrində mövcud olan müsbət təcrübəni biz də Azərbaycanda tətbiq etmək əzmindəyik”.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO