İlhamə Qasımlının media gülməcələri…

Jurnalistika sahəsində çalışan qələm sahibləri iş prosesində aradabir kuryoz hadisələrlə də üzləşirlər. Modern.az saytı bizim jurnalistikada baş vermiş bəzi gülməli hadisələri elə jurnalistlərin öz dili ilə oxucuların diqqətinə çatdırmaqda davam edir. “525-ci qəzet”in hazırda Türkiyədə yaşayan əməkdaşı İlhamə Qasımlının qələmə aldığı bu hadisələrin hamısı olmuş əhvalatlardır. Ötən dəfə onun başına gələn bəzi gülməli hadisələri diqqətinizə çatdırmlışdıq. Gəlin yenə İlhamə Qasımlımı dinləyək.
Beləliklə…

– Dubay əmiri Bakıya gəlmişdi. Baxdım ki, onun səfər proqramında Fəxri və Şəhidlər xiyabanını ziyarət etmək yoxdur. Zəng elədim Prezident Aparatının protokol söbəsinə. Dəstəyi götürən şəxs sualıma doğru-dürüst cavab vermədi.
Bir qədər keşmişdi ki, Prezidentin mətbuat xidmətindən mənə zəng elədilər. Zəng edən şəxs (bildim kimdir-İ.Q.) hirsli-hirsli dedi ki, “sənin nə ixtiyarın var protokol söbəsinə zəng eləyəsən. Nəyinə lazımdı Dubay əmiri hara gedəcək, hara getməyəcək. Bu jurnalistlər də nə danışdıqlarını, nə soruşduqlarını bilmirlər. Bir də görürsən soruşurlar ki, “nə yemisən?””.
Dedim “baxır kimdən soruşuruq, şəxsən sizin nə yediyiniz kiminçünsə maraqlı deyil. Amma elə adam var ki, onun hər dəqiqəsi ictimaiyyətçün maraqlı ola bilər”.
Dedi “sən bir də belə suallarla muraciət eləsən, Prezident Aparatına akkreditasiyanı ləğv edəcəm. Sənin nəyinə lazımdır axı kim Fəxri xiyabana niyə getməyib”.

Hirsləndim, dedim ərəb əmiri kimdir ki, mənim ümummilli liderimin məzarını ziyarət eləmir..?

Zəng edən şəxs bu sözümdən sonra qorxdu. Dedi “yaxşı gözlə, bir azdan zəng edəcəm”.

O məni şantaj eləmək istədi, mən ondan zirəng tərpəndim.

***

– Bir dəfə İranın Azərbaycandakı səfirliyinə getmişdim. Jurnalistlər bilirlər ki. Bu səfirlikdə xanımların başını bağlamaq məcburidir. Səfirliyin mətbuat xidmətinin rəhbərilə görüşürdüm. Çay gətirdilər. Çay dəsti üstündə açıq-saçıq qız şəkilləri olan fincan idi. Dedim “ağa qadınları başını bağlamağa məcbur edirsiniz ki, naməhrəmsiniz. Bəs bu fincanlar nədi belə?”.
Səfirliyin mətbuat xidmətinin rəhbəri pərt oldu. Sonra dedi “qurdumuzu öldürürük”.

***

ANSpress Nəşriyyat Evinin “Hesabat” jurnalında işləyirdim. Orada yeməyi ANS-in yeməkxanasında yeyirdik. Bir dəfə bərabər dovğa yediyimiz iş yoldaşımızın qabından qurd çıxdı. Jurnalist qız qalxıb getmək istəyəndə, dedim “dayan qoy aşpaza iradımızı bildirək”.
Aşpaz da əslən Şəkidən olan Zərifə xalaydı. Çağırdım, dedim “Zərifə xala, bu nədi belə, dovğanın içindən yekə qurd çıxdı. Belə xörəkmi bişirilir?”.
Zərifə xala da təəccüblə bir mənə, bir de yeməyə baxib “axı o qədər qaynamaqla qurd əriməliydi, nətəhər olub ki, bu şoğərin bütöv qalıb” deyə cavab verdi.
Bilmədim gülüm, yoxsa hirslənim.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO