İlham Əliyev «Jurnalistlərin dostu» seçildi

2010-cu il dekabrın 1-dən 20-ə kimi «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə «Jurnalistlərin dostu» mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib.

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən Modern.az saytına verilən məlumata görə, sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Mükafatın əsasnaməsinə uyğun olaraq gündəlik qəzetlərə, televiziya kanallarına və informasiya agentliklərinə 2, digər KİV-lərə və jurnalist təşkilatlarına 1 anket vərəqi təqdim olunub.
Respondentlərdən «2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?» sualını cavablandırmaq xahiş olunub.

Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi «Jurnalistlərin dostu» mükafatına ən layiqli namizəd hesab ediblər.

Sorğunun nəticələrinə görə, «Azercell Telekom» MMC-nin prezidenti Ali Ağan 6 faiz səslə ikinci, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə 5 faiz səslə üçüncü yeri tutublar.
Respondentlərin adlarını anketlərə daxil etdikləri digər şəxslər ümumi səslərin 8 faizini qazanıblar.

Mükafatın əsasnaməsinə görə, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan şəxslər mükafatın laureatı ola bilərlər.

«RUH» AJMK-nın «Jurnalistlərin dostu» mükafatının təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrini stimullaşdırmaqdır.

1997-ci ildə təsis edilən mükafatın 4 laueratı olub. «Jurnalistlərin dostu» 1998- ci ildə Nazim İmanov, sonrakı illərdə İsa Qəmbər, Əli Kərimli və Heydər Əliyev olub. Sorğu 2002-ci ildən dayandırılmışdı.
Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO