KİVDF Seçki İnformasiya Mərkəzinin yaradılması ilə bağlı müsabiqə elan etdi

KİVDF Seçki İnformasiya Mərkəzinin yaradılması ilə bağlı müsabiqə elan etdiKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Seçki İnformasiya Mərkəzinin yaradılması ilə bağlı müsabiqə elan edib.

“Media forum” saytının məlumatına görə, müsabiqə elanında bildirilir ki, bu il noyabrın 7-də Milli Məclisə növbəti seçki keçiriləcək: “Ölkə vətəndaşları, siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə yanaşı, xarici dövlətlər və beynəlxalq qurumlar da parlament seçkilərinə böyük diqqət və maraq göstərir. Artıq müxtəlif beynəlxalq təşkilatlar seçki prosesini müşahidə etmək niyyətində olduqlarını bəyan ediblər. Seçki kampaniyası dövründə, xüsusilə səsvermə ərəfəsində Azərbaycana xarici müşahidəçilərlə yanaşı, çoxlu sayda jurnalistlərin də gələcəyi gözlənilir. Onları xarici dillərdə operativ məlumatlarla təmin etmək üçün xüsusi bir informasiya mərkəzinin formalaşdırılmasına ehtiyac var.

İnformasiya mərkəzi seçki kampaniyası dövründə Azərbaycana səfər edən xarici jurnalistləri informasiya ilə təmin etmək, onlar üçün mətbuat konfransları keçirmək, müxtəlif dillərdə press-relizlər tərtib etmək, seçkinin gedişi ilə bağlı operativ məlumatlar və analitik materiallar hazırlayaraq xarici KİV-lərə çatdırmaq və s. istiqamətlərdə fəaliyyət göstərməlidir”.

Müsabiqəyə layihə təqdim edə bilərlər:

– son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər;

– müvafiq qaydada dövlət orqanlarında qeydiyyatdan keçmiş, lisenziyası olan, müntəzəm xəbər istehsalı və satışını həyata keçirən informasiya agentlikləri və elektron informasiya vasitələri;

– dövlət qeydiyyatından keçmiş, söz və məlumat azadlığı, KİV-lərin inkişaf etdirilməsi, jurnalist fəaliyyətinin təkmilləşdirilməsi sahəsində azı 1 illik təcrübəsi olan, layihələr icra etmiş jurnalist təşkilatları;

– fərdi jurnalistlər və mətbuatla bağlı digər fiziki şəxslər.

Bu KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:

– Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;

– barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan;

– əsasən reklam və erotik xarakterli materiallar dərc edən;

– xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayan;

– təsisçisi dini qurumlar və dini icmalar olan;

– təsisçisi siyasi partiyalar və ya siyasi partiyaların funksionerləri olan;

– təsisçisi dövlət orqanları olan;

– xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olan.

KİV-lərin və jurnalist təşkilatlarının layihələrinə qiymət verilərkən bu meyarlar əsas götürülür:

– layihənin məqsədinin aydınlığı və konkretliyi;

– layihənin fəaliyyət planının inandırıcı olması;

– layihənin büdcəsinin reallığı;

– ərizə formasının, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu;

– layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi və ya jurnalist təşkilatında xarici dilləri mükəmməl bilən, həmin dillərdə məlumat və analitik material hazırlamağı bacaran əməkdaşların olması;

– layihə təqdim etmiş fiziki şəxsin azı bir xarici dili mükəmməl bilməsi;

– layihə təqdim etmiş qəzet, informasiya agentliyi, elektron informasiya vasitəsi, jurnalist təşkilatı və ya fiziki şəxsin xarici KİV-lərlə iş təcrübəsinə malik olması;

– layihə təqdim etmiş qəzet, informasiya agentliyi, jurnalist təşkilatı və ya fiziki şəxsin Bakı şəhərində normal iş şəraitinə malik ofisinin olması.

Layihənin icra müddəti oktyabrın 11-dən noyabrın 10-nə qədərdir. Layihə üçün maksimum məbləğ 15.000 manat müəyyən edilib.

Ərizələr sentyabrın 29-dan oktyabrın 9-dək fondun ofisində qəbul olunur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO