KİV-in inkişafına dövlət dəstəyi fondunun müsabiqə çərtlərində nə dəyişib?

KİV-in inkişafına dövlət dəstəyi fondunun müsabiqə çərtlərində nə dəyişib?Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il üçün nəşrlər və jurnalist təşkilatları layihələrinin maliyyələşdirilməsiylə bağlı müsabiqəsinin şərtləri 2009-cu il müsabiqəsinin şərtlərindən xeyli fərqlənir. 2009-cu il müsabiqəsi 12 istiqamət üzrə elan edilmiş, hər bir istiqamət isə ən azı 3, ən çoxu 8 mövzuya bölünmüşdü.

“Media forum” saytı xəbər verir ki, bu il müsabiqədə yalnız 6 istiqamət qeyd olunub və istiqamətlər üzrə heç bir mövzu müəyyənləşdirilməyib. Dəyişikliklərdən biri də odur ki, əgər 2009-cu ildə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi” ayrı, “insan hüquq və azadlıqlarının müdafiəsi” ayrı istiqamətlər olaraq elan edilmişdisə, 2010-cu ilin müsabiqəsində hər iki istiqamət bu ad altında birləşdirilib: “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi”.

2010-cu il müsabiqəsinin şərtlərinə görə, keçən ilki müsabiqənin 10-cu və 11-ci istiqamətləri birləşdirilib (KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması) və “dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi” əlavə edilib.

Builki müsabiqənin şərtlərində “ictimai maraqların və dövlət maraqlarının müdafiəsi”, “qaçqınların və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması”, “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” və “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” və “digər sahələr” (bura KİV-lərin və jurnalistlərin mükafatlandırılması, jurnalistlərin beynəlxalq tədbirlərdə iştirakına dəstək, KİV-lərin irəli sürdüyü ictimai əhəmiyyətli ideya və təşəbbüslərin davamlı olaraq dəstəklənməsi, KİV-lərə metodiki, konsultativ və texniki yardımlar göstərilməsi, konfrans, seminar və digər zəruri tədbirlərin dəstəklənməsi, konsepsiya müddəalarından irəli gələn digər fəaliyyətlərin dəstəklənməsi və sair daxil idi) istiqamətləri yoxdur.

Müsabiqədə iştirak edə biləcək qurumların qarşısında qoyulan şərtlərə gəlincə, burada da xeyli dəyişiklik olub. 2009-cu ildə elan edilən müsabiqə qaydalarında qeyd olunmuşdu ki, müsabiqə elan olunan günədək son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1000 nüsxədən az olmayan qəzetlər, müntəzəm nəşr olunan, dövriliyi ayda 1 dəfədən və tirajı 500 nüsxədən az olmayan jurnallar müsabiqəyə qatıla bilər.

İndiki şərtlərə görə, son bir ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə bir dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və abunə yolu ilə yayılan qəzetlər, son bir ildə müntəzəm olaraq ayda 1 dəfə nəşr olunan, tirajı 500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 300 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan jurnallar müsabiqəyə qatıla bilərlər.

Müsabiqəyə qatılacaq KİV-lərdən tələb olunan əlavə sənədlər siyahısına da daha biri əlavə olunub: mətbuat orqanının son 6 ayda satış və abunə yayımı haqda yayım orqanlarından sənəd.

2009-cu ildən fərqli olaraq 2010-cu il üçün elan edilən ilk müsabiqənin şərtlərində hər layihə üçün maksimum məbləğ 20 min manatdan 15 min manata endirilib.

Fərdi jurnalist yazıları ilə bağlı 2009-cu ildə elan olunan istiqamətlər çoxluğu ilə fərqlənirdi. Belə ki, ictimai maraqların müdafiəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, jurnalist peşəkarlığı, müasir jurnalistika texnologiyalarının tətbiqi, materialların dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma kimi meyarlar qiymətləndirilmişdi.

2010-cu ildə fərdi jurnalist yazıları üçün elan edilən müsabiqənin cəmi 7 istiqaməti müəyyənləşdirilib. Cüzi mövzular ötən ildəki müsabiqənin təkrarı olaraq qalır. Misal üçün, “söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı soyqırım siyasəti haqqında həqiqətlər” və “Azərbaycan regionları dünən və bu gün: dövlət proqramlarının həyata keçirilməsinin praktiki nəticələri” istiqamətləri keçən il KİV və jurnalist təşkilatları üçün elan edilən müsabiqənin istiqamətləri idi.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO