KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqə başa çatır

Fevralın 26-da Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibəti ilə keçirdiyi jurnalist yazıları və KİV-lərin, eləcə də jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsiylə bağlı müsabiqələrinin müddəti başa çatır.

“Media forum”a açıqlamasında fondun icraçı direktoru Vüqar Səfərli deyib ki, müsabiqə şərtlərinə görə, sənədlərin və jurnalist yazılarının qəbulu iş günləri ərzində həyata keçirilir: “Fevralın 27-si və 28-i şənbə-bazara düşdüyündən fevralın 26-sı sənədlərin və jurnalist yazılarının qəbulunda son tarixdir.

Fevralın 25-nə qədər 20-dək jurnalist yazısı, 30-a qədər layihə təqdim olunub. Bundan sonrakı mərhələ ekspert qiymətləndirməsidir. Çalışacağıq ki, ekspertlər bir həftə ərzində rəy versinlər. Çünki martın 17-də təqdimetmə mərasimidir. Martın 15-i, yaxud 16-sı qaliblərin adları elan olunacaq”.

V.Səfərli xatırladıb ki, müsabiqə şərtlərinə görə, fərdi jurnalist müsabiqəsinin qalibi növbəti müsabiqəyə qatıla bilməz: “Amma əvvəlki müsabiqədə iştirak edən, lakin qalib olmayan yenidən iştirakçı olması mümkündür”.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. 2010-cu il üçün fonda 2 milyon manat pul ayrılıb. Qurum bu il ərzində daha 2 müsabiqə elan etməyi nəzərdə tutur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO