KİV-in inkişafına dövlət dəstəyi fondu yeni il şənliyi təşkil edəcək

Jurnalistlər üçün keçirilən fərdi müsabiqənin qalibləri geniş tədbirdə elan ediləcək. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına bildirib ki, həmin tədbir həm də yeni il şənliyi olacaq. Bu tədbirlə jurnalistlər həm yeni ili qeyd edəcəklər, həm də fondun il ərzində keçirdiyi son müsabiqənin qaliblərinin kimliyini biləcəklər.

Fond sədri deyir ki, tədbirin keçirilməsi üçün heç bir problem yoxdur: “Təşkilatı məsələlər zamanında həll olunacaq”.

Jurnalistlər üçün fərdi müsabiqə noyabrın 5-dən elan olunsa da, indiyə qədər müsabiqəyə yazı verən olmayıb: “Amma şifahi müraciət edənlər, zəng edənlər var. Şərtlərlə maraqlanırlar. Biz planlaşdırırıq ki, AzTV-də və İTV-də müsabiqə ilə bağlı ətraflı məlumat verək”.

V.Səfərlinin sözlərinə görə, televiziyada məlumat yaymaq müsabiqəyə qatılmaq istəyənlərə yardım göstərmək ehtiyacından yaranıb: “AzTV-də “Günün nəbzi”i, İTV-də isə “Media haqqında hər şey” verilişlərində fondun nümayənədləri müsabiqə haqda məlumat verəcək, onun şərtlərindən geniş danışacaqlar. Hesab edirik ki, bizim jurnalistlərə əlavə məlumat çatdırmaq lazımdır. Ola bilər ki, kimsə öz yazısını dərc etməkdə çətinlik çəkir, bizə müraciət etsin və bizim müstəqil qəzetlərdən hansınasa müraciətimiz sayəsində həmin yazı dərc olunsun”.

Müsabiqədə iştirak etmək istəyən jurnalistlər hazırladıqları yazıları fonda təqdim etməlidirlər. Müsabiqənin mövzuları “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası”nda əksini tapmış prioritet sahələrə uyğun olmalıdır.

Təqdim olunmuş yazılar 5 meyar əsasında qiymətləndiriləcək və sonda hər mövzu üzrə 2 qalib müəyyənləşəcək. Hər qalibə 1000 manat məbləğində pul mükafatı veriləcək. Qaliblər fondun xüsusi diplomu ilə təltif olunacaqlar. Yazılar və sənədlər dekabrın 5-dək fonda verilə bilər. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), A4 formatda çap (3 nüsxə) və elektron (Times New Roman şriftində, diskdə) variantları fonda təqdim olunmalıdır. Təqdim olunan yazılar və sənədlər geri qaytarılmır.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO