KİV Fondu martın 17-də “Sarı gəlin ” restoranında bütün jurnalistlərin gözlədiyi geniş tədbir keçirəcək

KİV Fondu martın 17-də "Sarı gəlin" restoranında bütün jurnalistlərin gözlədiyi geniş tədbir keçirəcəkKİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi müsabiqələrin nəticələri gələn həftə açıqlanacaq.

Fevralın 26-da elan olunmuş müsabiqələr jurnalist yazıları və KİV-lərin, eləcə də jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsilə bağlıdır.

Fondun icraçı direktoru Vüqar Səfərli “Media forum” saytına deyib ki, artıq ekspertlər jurnalist yazılarını və layihələri dəyərləndirib, öz ballarını yazıblar: “Hazırda balların toplanması və ən çox bal yığanların müəyyənləşdirilməsi prosesi gedir”.

İcraçı direktorun verdiyi məlumata görə, təqdimetmə mərasimi martın 17-də “Sarı gəlin” restoranında keçiriləcək: “Həmin gün həm də jurnalistlərlə birgə Novruz bayramı şənliyi keçiriləcək”.

2010-cu ilin ilk müsabiqəsinə 49 jurnalist yazısı, 47 layihə təqdim olunub. V.Səfərli 15 jurnalist yazısının, 30 layihənin qalib elan olunmasının nəzərdə tutulduğunu bildirib: “Layihələrlə bağlı vəziyyət bir qədər fərqlidir. Ola bilər ki, 30 deyil, daha az layihə maliyyələşdirilsin. Çünki elə istiqamət var ki, ora cəmi 3 layihə təqdim olunub. Halbuki, ən azı, 5 layihə təqdim edilməli idi. Misal üçün, İKT ilə bağlı istiqamət üzrə cəmi 3 layihə daxil olub”.

V.Səfərli KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi istiqaməti üzrə daha çox layihənin təqdim olunduğunu vurğulayıb: “Bu istiqamət üzrə 14 layihə verilib”.

İcraçı direktor onu da qeyd edib ki, ekspertlər jurnalist yazılarına yüksək qiymətlər verib: “Bu onu göstərir ki, yazılarda peşəkarlıq yüksəkdir, yaxşı yazılardır. Qısa müddət ərzində çox yazının müsabiqəyə verilməsi qələm sahiblərinin həvəsli olduğunu da göstərir. 15 yerlə müqayisədə 49 yazının təqdim olunması normaldır. 2010-cu ilin ikinci müsabiqəsi Azərbaycan jurnalistikasının 135 illiyinə həsr olunacaq və çalışacam ki, elanı bir qədər tez verək.

Ola bilər ki, bu dəfə 15 deyil, 30 jurnalist qalib elan edilsin. Bildiyiniz kimi, fərdi jurnalist müsabiqəsi elə formalaşdırılıb ki, ayrılan vəsait birbaşa jurnalistə çatdırılır, ondan bəhrələnir”.

Bununla yanaşı, V.Səfərli iradını da çatdırıb: “Jurnalistlərimiz çox tənbəldirlər. Adi VÖEN almaq nədir ki, bundan şikayətlənir, şərtlər çətindir deyirlər. Yaxud müsabiqə elan edilir, yazılarını, layihələrini vaxtında təqdim etmir, müsabiqənin ən sonununcu günündə gətirib verirlər. Hətta elələri olub ki, sənədlərin qəbulu vaxtı bitdikdən sonra mənə xahiş-minnət edir. Mən həmin yazını götürüb neyləyim? Axı yazılar, layihələr kodlaşdırılaraq ekspertlərə təqdim edilib. Bundan da inciyirlər… Qayda-qanun qoyulubsa, buna əməl etmək lazımdır”.

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildən fəaliyyət göstərir. 2010-cu il üçün fonda 2 milyon manat pul ayrılıb. Qurum bu il daha iki müsabiqə elan etməyi nəzərdə tutur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO