KİV-ə dəstək yenilikləri müsbət əks-səda doğurdu

Mətbuat Şurasının sədri Əflatun Amaşovun açıqlamasına görə, Azərbaycanda KİV-in fəaliyyətinin stimullaşdırılması və dəstək göstərilməsi məqsədilə bu ilin sonuna qədər radikal addımlar atılacaq. Şura sədrinin sözlərinə görə, bu dəyişikliklərə mətbuatın vergilərdən azad edilməsi, reklam bazarının formalaşdırılması, gəlir vergisi dərəcəsinin aşağı salınması və s. daxildir:

“Bu sahədə işləri ilin sonuna qədər yekunlaşdırmaq niyyətindəyik. Ümid edirəm ki, bu sahədə radikal dəyişikliklər olacaq”. Mətbuat Şurasının sədri jurnalistika fakültəsinə qəbulda gələn ildən qabiliyyət imtahanlarının tətbiqinin planlaşdırıldığını da vurğulayıb.

Ə.Amaşov artıq dövlət başçısının tapşırığı əsasında jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrıldığını, yaxın vaxtlarda binanın tikintisinə başlanacağını da qeyd edib. Bildiyimiz kimi, son zamanlar dövlət səviyyəsində mətbuata yönəlik qayğılar artım istiqamətində gedir. Mətbuat Günü münasibətilə aparıcı qəzet və agentliklərə öz daxili problemlərinin bir hissəsini həll etmək üçün müəyyən məbləğ pul vəsaiti ayrıldı. Bundan başqa, jurnalistlərin mənzillə təmin olunması üçün 5 milyon manat pul da ayrılıb ki, hazırda bu istiqamətdə iş gedir. Mətbuatın inkişafında, söz yox ki, reklam bazarı mühüm rola malikdir. Bu mənada reklamla bağlı atılması gözlənilən addım olduqca vacibdir. Mətbuatın vergilərdən azad edilməsi də onların vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. Görəsən, mətbuat sahəsində çalışanların mətbuatın vergilərdən azad edilməsi, reklam bazarının formalaşdırılması kimi məsələlərdə dəyişikliklər edilməsinə münasibəti necədir?

Yeniliklər ekspert Zeynal Məmmədlinin ürəyincə olsa da, məsələ ətrafında bir sıra qaranlıq məqamların qaldığı qənaətindədir: “Yeniliklər ürəyimcədir. Onlar medianın yükünü azaldır. Amma mediada prinsipial bir məqam var. Onun azadlığı, özünü ifadə üçün gerçəkdən ortada nə dərəcədə irəliləyiş və cəhdlər var. �urnalistika bir institut kimi cəmiyyətdəki digər bu tip qurumların tərkib hissəsidir. Azərbaycanda xeyli monopoliya var. Onlar aradan qaldırılmadan medianın inkişafı istiqamətində atılan addımlar elə də ciddi effekt verməyəcək. Məsələ ilə bağlı geniş müzakirələr keçirilməlidir ki, dəyişikliklərin sözün həqiqi mənasında ölkədə söz və mətbuat azadlığının genişlənməsinə xidmət edəcəyi prinsipi öz həllini tapsın. Monopoliyanın qarşısı alınmadan reklam bazarının necə yaranacağı sual altındadır. Bu məsələ qaranlıq qalır”.

“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz sözügedən yenilikləri prezidentin Mətbuat Günü dövlət qayğısından danışdığı hadisələrdən biri və onun məntiqi davamı adlandırdı: “Prezident Mətbuat Şurasının binasının açılışında belə fikirlər səsləndirmişdi. Görünür bu iş dərhal da fəaliyyətə keçib. Fikirləşirəm ki, mətbuatın vəziyyətinin yaxşılaşdırılması üçün məhz belə addımlar atılmalıdır. Bunu yalnız alqışlamaq lazımdır. Təbii ki, atılması gözlənilən bu addımlar reket mətbuatına və ya ildə bir dəfə çıxan qəzet və jurnallara şamil edilməyəcək. O, yalnız gündəmdə olan informasiya agentlikləri və qəzetlərə şamil ediləcək ki, onlar özlərini ayağa qaldıra və ciddi fəaliyyət göstərə bilsin”.

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu da sözügedən dəyişikliklərin nəzərdə tutulmasının əhəmiyyətli olduğunu bildirdi: “Bu dəyişikliklər çap KİV-i üçün olduqca vacibdir. Bildiyimiz kimi, hazırda qəzetlər elə də böyük imkanlara sahib deyil, az qazanc əldə edir.

Buna baxmayaraq, onun bir hissəsi həm də vergilərə gedir. Vergilərdən azad olmaqla media heç olmasa özünün vəziyyətini bir qədər yüngülləşdirə bilər. Burada ən vacibi isə reklam bazarının formalaşmasıdır ki, qəzetlər özləri-özlərini saxlaya bilsin. Ümid edirəm ki, nəzərdə tutulan dəyişikliklər reallaşacaq və bununla da yaxın gələcəkdə mətbuat mövcud problemlərdən yaxa qurtaracaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO