KİV DF-nin yeni müsabiqəyə də tolerantlıq mövzusunu daxil etməsi geniş rezonans doğurdu

Azərbaycan tolerant ölkə olaraq seçilir. Bu, ölkənin bütün sahələrində özünü göstərir və hər keçən gün yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondu növbəti dəfə fərdi yazı müsabiqəsi elan edib. Müsabiqədə 18 istiqamət üzrə mövzu elan edilib.

Sevindirici haldır ki, sözügedən müsabiqəyə ilk dəfə olaraq dini dözümlülüklə bağlı mövzu daxil edilib. Maraqlıdır, sözügedən mövzunun müsabiqəyə daxil edilməsi ölkədəki tolerant mühitin daha da möhkəmlənməsinə hansı töhfələr verə bilər?

Məsələyə münasibət bildirən “Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin rəhbəri Yunus Oğuzun sözlərinə görə, oradakı mövzuların hamısı gözəl mövzudur: “Ancaq ilk dəfə olaraq dini dözümlülüklə bağlı mövzunun daxil edilməsi çox yaxşı haldır.

Tolerantlıqla bağlı mövzunun müsabiqəyə daxil edilməsi məncə hamının ürəyincə oldu. Bilirsiniz ki, Azərbaycan dini tolerantlıq məsələsində Avropanın bir sıra ölkələrindən irəlidədir. Bizdə istənilən dünyəvi din məskən sala , özünün təbliğatını apara bilər. Təbii ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır və şiədir.

Ancaq bütün bunlarla yanaşı, başqalarına da dözümlü yanaşmaq çox vacibdir. Çünki orta əsrlərdə, hətta bizdə belə, sünnilərlə şiələr arasında dözümlülük yox idi. İndi çox şükürlər olsun ki, xaçpərəstlərə, yəhudilərə və digər dinlərə çox dözümlü münasibət var. Bu da təbii ki, dövlətin quruluş təməlinin əsası olaraq çox lazımlı bir işdir.

Ona görə ki, hər bir xalq dinindən, milliyyətindən asılı olmayaraq, Azərbaycan dövlətini qəbul edirsə, burada yaşaya bilər. Bununla yanaşı, hesab edirəm ki, bütövlükdə bu sahədə işləri daha da yoluna qoymaq üçün, qeyri-ənənəvi sektalara qarşı mübarizə aparmaq lazımdır. Qadağan olunmuş qeyri-ənənəvi dinləri, sektaları aradan qaldırmaq lazımdır. Onların qanunsuz olaraq öz dinlərini təbliğ etmələrinə imkan vermək olmaz. Digər dinlərin inkişafına isə yardım göstərmək lazımdır”.

“525-ci qəzet”in redaktoru Yaşar Əliyev də KİV-ə Dövlət Dəstəyi Fondunun sözügedən addımını alqışladığını və bunun ölkədəki tolerantlığın möhkəmlənməsinə yardımçı olacağını bildirdi: “Çünki Azərbaycan tolerantlığın səviyyəsinə görə nəinki sovet respublikaları arasında, həmçinin bütün dünyada seçilir.

Baxmayaraq ki, biz İslam ölkəsiyik, amma bizdə dini dözümlülüklə elə bir problem yoxdur. Bəzi İslam dövlətlərindən fərqli olaraq, bizdə dini zəmində hansısa qarşıdurma baş verməyib.

Bəlkə də Azərbaycan bu məsələdə yeganə ölkədir ki, tarix boyu burada dini zəmində qarşıdurma olmayıb. Bir dövlət, millət kimi Azərbaycanın yaranışından bu belədir.

Mənə elə gəlir ki, bu unikal bir hadisədir. Çünki dünyanın heç bir xalqında belə hal ola bilməz. Yəni bu bizim mentalitetimizdən, qonaqpərvərliyimizdən irəli gələn bir şeydir. Bu mənada, KİV-ə Dövlət Dəstəyi Fondunun sözügedən mövzuya vəsait ayırmasını təqdirəlayiq hal hesab edirəm.

Çünki bu mövzu lokal mövzu deyil, eyni zamanda, ümumbəşəri mövzudur. Arzu edirəm ki, tolerantlıqla bağlı daha dərindən araşdırmalar aparılsın. Ümid edirəm ki, KİV-ə Dövlət Dəstəyi Fondunun bu mövzuya diqqət yetirməsilə əlaqədar tolerantlıqla bağlı araşdırma yazılar artacaq”.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO