Küçə reklamlarında ağlar günə qoyulan ana dilimiz…

“Sözün Müdafiəsi Klubu”nda ilk müzakirənin stenoqramı“Sözün Müdafiəsi Klubu”nun  “Küçə reklamlarında Azərbaycan dilinin səviyyəsi” mövzusuna həsr etdiyi ilk müzakirəsini keçirib. Müzakirədə  aparılan söhbətləri ictimailəşdirmək, bu problemin həllinə dəstək verə biləcək ziyalı təbəqəsini məlumatlandırmaq və onları müzakirələrə cəlb etmək məqsədilə tədbirin stenoqramını  oxucuların ixtiyarına veririk.

Söz Azalığını Müdafiə  Fondu (SAMF)  bu təxirəsalınmaz mövzular ətrafında hər bir Azərbaycan ziyalısının mənəvi dəstəyini və təkliflərini gözləyir.

Qeyd edək ki,  diskussiyada SAMF sədri  Musa Yaqub, “Xalq qəzeti” baş redaktorunun müavini Tahir Aydınoğlu, “Qolos Karabaxa” qəzetinin redaktoru Qədir Nəsirov, SAMF-ın əməkdaşları  Vüqar Tofiqli və  Nəzirməmməd Zöhrablı iştirak ediblər.

Vüqar Tofiqli:

– SAMF-ın 2015-ci ildə başladığı ilk işi “Sözün Müdafiəsi Klubu”nun yaradılması oldu. Klubun yaranmasından məqsədimiz sözlə, dilimizlə bağlı bir sıra problemlərin həllinə dəstək verməkdən ibarətdir. Xatırladıram ki, SAMF indiyə kimi dilimizin qorunması ilə bağlı bir neçə layihə həyata keçirib. Onlar “küçə reklamlarında Azərbaycan dilinin işləkliyi”, “istehlak mallarının üzərində dilimizin qanunlarla qorunması”, “turizm-mehmanxana adlarının qeydiyyatı zamanı Azərbaycan dilinin qorunması” və s. olub. Bu layihələr vasitəsilə Azərbaycan dilinin qarşılaşdığı problemləri ictimailəşdirmək istəmişik və buna qismən  nail ola bilmişik. 
Bəs bu gün mövcud problemlərin həlli hansı vəziyyətdədir?  Sevindirici haldır ki, qarşıdan gələn  Olimpiya oyunları ilə bağlı Azərbaycan dilində yazılmış xeyli yarlıqlara rast gəlinir: “Zəfəran”, “Zoğal”, “Narşərab”, “Palıd” və s. Əgər belə davam edərsə adlarda Azərbaycan sözləri tədricən öz yerini möhkəmlədə bilər. Bu işlərin həllində QHT sektoru olaraq bizim də az-çox payımız var. Ona görə də  məsələni yenidən gündəmə gətirmək istədik. Çalışırıq ki,  qarşımızda duran bir suala cavab axtaraq: “Qarşıdan gələn Olimpiada günlərində biz Azərbaycan dilinin dünyaya təqdimatına hazırıqmı?”. İndi bu müzakirədə istərdim ki, hamınız iştirak edib öz fikirlərinizi bildirəsiniz.

Musa Yaqub:

-Reklamların Azərbaycan dilində yazılmasına ilk mane olan şirkət rəhbərləri özləridir. Niyə? Çünki dünyaca məşhur məsələn, “Samsunq”, “Beko” kimi şirkətlər tələb edir ki, adı dəyişmək olmaz, əgər dəyişilərsə, o zaman dünya bizi tanımayacaq. Amma bizim istədiyimiz ayrı şeylərdi. Məsələn, həmin şirkətlərin adı olduğu kimi yazılsın, amma yanından da mütləq Azərbaycan dilində izahı verilsin. Qanun da bunu tələb edir. Qanunda nəzərdə tutulur ki, əgər zərurət varsa o adların izahı verilsin. 
Amma problem həm də başqa müstəvidə davam etdirilir. O adların yayılmasına əsasən televiziyalar səbəb olur. Yəni telekanallar şirkətin təqdim elədiyi şəkildə onları efirə verir. Heç bir izahsız-filansız. Əslində müvafiq qanunlara görə onları dəyişə bilərlər. 
Xatırlayıram ki, tədbirlərimizə reklamla bağlı iki təşkilatın nümayəndələri gəlmişdi: Reklamçılar İttifaqından və Dövlət Standartlaşdırma Komitəsindən. Onlar bizim gördüyümüz işləri alqışladılar və etiraf da elədilər ki, bu problemin öhdəsindən gələ bilmirlər. 
İndi bu zəruri mövzuya yenidən qayıtmaqla, inşallah daha çox problemi üzə çıxaracaq və onu media vasitəsilə ictimaiyyətin diqqətinə çatdıracağıq.

Vüqar Tofiqli:

-Bəzən yazılış problemi ilə də qarşılaşmalı oluruq. Məsələn əvvəllər rahat şəkildə “Əmrahbank”  adıyla  qarşılaşırdıq. İndi nədənsə onu dəyişib “Amrahbank” ediblər. Amma “Möcüzə” elə öz yazılışı altında hətta xaricə də ixrac olunur.

Musa Yaqub:

-“Başmaçok” yazırlar. Əgər bunun ayaqqabı olduğuna işarədirsə, çox yaxşı, elə bunu dilimizdəki “başmaq” kimi yazsaq, daha yaxşı, daha cazibədar alınmazmı? Niyə öz sözümüzü xaricdən alıb belə formada təqdim edirik?!

Nəzirməmməd Zöhrablı:

-“Başmaçok”u biz monitorinqlərimiz zamanı aşkara çıxarıb ictimailəşdirmişdik. Xeyli tənqid olundu. Amma qəribə burasıdır ki, o zaman Bakının təkcə “Azadlıq” prospektində bu adla rastlaşmışdıq. İndi şəhərin bir neçə nöqtəsində eyni ad altında bu satış mərkəzləri fəaliyyətə başlayıb. 

Vüqar Tofiqli:

İnsan adları ilə bağlı konkret tapşırıqlar verildi ki, yaxın keçmişimizdə qoyulmuş Traktor, Bolşevik, Kolxoz və s. kimi adlar təkrarlanmasın. Ola bilməzmi ki, Ədliyyə Nazirliyi firma adları ilə də bağlı müvafiq qərar və tapşırıqlar versin?

Musa Yaqub:

-Bu mövzunu bilirsiniz ki, biz qabartmışıq vaxtilə. İndi buna qayıdışımızda yeniliyimiz nədən ibarət olmalıdı? Bax istəyirəm ki, bu suala hamımız cavab axtaraq.

Vüqar Tofiqli:

-Yeniliklərimiz çox olacaq. Onlardan biri növbəti monitorinq keçirib əvvəlki rəqəmlərlə hazırkı vəziyyəti uzlaşdırmaq olacaq. Həmçinin bu mövzunu aktivləşdirmək niyyətindəyik.

Tahir Aydınoğlu:

-Hər şey anlayış yaratmaqdan irəli gəlir. Bəzən anormal halların anormallığı deyilməyəndə bu çatışmazlıq bir qədər də artır. Rəhmətlik Zərdabi deyirdi ki, “mən bu qəzeti açmaqla elə bilməyin ki, hər şeyi dəyişəcəm. Amma indi bunu 10 nəfər oxuyacaq, 10 nəfər digər 10 nəfərə danışacaq və beləliklə müruri-zaman ilə haqq sözün qədəri artacaq. Necə ki, illərlə eyni yerdən damcı-damcı axan su daşı da deşir”.
“Azərbaycan dilinin inkişafı və qorunması”. Dil haqqında bütün sənədlərdə bu ifadə işlənir. Dilin inkişafı ağac kimi, budaq-budaq baş verir. Qorunmasını isə dəryaya zir-zibil tökülməsi və müəyyən vaxt kəsiyində dəryanın onu kənara tullaması ilə müqayisə edirlər. Bu mənada ədəbiyyatımızı zaman-zaman müqayisə edərkən dilimizin özünüqoruma instinkti bizi daima xilas edir. Amma oturub bunları seyr eləməklə də iş olmaz. Gərək hər nəsil öz zamanında dilə nəsə gətirsin və onu qorusun. Bu mənada indi bizə geniş imkanlar da açılıb. İndi müstəqil dövlətimiz var və dilimizi qorumağa bizə heç kim və heç nə mane olmur. 
Amma biz özümüz tutalım, elə “Brend” sözünün özünü niyə belə həvəslə işlədirik. Brend yerinə məşhur deyə bilmərikmi? Əlbəttə mümkün və vacibdir. Əlbəttə, tam qarşısını kəsmək də olmur. Görürsünüz, sərhədləri möhkəmlədirlər ki, qaçaq mal gəlməsin. Amma qaçaqmal da gəlir, hələ bir onun içərisində narkotika da. Dilə də belə zərərli sözlər ayaq aça bilir. Amma özümüzdə də kifayət qədər günah var. Azərbaycanın ən böyük şirkəti olan ARDNŞ-ni SOKAR kimi yazmaqla biz nə qazanırıq?! Əsaslandırırlar ki, biz dünyaya SOKAR ad ilə çıxacağıq. Maraqlıdı, niyə ölkəmizi ARDNŞ ilə tanıtmırıq. Qoy Azərbaycan neftində marağı olanlar əziyyət çəkib bu sözü qəbul eləsinlər. Biz “Xalq qəzeti”nə gələn əksər sənədlərdə SOKAR-ı pozub ARDNŞ yazmaqdan inanın ki, təngə gəlmişik. Buna göz yumanda, gərək analoji addımı başqaları ilə də ataq. Onda dilimizi, sözlərimizi qorumaq müşkülə çevrilir. Amma hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Onun prezidenti İlham Əliyev bütün tədbirlərdə, beynəlxalq miqyaslı tədbirlərdə belə Azərbaycan dilində danışır. 
Yüz dəfə deyirik ki, “Koka-kola” illərdi Azərbaycan bazarında çalışır, pul qazanır, yaxşı olar ki, adını da “Coca-cola” yox, elə dilimizə uyğun Koka-kola yazsın, eşidən yoxdu. Hələ SSRİ dönəmində mətbuata gələn yeni sözlərin mütləq qarşılığın tapırdılar. Buna mane olan yox idi. İndi isə heç mane olan yoxdu.
Təəssüf ki, azalmır bu tipli sözlər. İndi burda deyildi. Təbii ki, Zoğal da yaxşıdır, Şınıx da yaxşıdır. Ancaq bunlar hələ çox azdı. Bir şeyi də deyim. Əcnəbi şirkətlər yerli xalqların təpkisini görəndə onlar o ölkənin qanunlarına sayğısız yanaşa bilmirlər. Məsələn, dünyaca məşhur “Ford” firması Braziliyada istehsal elədiyi maşınları Braziliya xalqının hörmət bəslədiyi koloritli adlarla buraxır. Bu bizdə də zamanında özünü çox göstərib. Əgər Səfəvi dövləti dilə o qədər həssas yanaşmasaydı, şübhəsiz o dövrdə Azərbaycan ədəbiyyatı da o qədər saflaşmaz, inkişaf etməzdi. Nəinki onda, hətta ondan sonrakı dövrlərdə də.

Musa Yaqub:

-Bəzi sözlər də var ki, bizim öz ölkəmizdə öz sözlərimizi sıxışdırıb çıxarır. Məsələn “spiker” sözü. 10 il əvvəl biz bu sözü işlətmirdik axı. Milli Məclisin sədri deyirdik də. İkincisi, “aksiya” sözü. Deyirik qanvermə aksiyası. Axı “aksiya” başqa – kütləvi etiraz tədbiridi. Aksiya sözünün arxasında dəhşətli etiraz hissiyyatı gizlənib.

Vüqar Tofiqli:

-Biz özümüz də nədənsə başqa dillərdə danışmağa meylliyik. Ətrafımızda bir rus olan kimi onun dilində, türk olan kimi onun dilində, ingilis olanda onun dilində danışmağa üstünlük veririk. Mənə elə gəlir ki, problemin kökündə bu məqam da dayanır.

Tahir Aydınoğlu:

-Bu, pis mənada qonaqpərvərlikdi.

Qədir Nəsirov:

-SAMF-ın bu mövzunu təkrar-təkrar gündəmə gətirməsinin özü çox müsbət bir işdi. Hətta nəticədən asılı olmayaraq.

Tahir Aydınoğlu:

-Şübhəsiz təsiri olur.

Qədir Nəsirov:

-Siz bir qədər nikbin yanaşdınız ki, bəzi adlar milliləşib, lakin mənə elə gəlir ki, onlar hələ çox cüzidir. Sadəcə bizə heç olmasa bir neçəsi də rast gələndə sevinirik. Əcnəbi dillərdə yazılanlarsa o qədər çoxdur ki, tək-tük milli adla yazılanlar onların içərisində itib-batır. 
Küçə reklamından danışırıq. Özü də belə bir beynəlxalq tədbirin astanasında. İndiki real vəziyyətdə qonaqları qarşılasaq, onlar çaş-baş qalacaqlar ki, bura Bakıdır, yoxsa başqa bir məmləkət…

Nəzirməmməd Zöhrablı:

-Qədir müəllim, ötən monitorinqlərimizlə bağlı tədbir keçirəndə və mediaya açıqlamalar verəndə sizin toxunduğunuz bu məqamı da xüsusilə qeyd etmişdik…

Qədir Nəsirov:

-Bilirsiniz, onlar heç nəyi özbaşına yaza bilməzlər. Reklam departamenti, digər idarələr var bu işlərə məsul, onların “saqqalının altından keçməsələr” divara heç nə yaza bilməzlər.

Musa Yaqub:

-Müqavilə əsasında baş verir bunlar.

Vüqar Tofiqli:

-ARTPOLİS deyirlər. Belə bir qurum var.

Qədir Nəsirov:

-Bəli. Mütləq onlarla razılaşdırırlar. Onlarla razılaşma olmasa, heç bir gün də o adların divara vurulmasına imkan verməzlər. Yəni, burada da o nəticəyə gəlib çıxırıq ki. Özümüzün, daha doğrusu özümüzünkülərin günahı çoxdur. Təsəvvür edin ki, bunlara belə həvəslə razılıq verənlər cavan nəslin yaxşı tanımadığı şəhid, Milli Qəhrəman küçə adlarının hər tinbaşı yazılmasına, onun haqqında məxsusi bir xatirə lövhəsinin hazırlanıb vurulmasına tənbəllik edirlər. Axı qayda-qanun belədir ki, kiminsə adını daşıyan küçədə bir və ya bir neçə yerdə lövhəciklər asılmalıdı ki, bilinsin bu adam kimdir?
Mənə elə gəlir, bu tipli tədbirlərə mütləq bu işlərə məsul təşkilatların nümayəndələri dəvət olunmalıdır ki, gəlib insanların nə istədiklərinin bilavasitə şahidi olsunlar.

Musa Yaqub:

-Bu başlanğıcdır. Onlar mütləq dəvət olunacaq. Ötən tədbirlərimizdə olduğu kimi. Bir şeyi də deyim, bizim müstəqilliyimiz, dövlətimizin varlığı şərait yaradır ki, qanunları tapdayanları tənqid edə bilək, buna görə heç kim bizi qınaya bilməz. SSRİ dönəmində biz bu barədə danışa bilmirdik. Deyəndə adamı topa tuturdular. Onda bizə irad tuturdular ki, böyük qardaşımızın dilində yazılır. Onda “dilimiz yox idi ki, buna etiraz edək”.

Vüqar Tofiqli:

-Musa müəllim, indi dilimiz var, bəs indi nə çatışmır?

Musa Yaqub:

-İndi “dilimiz” var. Qalır o dili işə salmaq…

Nəzirməmməd Zöhrablı:

– Bbizim dillə bağlı ötən tədbirlərimizdə iştirak etmisiz. Biz keçirdiyimiz monitorinqləri özümüz daha çox görmüşük, amma nəticələri paylaşanda, müzakirələrə çıxaranda sizlər də bunun şahidi olmusuz. İndi bir qədər nikbinləşməyimizə əsas yarandı ki, paytaxtımızda Azərbaycan dilində adlar da cücərməyə başlayıb. Təki davamlı olsun. 
Xatırladıram ki, adıçəkilən monitorinqlərimiz zamanı bir ilin içərisində əvvəlcə 27%, ikinci dəfə 63% təkcə ingilis dilində yazılan adlar aşkarlamışdıq. Sonra mehmanxana-turizm adları ilə bağlı, istehlak mallarının üzərindəki yazılarla bağlı necə bir xoşagəlməz mənzərə aşkarlamışdıq. Bu rəqəmləri təkrar-təkrar mediya vermişik, ona görə daha təkrarlamıram. Sadəcə onu diqqətinizə çatdırıram ki, biz xeyli araşdırmalar apardıq, müvafiq qurumlarla yazışdıq. Bəzən elə faktlar aşkarlayırdıq ki… Kiminə “Dövlət dili haqqında”, “Reklam haqqında” qanunlarımız necə “sərf edir”, o formada da məktublarımızı cavablandırmışdılar. Bəzən qanunu yarıya qədər qeyd eləmişdilər və s. 
Sonra keçmiş SSRİ-nin şinelindən çıxmış ölkələr də daxil, xarici ölkələrdəki qanunvericiliklə bağlı yüngülvari araşdırmalar apardıq. Təsəvvür edin ki, Qırğızıstan kimi büdcəsi, iqtisadiyyatı zəif bir ölkədə qanun qəbul olunub ki, “Qırğızıstan ərazisində alqı-satqı həyata keçirən hər hansı şirkət yalnız bütün təlimatları öz vəsaiti hesabına qırğız dilinə tərcümə və çap etdirdikdən sonra ölkə ərazisinə adlaya və burada alış-veriş apara bilər”. Biz bir çox ölkələrin təcrübəsin araşdırmışdıq. Sadəcə birini misal gətirdim.
Amma bədbin də deyiləm. Niyə? Biz o dövrdə bu prosesləri mütəmadi izləyirdik. Bizdən başqa da bu yöndə təbliğat və araşdırma aparan təşkilatlar, ayrı-ayrı ziyalılar var idi. Biz Milli Məclisə müraciət etdik. Nəticədə elə həmin il Azərbaycanın səhiyyə naziri qərar qəbul elədi ki, bütün dərmanların içərisində Azərbaycan dilində içliklər olmalıdır. Daha sonra dövlət başçısının bilirsiniz ki, “Qloballaşma dövründə Azərbaycan dilinin qorunması və inkişafına həsr olunan tədbirlər planı haqda” fərmanı və s. Düzü, biz ondan sonra hələ monitorinq keçirməmişik. İndi Vüqar müəllim söylədi ki, müsbətə doğru yeniliklər var. Amma deyilənə görə, olimpiadaqabağı eyni standartlara uyğunlaşdırırlar reklam adlarını.

Tahir Aydınoğlu:

-Bu müzakirələrimizin ictimailəşdirilməsinin çox böyük əhəmiyyəti olacaq. Bunu ziyalılar oxuyacaq, yayacaqlar. Üstəlik jurnalistlərimiz əlahiddə olaraq bunun yayılmasında maraqlı olmalıdırlar. Dil onların həm oxucu ilə ən vacib ünsiyyət forması, həm də çörək ağaclarıdır. Mənə elə gəlir ki, dövlət dövlət başçısı səviyyəsində rəsmən Azərbaycan dilində danışmaqla böyük bir nümunə göstərir. Milli Məclis ana dilimizdə danışır. Bütün məmurlar bundan nümunə götürməlidir. Əks göstəricilər ortaya qoyanlarsa mütləq qınaq obyektinə çevrilməlidir. Hamımızın qınaq obyektinə… Azərbaycan dilinə qəsd cinayət əməli kimi qəbul edilməlidir. Buna görə cəza nəzərdə tutulmalıdır. Dilimiz yoxsa, biz də yoxuq.

Vüqar Tofiqli:

-Tahir müəllim, belə qənaətə gələ bilərik ki, bizim küçə reklamlarına nəzarət edən qurumun fəaliyyəti sıfır həddindədir. Bizim araşdırmalarımız zamanı bəlli oldu ki, bu işə nəzarət edə biləcək konkret bir təşkilat yoxdu. Hərə bu işin bir sahəsindən danışır…

Nəzirməmməd Zöhrablı:

-Başqa ölkələrin təcrübəsində, məsələn qardaş Türkiyədə 1932-cü ildən fəaliyyət göstərən, Mustafa Kamal Atatürkün fərmanı ilə yaradılmış Türk Dili Qurumu bu məsələlərə nəzarət edir. Dili qoruyur, onun inkişafını stimullaşdırır, cəzalar tətbiq edir və s. Hazırda Litvada, Estoniyada buna oxşar təşkilatlar var.  

Musa Yaqub:

-Biz bu işlərimizi mütləq AMEA Dilçilik İnstitutunun monitorinq qrupu ilə koordinasiya etməliyik. Sonra yaxşı işləri, yaxşı nümunələri təqdir etməliyik. Məsələn, ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadənin səyi nəticəsində neft yataqlarımıza “Azəri”, “Günəş”, “Çıraq” kimi milli adlar verilib.

Vüqar Tofiqli:

-Cərimələrlə yanaşı maarifləndirmə işləri də aparılmalıdır. Biz də vətəndaş cəmiyyəti olaraq bu məsələlərin həllinə öz töhfəmizi verməliyik. Digərləri də öz sahələrində buna ciddi yanaşmalıdılar.

Tahir Aydınoğlu:

-Etiraz tədbirləri də keçirməliyik bununla bağlı. Bir də tərcüməçi problemi də var ölkəmizdə. Onların vasitəsilə də əcnəbi sözlər dilimizə keçir. Onlara da seminarlar keçirmək olar ki, bu işə ciddi yanaşsınlar.

Musa Yaqub:

-Belə qənaətə gəlirik ki, qanunlarımız qaydasındadı. Bu var. Ona görə də bizim işimizin əsas istiqaməti bütün dilə nəzarət etməli olan qurumların, o cümlədən dilçi alimlərin iştirakı ilə monitorinqlər təşkil etmək olacaq. Ortaya konkret nəticələr qoyduqdan sonra onun həllini istəyək.

 

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO