Klayv Marşal: Azərbaycanda bir çox sahələrdə, o cümlədən media sahəsində inkişaf proseslərinin şahidi oldum

İngilisdilli jurnalistlərin yazı müsabiqəsinin qalibinin müəyyənləşdirilməsi ilə əlaqədar Bakıda keçirilən tədbirdə iştirak etmək üçün Azərbaycana səfərə gələn Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal növbəti dəfə ölkəmizdə olmasından məmnunluğunu bildirib.

AZƏRTAC xəbər verir ki, Klayv Marşal səfəri zamanı ölkəmizdə bir çox sahələrdə, o cümlədən media sahəsində inkişafın şahidi olduğunu qeyd edib.

Ötən illər ərzində Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladan baş icraçı direktor ölkəmizin regionlarını da ziyarət etdiyini vurğulayıb. O, Azərbaycan xalqının qonaqpərvərliyi, həmçinin Xınalıqda gördüyü möhtəşəm təbiət mənzərələri barədə təəssüratlarını bölüşüb.

Klayv Marşal səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşündən məmnunluqla bəhs edib. O, görüş zamanı Azərbaycanda medianın inkişaf perspektivlərinə dair dolğun və səmimi fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Baş icraçı direktor ölkəmizə əvvəlki səfərlərindən danışarkən 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən, dünyanın informasiya siyasətini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərlərini və təmsilçilərini, media üzrə tanınmış beynəlxalq ekspertləri bir araya gətirən Dünya Xəbər Agentlikləri Konqresində iştirakını xüsusilə qeyd edib.

Budəfəki səfəri çərçivəsində ADA Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış etdiyini də diqqətə çatdıran Klayv Marşal müasir dövrdə KİV-in, xüsusən informasiya agentliklərinin önəmli rolu, xəbərin dəqiqliyi və operativ yayılmasının əhəmiyyəti barədə fikirlərini bölüşdüyünü bildirib.

Xatırladaq ki, ingilisdilli jurnalistlərin yazı müsabiqəsi Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və “Press Association” agentliyinin təşkilatçılığı ilə keçirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO