“Köşkün üzərinə “Pressa” yazılıbsa, o, qəzet-jurnal satmalıdır”

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qəzet yayımında yaranmış problemə münasibət bildirib. O, “Media forum” saytına deyib ki, hazırda mətbuat yayımı sahəsində böyük bir boşluq var: “Qəzetlərin yayımı çox çətinləşib. Bu problem əsasən də Bakıda özünü göstərir. Mən 15 il “Azərmətbuatyayımı”nın sədri işləmişəm. Bizim Bakıda xeyli köşkümüz vardı. O köşkləri götürdülər. Yeni köşklər hazırladıq, amma əvvəlkilərin yerinə qoymağa imkan vermədilər.
“Qasid” yayım firmasının da şəhərin əsas yerlərindəki köşkləri götürülüb. Guya dizaynı pisdir, gediş-gəlişə maneçilik törədir… Götürülən köşklərin yerində yeniləri peyda olub. Köşkün üzərinə “Pressa” yazılıbsa, o, qəzet-jurnal satmalıdır. Suvenirlər, xırdavat da sata bilər. Çünki köşk yalnız qəzet satışı ilə dolana bilməz. Bizim vaxtımızda da köşklərdə süvenirlərin, xırdavatın satışına icazə vardı. Ancaq birinci növbədə qəzetlər satılmalıdır, qəzetlər önə qoyulmalıdır. Təəssüf ki, bu gün belə deyil. Yeni köşklərin məqsədi başqadır, orada başqa şeylər satmaqla məşğuldurlar.
Qəzet yayımı məsələsi həll olunmalıdır. Ya o köşklərin üzərindən “Pressa” sözünü yığışdırsınlar, ya da mətbuat köşkü kimi qoyulubsa, heç olmasa 50-60 faiz mətbuata xidmət etməlidir. Qəzet redaktorları hazırda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə görüş məsələsini müzakirə edirlər. Məsələ müzakirə olunub yoluna qoyulmalıdır”.
Mətbuat yayımında yaranan problemlərin daha çox müxalif qəzetlərin satışına mane olmaq məqsədi daşıması haqda deyilənlərə gəlincə, fond rəhbəri hesab edir ki, burada siyasi çalar yoxdur, hakimiyyət bunda maraqlı deyil: “Çünki müxalif qəzetlər küçələrdə, metro stansiyalarının giriş-çıxışında, insanların sıx olduğu yerlərdə satılır. Sadəcə olaraq kimlərsə yeni köşklərdən ticarət obyekti kimi istifadə etməkdə, gəlirini artırmaqda maraqlıdır və qəzet satışı adı altında başqa şeylər satırlar. Burada hər hansı siyasi motiv görmürəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO