Kitabı necə sevək?

“Kitaba maraq azalır”. Bu fikir bu gün həyəcan təbili kimi səslənir. Kitab mağazalarına müraciət edənlərin sayı seyrəlir, satıcılar alıcıların azlığından, kitabların keyfiyyətindən, oxucularsa kitabların bahalığından və lazım olan kitabı tapa bilməmələrindən gileylənirlər.

Qeyd edim ki, sovet dövründə Bakıda təxminən 150-yə yaxın kitab mağazası fəaliyyət göstərib. Bu gün isə onların sayı çox azdır. “Sabir bağı” ilə üzbəüz yerləşən, AMEA-ya məxsus “Akademik kitab”, N. Gəncəvi adına muzeyin 1-ci mərtəbəsində yerləşən “Akademiya kitab mərkəzi”, “Qız qalası”nın yanındakı kitab mağazası, 3-cü mikrorayonda “Dostum” kitab mağazası, İstiqlaliyyət küçəsindəki “Bukinist” mağazası, Fəvvarələr meydanında “Əli və Nino”, Prezident Aparatına məxsus “Kitab Evi”, Araz kinoteatrının arxasındakı kitab mağazası və b. bu gün insanların kitaba azalan maraqlarına xidmət göstərirlər. Bundan başqa, digər yerlərdə – metro stansiyalarında, yeraltı keçidlərdə də kitab satışına rast gəlmək mümkündür.
Kitab satışının indiki vəziyyəti ilə maraqlanmaq üçün üz tutduğumuz ünvanlar bir daha kitaba marağın azaldığını sübut elədi. Belə ki, “Araz” kinoteatrının yanındakı kitab mağazasında axtardığımız kitablardan heç birini tapa bilmədik. Bu mağazada yeni nəşr olunan kitablar demək olar ki, yox idi. Mağazanın satıcısı, eyni zamanda müdiri Tahir müəllim bunun səbəbini uzun müddət mağazanın fəaliyyət göstərməməsi ilə əlaqələndirdi: “Bir ilə yaxın mağaza bağlı oldu. Bir aydır ki, işə çıxmışıq, yavaş-yavaş təzə kitablardan götürürük. Səbəblərdən biri də maliyyə imkanının olmaması ilə bağlıdır”. Tahir bəy vurğuladı ki, əvvəllər kitablar açıq havada satılanda bu satışa müsbət təsir göstərib: “Ancaq indi bu qadağandır, bu da kitab satışına təsir edir. Bizim əsas problemimiz alıcı problemidir. Əvvəllər alıcı 15% idisə, indi 5%-dir”. Tahir bəyin sözlərinə görə, bu gün internetə kütləvi maraq kitaba olan tələbatı üstələyir. Bu baxımdan mağazaya əsasən kompüterlə işləməyi bacarmayan yaşlı adamlar müraciət edir. Alıcılar daha çox rus və fransız ədəbiyyatı ilə maraqlanırlar.
“Sabir bağı” ilə üzbəüz olan bukinistin nümayəndəsi isə satışa gələn yeni nəşrlərin 90%-in rus dilində olduğunu bildirdi. Bu mağazanın satıcısının da gileyi alıcıların azlığı və tərcümə olunan kitabların öz effektini itirməsi ilə bağlı oldu. Satıcı kitabların bahalı olmasına da münasibətini bildirdi: “Bəzi kitabları götürdüyümüz qiymətə də satırıq, hətta elə olur ki, alıcını yaxşı yola salmaq üçün kitabı öz maya dəyərindən ucuz veririk”.
“Nizami” muzeyinin binasında yerləşən “Akademiya kitab mərkəzi”ndə isə satılan kitabların hamısı yeni nəşrlədir. Bu mağazada istənilən kitabı tapmaq mümkündür. Qiymətlər isə o qədər də ucuz deyil. Məsələn, Hüqonun “Səfillər”i 20, Dostoyevskinin “Cinayət və Cəza”sı 8 AZN-dir.
Tələbələr arasında BDU-nun “povarot”u kimi tanınan səyyari satış obyektinin satıcısı isə təzə nəşrlərin xoşuna gəlmədiyini əsəbiliklə qeyd elədi: “ Nə olsun ki, onların vərəqi ağdır, adamın gözünü yorur, keyfiyyətsizdir, içərisindəki rəngsiz şəkilləri seçmək olmur. 1941-1947-ci illərdə çap olunan kitablar kimi gözəl-orijinal kitablar mən hələ görməmişəm, indiki kitablardakı şəkillərə baxaq! Aid etmək olmur ki, bunlar nədir!”
DİN-dən Mərkəzi univermağa tərəf keçən keçiddəki kitab mağazasında da yeni nəşrdə olan kitablar demək olar ki, gözümə dəymədi. Bir neçə kitabın olub-olmaması ilə maraqlansam da, qeyd etdilər ki, “bizdə belə bir kitab yoxdur, olubsa da satılıb”. Qeyd edim ki, hər bir kitab mağazasında və bukinistlərdə əsasən dedektiv və klassik əsərlərə müraciət olunduğunu bildirdilər.
Mütəxəssislər hesab edirlər ki, dünyada kitab satışının təşkili ilə bağlı bir neçə üsuldan istifadə olunur. Belə ki, tələbata uyğun məhsul buraxmaq və həmin məhsulla bağlı reklam təşkil etmək və təbliğat aparmaq lazımdır. Məsələn, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun fikrincə, satıcılar satışa çıxarılan kitabları təbliğ etməlidirlər ki, satışın həcmi artsın. Digər bir üsul isə, bir çox xarici ölkələrdə olduğu kimi kitab mağazalarının qarşısında kafelərin təşkil olunmasıdır. Belə ki, bu üsul kafeyə gələnləri mağazalara cəlb edə bilər.
Ancaq qeyd edim ki, bizim ölkəmizdə bu üsulun özünü doğrulda biləcəyinə də o qədər əminlik yoxdur. Məsələn, keçən ilin sonlarında açılan “Etüd” miniatür mərkəzi kitab mağazası qarışıq kafe də təşkil etməsinə baxmayaraq, nə alıcı cəlb edə bildi nə də müştəri. Şəhərin mərkəzində – . M.F.Axundov bağının yaxınlığında yerləşən art salon bir neçə ay öncə qapandı.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO