Şəkili jurnalistlər: “Şəkidə vəziyyət o məşhur lətifədə deyildiyi kimidir… “

Modern.az saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsi bu həftə də davam edir. Bu dəfə qədim tarixə malik, ipəyi ilə dünyada tanınan, lətifələri ilə məşhur olan Şəki rayonunun iqtisadi və sosial vəziyyəti, əhalinin yaşayış tərzi, təhsil və səhiyyə sistemi barədə orada doğulub Bakıda jurnalist fəaliyyəti ilə məşğul olan media nümayəndələri danışıblar.

İlk müsahibimiz “Mərkəz” qəzetinin əməkdaşı Zülfiyyə Quliyevadır. O bir şəkili kimi rayona gedərkən ilk növbədə insanların yaşayış tərzi, nədən şikayətçi olmaları, bir sözlə problemləri ilə maraqlandığını deyir.

Son illər Şəkinin ümumi görünüşünün abadlıq baxımından dəyişdiyini deyən jurnalist rayonun turizm potensialından lazıminca istifadə edilməməsindən şikayətlənib.

“Şəkinin böyük turizm potensialı var və təbiətin bu rayona verdiyi imkanlardan yararlanaraq orada turizm obyektləri açmaqla çoxlu pul qazanmaq mümkündür. Amma hələki bundan lazımınca istifadə olunmur.

Əvvəlki illərlə müqayisədə Şəkidə inkişafın olduğu hiss olunur. Rayonda abadlıq, quruculuq işləri aparılıb, parklar salınıb, yəni Şəkinin ümumi mənzərəsi xeyli dəyişib”.

Z.Quliyeva əhalinin yaşayış tərzi ilə bağlı hələ də narazılıqların olduğunu qeyd edib. Çünki rayonda hələ də işsizlik kimi ciddi problem qalmaqdadır.

“İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə böyük işçi kütləsinin çalışdığı Şəki İpək Kombinatı indi tam gücü ilə işləmir. Şəkidə şirə zavodları olub, amma indi onlar da işləmir. Ümumiyyətlə vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Bu da şəkililərin işsizlik probleminin həll olunmasını hələ də ləngidir”.

Rayonun problemləri bununla bitmir. Həmkarımız yollar haqqında elə də ürəkaçan sözlər deməyib. “Şəkini ətraf kəndlərlə bağlayan yollar bərbad vəziyyətdədir. İnsanlar bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir. Yollar mən uşaq olanda təmir edilib və hələki onların bərpası üçün heç bir iş görülmür. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na baxmışam, orada Şəkinin bir neçə yolunun da abadlaşdırılması, təmir olunması nəzərdə tutulur.Hazırda yalnız rayonun əsas yolları normal vəziyyətdədir” deyə Zülfiyyə Quliyeva əlavə edib.

Bir çox rayonlarda olduğu kimi Şəkidə də əhalinin dolanışığı kənd təsərrüfatı ilə bağlıdır.

“Şəkidə hazırda Kərpic zavodunun öz fəaliyyətini bərpa etməsi qismən işsizlik problemini aradan qaldırıb. Heç olmazsa hər ailədən bir nəfər burada işləyir. Bundan əlavə, insanlar maldarlıqla məşğul olmaqla və ya öz bağlarından əldə etdikləri məhsulu, meyvəni bazara çıxarıb satmaqla gündəlik təlabatlarını ödəyirlər”.

Jurnalist eyni zamanda rayonun qaz, işıq, su problemlərindən də danışıb.

“Şəkinin mərkəzi hissəsinə qaz yaxşı verilir, amma rayonun hələ də qazlaşdırılmamış kəndləri çoxdur. Üstəlik Şəkidə elektrik enerjisinin verilməsində problemlər mövcuddur. Qohumlarıma nə vaxt zəng eləsəm, deyirlər ki, “işıq sönüb, qaranlıqda oturmuşuq”. Orada elektrik xətlərində açılmalar tez-tez baş verir. Bu problemi mən işlədiyim qəzetin səhifələrində də işıqlandırmışam. Sakinlərin dediklərinə görə, bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Bunu özləri də qeyd edirlər.

Su problemi hələ də qalmaqdadır. Rayona nə vaxt getsəm, orada suyun bulanıq gəldiyinin şahidi oluram. Amma Şəkinin elə kəndləri var ki, onlar ümumiyyətlə su üzünə həsrətdir. Məsələn, Daşbulaq kəndində ciddi su problemi yaşanır. O kəndə yalnız bir xətdən su gəlir. Buna görə onlar həmin boruya qıfıl vurublar və hər evə insanlar suyu bidonlarla daşıyırlar. İllərdir bu problem hələ də həll edilməmiş qalır”.

Şəkinin problemlərini qabardan jurnalist təhsil sistemindən də razılıqla danışmağın mümkün olmadığını bildirib. O hesab edir ki, rayonun təhsil sistemindəki vəziyyət elə də ürəkaçan deyil.

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər rayon üzrə ali məktəblərə qəbul olma göstəricisinə görə statistikasına baxdım. Şəkinin elə kəndləri var idi ki, oradan ali məkəblərə sənəd verənlərin bir nəfəri də uğur qazanmayıb. Yəni Şəkinin özündə təhsildə bir qədər irəliləyişlər olsa da, bunu kəndlərdə müşahidə etmək mümkün deyil. Ümumiyyətlə, müasir texnologiyaların tətbiqi ilə həmin kəndlərdə rastlaşmamışam. Bundan əlavə, həmin kəndlərin məktəbləri qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı problemlər mövcuddur. Şəkidə uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalırlar”.

Prezidentin həkimlərin və səhiyyə işçilərinin əmək haqlarını artırması məqamına toxunan Z.Quliyeva artıq rayonda bununla bağlı süni qiymət artımının yaşandığını bildirib.

“Müəllimlərin, həkimlərin maaaşı artan kimi Şəkidə yağın, çayın, unun qiyməti qaldırılır. Süni qiymət artımın qarşısı alınmır. Səbəbini də soruşanda deyirlər ki, “maaşlar artıb, biz də bunların qiymətini artırırıq”.

Təhsillə müqaiyəsədə Zülfiyyə Quliyeva Şəkidə səhiyyə ilə bağlı problemlərin demək olar ki, aradan qalxdığını qeyd edib.

“Əvvəllər rayondan ağır xəstələr Bakıya gətirilirdisə, artıq bu müşahidə olunmur. Rayonda müasir xəstəxanalar tikilib, səhiyyə ocaqlarının əksəriyyəti tam təmirdən çıxıb, texniki avadanlıqlarla təchiz olunub. Ona görə də səhiyyə ilə bağlı Şəki sakinlərinin narazılığı yoxdur”.

İcra başçısının fəaliiyətindən söz açan müsahibim onun insanların problemləri ilə maraqlanmadığını söyləyib.

“Şəki təbii fəlakətlərin tez-tez baş verdiyi bir yerdir. Çox təəssüf ki, Şəki rayon İcra Hakimiyyəti fəlakət baş verən kəndlərdə zərərçəkənlərə yardım göstərmir. Hətta bu yaxınlarda orada fəlakət nəticəsində Kərim Şabanov adlı bir şəxsin evi uçmuşdu, mənə müraciət etmişdilər. O evin sakini aylarla çadırda qaldı, ona Şəki rayon İcra Hakimiyyəti tərəfindən bir manat yardım göstərilmədi”.

Rayondan seçilən deputatlardan isə Zülfiyyə Quliyeva yalnız Əli Məsimlinin şəkililərin problemləri ilə maraqlandığını qeyd edib.

APA-nın əməkdaşı Sevil Zeynalqızı Azərbaycanda rayonlarının Bakıdan fərqli olaraq sosial-iqtisadi vəziyətlərinin eyni olduğunu bildirib.

O qeyd edib ki, sovet dövründə olan fabrik və zavodlar işləmədiyindən əhalinin əsas gəlir mənbəyi alış-verişdən çıxır, yəni insanlar bazarlarda, mağazalarda alverlə məşğul olur.

“Bir də işləyənlər tibb və təhsil sahəsindədir, yəni başqa iş yeri çox azdır. Sovet dövründə Şəkidə 7-8 müəssisə olub, ət kombinatı, ipəyinə görə dünyada məşhur olan İpək kombinatı, barama açan kombinatlar var idi. Hazırda onlar fəaliyyətini tamamilə dayandırıb. O vaxt əhalinin vəziyyəti bu günə nisbətən daha yaxşı idi, çünki həmin fabrik və zavodlar işləyirdi. Ona görə də bu gün rayonda əhalinin vəziyyəti o qədər də qənaətbəxş sayılmır”.

Problemlərə baxmayaraq Sevil Zeynalqızı rayonda abadlıq, quruculuq işlərinin aparıldığını qeyd edib.

“Yeni icra başçısı bu işlərə başlayıb. Aparılan abadlıq işləri də ən çox şəhərin xarici görkəmi ilə bağlıdır. Amma bu, əhalinin vəziyyətinə heç də müsbət təsir edən bir şey deyil”.

Rayonda turizm sahəsinin də inkişaf etdirildiyini deyən jurnalist xanım bunun insanların işlə təmin olunması baxımından da mühüm olduğunu deyir.

““Gələsən, görərsən” qalası, Marxal şəlaləsinin ətrafında insanların istirahət etməsi üçün turizm obyektləri yaradılıb. Bu da əhalinin işə cəlb edilməsi baxımından əhəmiyyətlidir”.

Rayonda qaz, işıq və su ilə bağlı narazılığın olmadığını bildirən Sevil Zeynalqızı rabitə sahəsində problemlərin yaşandığını vurğulayıb.

“Axırıncı dəfə Şəkiyə gedəndə öyrəndim ki, nömrəyazan xidmətin fəaliyyətini dayandırıblar. Səbəbi ilə maraqlandım, bildirdilər ki, sakinlər zəng edərkən onların nömrəsi yazılır, sonra da müəyyən mübahisələr başlayır. Ona görə də orada Poçt şöbəsi belə qənaətə gəlib ki, rayonda nömrəyazma xidmətini dayandırsın. Bu da əhalini narazı salan bir şeydir. Onlar istəmirlər ki, bu xidmət bağlansın”.

Həmsöhbətimiz yollarda da problemlərin olmadığını vurğulayıb. “hazırda ölkədə yollarda sulu gölməçələrin olması məsələsi gündəmdədir. Onu deyə bilərəm ki, Şəkidə bütün əsas yolların hər iki tərəfində balaca arxlar çəkilib. Bu çoxdan orada belədir. Yəni yağış yağanda su çəkilir və siz yollarda bir damla da olsun su görməzsiniz. Həm də yolar çox təmizdir. Səhər müşahidə etmək olar ki, hərə öz mağazasanın qarşısını yuyur, təmizləyir. Şəkinin xarici görünüşü çox gözəldir”.

S.Zeynalqızı təhsildə narazıqların olduğunu bildirib. Buna misal olaraq da jurnalist 65 yaş senzi ilə bağlı rayonda yaranan söz-söhbətləri göstərib.

“65 yaş senzi məsələsi hər yerdə olduğu kimi, Şəkidə də narazılıqlar yaratdı. Tutaq ki, orada işləyən bir 65 yaşlı insan özündən başqa 5 nəfəri saxlayırdı. Düzdür, gəliri az da olsa, oğluna, nəvəsinə köməklik edirdi. 65 yaşdan yuxarı müəllimlərin işdən çıxarılması Şəkidə böyük narazılıqlar yaratdı”.

Səhiyyə sistemi barədə isə həmsöhbətimiz xəbərsiz olduğunu qeyd edib.

Həmkarımız Şəki rayonuna yeni təyin edilən icra başçısının müəyyən görüşlər keçirdiyini və müəyyən işlər də gördüyünü vurğulayıb. “Yeni icra başçısının gördüyü işlər Şəkinin xarici görkəmin dəyişməsi ilə bağlıdır. Amma başqa sahələrlə bağlı hələ iş aparmır.

Rayondan seçilən deputatlara gəlincə isə onlar öz seçiciləri ilə maraqlanmırlar. Yəni bu sahədə də nəzərə çarpacaq bir şey yoxdur” deyə sonda Sevil Zeynalqızı əlavə edib.

Azərbaycan Dövlət Televiziyasında İnformasiya Studiyasının direktor müavini Vəli Əkbər ilk öncə Şəkinin tarixi məqamları barədə maraqlı məlumatlar verib. O qeyd edib ki, Şəki Azərbaycanın bu günlərə gəlib çatan canlı tarixidir. Direktor müavini Şəkini Azərbaycanıın heykəli adlandırır.

“Bu mövzuda dostlarımla söhbətlərim zamanı Şəkiyə Azərbaycanın heykəli deyirəm. Bu şəhər nələrdən keçməyib. Əgər tarixi məqamlarla Quzey Azərbaycandakı indiki şəhər və rayon mərkəzlərinə baxsanız, görəcəksiniz ki, heç biri ilk məkanında bərqərar olmayıb. Düzdür, tarixçilərin mülahizələrinə görə, “Şəki” adlanan indiki şəhər də qədim Niqanın (Nuxa) yerindədir. Yəni Şəki (Saka və ya Şakaşen) indiki yerindən təxminən 10-15 km cənuba doğru yerdə olub”.

Orada ciddi arxeoloji qazıntılara ehtiyac duyulduğunu vurğulayan Vəli Əkbər qədim şəhərin üzə çıxarılıb bərpasının əhəmiyyətli olacağını düşünür.

“İndiki Şəki isə lap Herodotun yazılarında keçən Niqa adı ilə zamanın qoy özünə qaytarılsın. Onda bəlli olar ki, Saka və Sakatala (Zaqatala) adlanan bu yerlər kimlərin oylağı olub. Burada min illərcə yaşamış Saklar, muğlar, kınık türkləri Oğuzun əsas tayfaları sayılıb və çox dərin mədəni irs qoyub gediblər.

Sizin mənə ünvanladığınız suallar isə bir balaca keçmişindən söz açdığım elatın fövqündə çox aciz suallardır. Şəkiyə acizlik yaraşmır. Onu zaman –zaman tarixdən silmək istəyənlər olub. Amma görürsüz ki, hər şey ortadadır”.

Sovet dövründə Azərbaycan tarixinin təhrif olunduğunu və buna misal olaraq da Dədə Qoruq filmini göstərən müsahibimiz bu boyda xəyanətlərin olduğunu desə də, suallarımıza geniş cavab verməyib.

Vəli Əkbər qeyd edib ki, Şəki rayonunun təhsil, səhiyyə sistemi, insanların dolanışığı Azərbaycanın hər yerində olduğu kimidir.

“Nə aşağı, nə yuxarı. Mən ölkəmizdə kəskin fərqlərlə yaşayan region tanımıram. Olsun ki, bir region təbii sərvətləri baxımından bir az irəlidir. Amma elə yerlərin də adamları tənbəl olur. Məsələn, bizim kəndin caamatı elə o cür tənbəldir. Təbiət varlı olduğu üçün bizim tərəflərdən bir-iki adam Rusiyaya işləmək üçün gedib. Kəndlərimizin hamısı adamla doludur, boşalanı yoxdur”.

Bundan əlavə, Vəli Əkbər Şəkinin elektrik enerjisi ilə təminatının tam həll olunduğunu deyir. Ancaq o, rayonun bütün kəndlərinin hələ tam qazlaşdırılmadığını da qeyd edib.

“Şəkidə modul tipli elektrik stansiyası var və 24 saat işıq təminatı mövcuddur. Qaz bütün kəndlərdə yoxdur. Amma Dövlət Proqramına görə, 2013-cü ilin sonuna qədər tam qazlaşma başa çatdırılacaq”.

Müsahibimiz Şəkidə iş yerləri tapmağın mümkün olduğunu deyib.

İcra başçısının fəaliyyətinə gəlincə, Vəli Əkbər Şəkiyə yeni təyin olunmuş Elxan Usubovdan yerli camaatın razılıq etdiyini vurğulayıb.

“O gələndən Şəkidə bir canlanma var. Tikinti-quruculuq işləri sürətlənib. Onu qeyd edim ki, Elxan Usubovdan əvvəl – 1988-ci ildən bəri Şəkidə rəhbər əslən şəkililər olub. Çox təəssüf ki, onların Şəkiyə faydası sovet dövründə işləmiş şəkili olmayan Sadıq Murtuzayev, Hadı Rəcəbli qədər olmayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də regiona səfəri zamanı qeyd etmişdi. Yeni icra başçısı Elxan Usubov fəaliyyətə yaxşı başlayıb. Ümüdvaram ki, axıra qədər də yaxşı olacaq”.

“O ki qaldı millət vəkillərinə, özünüz bir baxın. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov – bir mücadilə adamı, cəsarətli, ağsaqqal bir türk kişisi. Əli Məsimli – savadlı iqtisadçı, nəzakətli, sağlam düşüncəli bir türk. Şəkililər millət vəkilindən indiki zamanda nə tələb etməyin lazım olduğunu bilirlər. Millət vəkili millətin dili, beyni, hüququdur. Yol, su, qaz çəkən deyil. Amma bildiyim qədər adamların bu ehtiyacını da aradan qaldırmağa köməklik göstərirlər”-deyə müsahibimiz əlavə edib.

Şəkinin yumoru ilə məşhur olduğunu deyən Vəli Əkbər şəkililərin baməziliklə hələ çox şeyləri həll edəcəyini qeyd edib. O bizim üçün hələ bir lətifə də danışıb:

İki şəkili güzəranla bağlı bir-biriylə mübahisə eləyir.
– Hayindi diyirlər ki, gələn ildən Şəkidə qaz, işıq, su, istilik hamısı düz 24 saat oluciyhdi.
– Ə, di sən öl…
– Ə, sən öl..!
– Hayindi, utanmırsan maa “sən öl” vurursan, keçən il də dimişdilər. Amma qışda heç olmasa qarı da olsa əridib su eləməyə nə qaz oldu, nə işıq…
– A gözuu yiyim, mən də saa ona görə ürəkli “sən öl” diyirəm ki, ha bı qışda da yaşıyıb əziyyət çəkmiyəsən.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO