Şəkidə alman kitab sərgisi açılıb

Şəkidə “Münhen” kitabxanasının beynəlxalq sərgisi açılıb. Almaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə sülh və tolerantlıq mövzusunda onlarla kitab nümayiş etdirilir. SİA-nın Şimal-qərb bürosu xəbər verir ki, acılış mərasimində kitabsevərlərlə yanaşı, rayon rəhbərləri də iştirak edib. Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova son illər Almaniyanın ölkəmizdəki səfirliyinin respublikanın şəhər və rayonlarında, eləcə də Şəkidə sərgilər, konsertlər təşkil etdiyini razılıq hissi ılə nəzərə çarpdırıb. Sonra Şəki şəhər İcra Hakimiyyəti adından səfirliyin nümayəndəsinə xatirə hədiyyəsi təqdim olunub.
Tədbir iştirakçıları sərgiyə maraqla baxıblar.
Almaniyanın ölkəmizdəki səfirinin müşaviri xanım Kristel Krause əməkdaşımızla müsahibəsində bildirib ki, “Münhen” Beynəlxalq Gənclər Kitabxanası 1949-cu ildə yaradılıb. Onun sözlərinə görə, kitabxananın fondunda 130 xarici dildə 530 min nüsxədən artıq kitab saxlanılır. “Bu kitabxana dünyanın ən böyük kitabxanalarından biri hesab olunur. Bu sərgi isə dünyanın 100-dən artıq ölkəsində nümayiş etdirilib. İnsanlar, ölkələr arasında körpü salmaq sərginin əsas qayəsini təşkil edir”, – deyə K.Krause əlavə edib.
Qeyd edək ki, sözügedən sərgi 10 gün davam edəcək.

SİA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO