Kağız üzərində mövcud olan muzey

Kağız üzərində mövcud olan muzey Qarabağ Tarixi Muzeyinin yaradılması lazımdırmı?

Torpaqlarımız təcavüzə məruz qalandan bəri işğal altında olan maddi-mənəvi sərvətlərimiz haqqında danışılır. Ölkənin rəsmi dairələrində məsələyə münasibət bildirilir, problemin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasından ötrü müəyyən addımlar atılır.

Reallıq isə budur ki, hazırda işğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey erməni silahlı dəstələri tərəfindən dağıdılıb. Belə ki, muzeylər arasında keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı məhv edilib, Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana aparılıb.

Şuşanın zəbt edilməsi nəticəsində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi viran edilib. Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Xocalı və Laçın rayon muzeylərinin eksponatları tamamilə erməni işğalı altında qalıb. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilib. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb.

Vahid işğal muzeyi

Söz Azadlığı Müdafiə Fondunun (SAMF) işğal olunmuş ərazilərdə apardığı araşdırmalardan da məlum olub ki, bütünlükdə 9 rayonun tarix-diyarşünaslıq muzeylərinin vəziyyəti və eksponatlarının taleyi qənaətbəxş deyil. Fondun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi çərçivəsində apardığı müxtəlif istiqamətli tədqiqatlardan məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən muzeylər arasında Dövlət Qarabağ Tarixi Muzeyinin də adı var. SAMF-ın icraçı direktoru Vüqar Tofiqli işğal altında olan diyarşünaslıq muzeylərinin vəziyyəti və işğalda qalan muzeylərlə bağlı vahid bir mərkəzin yaradılması təklifi ilə hazırladıqları məktubu əlaqədar qurumlara, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinə ünvanlayıb: “Muzeylərin eksponatları, işğal altında qalan maddi-mədəni irslə bağlı bütün məqamlar həmin muzeydə öz əksini tapsın və bu, protokol qaydasına salınsın. Əsas məqsəd bütün bu eksponatların ölkəmizə gələn xarici qonaqlara təqdim olunmasıdır. Yəni onlar bilsinlər ki, bizə bu qədər ziyan dəyib, həmin ərazilər bizimdir və s.”

SAMF-ın araşdırmalarından məlum olub ki, 1991-ci ilin əvvəllərində keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə Şuşada Qarabağ Tarixi Muzeyi yaradılıb və muzeyin ştat cədvəli də müəyyən olunub. Altı ay müddətində həmin muzeyə 1500-dən artıq eksponat toplanıb. Ancaq həmin dövrlərdə hökm sürən gərgin vəziyyət ucbatından muzey üçün yer müəyyənləşdirilməyib və eksponatlar da nümayiş etdirilməyib. Nazirin əmri də elə kağız üzərində qalıb. Yəni əmrin icrası ilə bağlı heç bir addım atılmayıb.

V.Tofiqli muzeyin struktur olaraq nazirliyin saytında da yerləşdirildiyini bildirir: «Əgər struktur varsa, nazirliyin özü də maraqlı olmalıdır ki, həmin strukturun fəaliyyəti hansı şəkildə qurulub». SAMF direktoru hesab edir ki, muzeyin yaradılacağı təqdirdə işğal altında olan rayonların maddi-mədəni irsi barədə konkret material toplayıb gələn ziyarətçilərə nümayiş etdirmək mümkündür: “Biz hamıya isbatlaya bilərik ki, işğal olunan ərazilərdə hansı eksponatlar olub”.

Arxeoloji eksponatların taleyi

Bundan əlavə, SAMF işğal altında olan 9 rayonun diyarşünaslıq muzeyləri haqqında da ətraflı məlumat toplayıb və o materiallar diyarşunasliq.az saytında yerləşdirilib. Fondun araşdırmalarına görə, tarix-diyarşünaslıq muzeylərinin əksəriyyətində olan zəngin eksponatlar o zaman Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinə təhvil verilib. «Qaydalara görə, fors-major halları nəzərdə tutulmadığı üçün həmin eksponatların çıxarılması qanuna zidd olub. Müəyyən mənada eksponatların həmin muzeylərdən çıxarılması sual altında qalıb. O vaxtkı siyasi çəkişmələr prosesin lazımınca yerinə yetirilməsinə imkan verməyib. Nəticədə muzeylərin saysız-hesabsız eksponatları işğal altında qalıb. Təkcə Lətif Kərimovun təşəbbüsü ilə yaradılan Xalça Muzeyinin eksponatlarını və Şuşa, Füzuli və Cəbrayıl rayon muzeylərinin eksponat fondundan qismən materialları çıxara biliblər. Həmin eksponatlar da Muzey Mərkəzinin fonduna təhvil verilib. Ancaq onların taleyi necə olub? Biz onları nümayiş etdirə bilirikmi?»

SAMF direktoru bildirir ki, o muzeylərin bir qismi hazırda fəaliyyətini davam etdirir. Belə ki, Xocalı diyarşünaslıq muzeyi işləyir. Laçın muzeyi hansısa yataqxananın bir otağında, Ağdam diyarşünaslıq muzeyi Qaradağ rayonunda fəaliyyət göstərir. Tutaq ki, Ağdam muzeyində 1500, Laçın muzeyində 1000, Xocalı muzeyində 1500 eksponat var. Ancaq gəlin görək həmin muzeylər bugünkü standartlara cavab verirmi?”
V.Tofiqlinin sözlərinə görə, AMEA-nın arxeoloji ekspedisiyası mütəmadi olaraq həmin ərazilərdə qazıntı işləri aparır və onlar gətirdikləri eksponatları tədqiq edirlər. “İndiyə kimi 100-150 eksponatı sərvət olaraq diyarşünaslıq muzeylərinə hədiyyə ediblər. Ancaq biz həmin sərvətləri gələcək nəsillərə ötürə biləcəyikmi? Ərazilərdən hansı eksponatların tapılması haqqında onlara məlumat verə biləcəyikmi?

Saytlarda həmin materiallar yerləşdirilib. Ancaq mühafizə sistemi yoxdur. Fəaliyyətdə olan muzeylərdə apardığımız monitorinqlər nəticəsində məlum olub ki, muzeylər birotaqlı, şəraitsiz yerlərdə fəaliyyət göstərirlər, digər tərəfdən havasızlıq, həm muzey əməkdaşlarının normal fəaliyyətini, həm də toplanmış eksponatların qorunmasını ciddi şəkildə sual altına qoyur”.

Gündəmdə olmayan məsələ

Qeyd edək ki, rəsmi mənbələrdə işğal nəticəsində respublikamıza dəyən ümumi zərərin məbləğinin orta hesabla 7 milyard ABŞ dolları civarında olduğu göstərilir. «Hələlik bizdə bu qiymətin hansı standartlarla öyrənilməsi ilə bağlı sistem yoxdur. Dünyada isə maddi-mədəni sərvətlərə dəyən ziyanı öyrənən sistem mövcuddur. Güman edirəm ki, bununla bağlı müvafiq strukturlar tərəfindən sistemli iş aparılmalıdır. Dövlət Qarabağ Tarixi Muzeyinin yaradılması, fəaliyyətinin bərpası, sistemli şəkildə inkişafı da məhz həmin proqramın tərkib hissəsindən biri olmalıdır. Burada da maraqlı olan tərəf, daha doğrusu, icraçı tərəf bu siyasəti həyata keçirən Mədəniyyət və Turizm Nazirliyidır»- deyə V.Tofiqli bildirir.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsi Vüqar Tofiqlinin ünvanladığı məktuba cavab olaraq SAMF-ın «Tarixdiyarşünaslıq muzeyləri və erməni vandalizmi» mövzusunda keçirdiyi Dəyirmi masanı təqdirəlayiq hesab edib. «İşğal olunmuş ərazilərin fəaliyyət göstərməyən muzeylərinin, o cümlədən 90-cı illərdə əsası qoyulan Dövlət Qarabağ Tarixi Muzeyinin işinin canlandırılması, habelə, işğal olunmuş muzeylərə dəymiş maddi ziyanın indiki qiymətlərlə hesablanması məsələsini aktual hesab edir və bu işdə fond tərəfindən bizə göstəriləcək əməli köməyə görə öz minnətdarlığımızı bildiririk» – deyə cavab məktubunda yazılıb.

Nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev «Qarabağ Tarixi Muzeyinin yaradılması ehtimalı varmı?» sorğumuza cavab olaraq bildirdi ki, hazırda bu muzeyin yaradılması gündəmdə deyil: «Qarabağ muzeyi hər halda Qarabağda yaradılmalıdır. Biz güman edirik ki, gün gələcək, işğal altında olan torpaqlarımız geri qayıdacaq. Torpaqlarımızın erməni əlində olması müvəqqəti bir haldır. Məncə, Qarabağ muzeyinin Bakıda yaradılması bu gün üçün aktual deyil. Gələcəkdə – torpaqlarımız qayıdandan sonra həmin məsələyə baxıla bilər. Bu gün isə gündəlikdə belə bir məsələ yoxdur».

V.Tofiqli isə problemin çarəsini məhz Dövlət Qarabağ Tarixi Muzeyinin yaradılmasında görür. SAMF direktoru hesab edir ki, məhz həmin muzeydə bu cür eksponatların nümayişi keçirilə bilər. V.Tofiqlinin fikrincə, muzeydə hər bir rayonun tarixi-mədəni irsi barədə məlumat və eksponatların nümayişi çox böyük səmərə verə bilər. Bu proseslərə vətəndaş cəmiyyətinin cəlb edilməsi prosesin həyata keçirilməsini daha da sürətləndirər: “İşğaldan 20 ilə yaxın vaxt keçir. Artıq müəyyən eksponatlar da itib, ziyan dəyib. Ancaq biz bunu bərpa etməliyik. Bu, bizim borcumuzdur. Fikrimizcə, vaxtı ilə yaradılan Dövlət Qarabağ Tarixi Muzeyinin bərpası və onun adına layiq bir yerdə fəaliyyəti gənc nəslin təlim-tərbiyəsində, həm də ölkəmizin tanıdılmasında müstəsna rol oynaya bilər”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO