Kabel televiziyası sahəsində fəaliyyət qaydaları

“Media forum” saytı Milli Televiziya və Radio Şurasının qəbul etdiyi “Kabel televiziyası sahəsində fəaliyyət qaydaları”nı oxucuların diqqətinə çatdırır. Qaydalar qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə göndərilib.

I. Ümumi müddəalar

Bu qaydalar Azərbaycan Respublikasında kabel yayımının əsaslarını və bu sahədə fəaliyyət göstərən, kabel televiziya xidmətlərindən istifadə edən fiziki və hüquqi şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini müəyyən edir.

1.Qaydaların məqsədi

– Azərbaycan Respublikası ərazisində kabel televiziyası xidmətinin həyata keçirilməsinə şərait yaratmaq;

– kabel televiziyası xidmətindən istifadə edən abonentlərin, bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını müdafiə etmək;

– kabel televiziyası sahəsinin inkişafı üçün əlverişli şərait yaratmaq.

2. Qaydaların təsir dairəsi

2.1. Bu qaydalar kabel televiziyasının yaradılması və istismarı, kabel televiziya xidməti üçün tezlik spektrindən istifadə ilə əlaqədar hüquqi münasibətləri tənzim edir.

2.2. Bu qaydalar aid edilmir:

2.2.1. dövlətin idarə edilməsi, müdafiəsi, təhlükəsizliyi, qorunması məqsədi üçün tətbiq edilən kabel televiziyası şəbəkələrinə;

2.2.2. ümumi rabitə və yayım şəbəkələrinə qoşulmayan istehsalat, texnoloji və tədqiqat məqsədləri üçün işlədilən kabel televiziyalarına.

3. Kabel televiziyası sahəsində qanunvericilik

Kabel televiziyası şəbəkəsi «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu, «Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanunu, bu sahəni tənzim edən digər qanunvericilik aktları və bu Qaydalarla tənzimlənir.

4. Əsas anlayışlar

4.1. kabel televiziyası abonenti – kabel televiziyası operatoru ilə bu xidmətin göstərilməsi üçün müqavilə bağlamış kabel televiziyası istifadəçisi;

4.2. abonent qurğusu – kabel televiziyası siqnalını qəbul etmək və ya ötürmək üçün istifadə edilən, abonentin şəxsi malı olan və ya ona müvəqqəti istifadə üçün verilmiş otaqdaxili texniki vasitələr;

4.3. abonent şəbəkəsi – abonentə onun yaşayış sahəsində və ya ictimai yerdə bu xidməti göstərən kabel paylayıcı şəbəkə;

4.4. kabel televiziyası yayım təşkilatı – lisenziya (xüsusi razılıq) əsasında fəaliyyət göstərən, məlum televiziya və ya radio yayım proqramlarını dəyişdirmədən, kabel və ya efir-kabel vasitəsilə yayımlayan hüquqi və ya fiziki şəxs;

4.5. kabel televiziyası fəaliyyəti – kabel televiziyası şəbəkəsini layihələndirən, quran, rekonstruksiya edən və istismar edən, habelə bu şəbəkədə xidmət göstərən hüquqi və ya fiziki şəxsin fəaliyyəti;

4.6. əlavə məlumat – TV proqramlarının məzmunu ilə əlaqəsi olmayan, TV siqnallarının tərkibində verilən hərflər, rəqəmlər, qrafiki material və s. şəkildə olan vizual, audio-vizual və ya səs məlumatı;

4.7. kabel televiziyası – müəyyən ərazidə mövcud televiziya və radio proqramlarının kabel və ya efir-kabel vasitəsilə yayımlanması;
4.8. kabel televiziyası operatoru – rabitə operatoru olaraq lisenziya (xüsusi razılıq) əsasında kabel televiziyası xidməti göstərməyə hüququ olan hüquqi və ya fiziki şəxs;

4.9. kabel televiziyası şəbəkəsi – müəyyən ərazidə abonentlərə kabel və ya efir-kabel vasitəsilə kabel televiziyası xidmətini göstərmək imkanı olan texnoloji sistem;

4.10. kabel televiziyası şəbəkəsi ilə televiziya proqramlarının translyasiyası – kabel televiziyası avadanlığı ilə yayımlanan televiziya və radioyayım proqramlarının siqnallarının qəbulu, formalaşdırılması, bu proqramların məzmununu dəyişdirmədən onların siqnallarının işlənməsi və abonentlərə paylanması.

4.11. proqram paketi – müqavilə əsasında kabel televiziyası operatorunun kabel televiziyası abonentlərinə təklif etdiyi müxtəlif televiziya və radio proqramlarının məcmusu.

4.12. retranslyasiya – yayımçının yayımladığı televiziya və radio proqramlarının məzmununu tamamilə və ya əsasən dəyişdirmədən eyni zamanda qəbulu və yayımı.

4.13. icra orqanı – rabitə sahəsində operator kimi fəaliyyət göstərən, yayım və rabitə üzrə dövlət siyasətini həyata keçirən orqan.

II. Kabel televiziyası şəbəkəsi

5. Kabel televiziyası şəbəkəsinin təsnifatı

5.1. Kabel televiziya şəbəkəsi elektriki rabitə şəbəkəsidir. Dövlət standartı, norma və qaydalar əsasında layihə sənədlərində kabel televiziyası şəbəkəsinin təsnifatı, strukturu və quruluşu göstərilməlidir.

5.2. Abonentlərin sayına görə kabel televiziyası şəbəkəsi cədvəl 1-dəki kimi sinifləşdirilir.

5.3. İstifadə edilən rabitə xəttinə görə kabel televiziyası üç yerə bölünür:
kabel televiziyası xətti – formalaşdırılmış televiziya siqnallarını yalnız kabel vasitəsilə ötürən kabel televiziya şəbəkəsi;

5.4. Proqram mənbəyinə görə kabel televiziyasının iki tipi vardır:
– mövcud TV proqramlarının kabel televiziyası ilə yayımı;
– mövcud və özünün bir TV proqramının kabel televiziyası ilə yayımı.

III. Kabel televiziyası şəbəkəsinin tənzimlənməsi

6. Kabel televiziyası şəbəkəsinin digər şəbəkələrə qoşulması

6.1. Kabel televiziyası operatorlarının siqnalın ötürülməsi məqsədilə digər rabitə şəbəkələrinə qoşulma hüququ vardır. Bu qoşulma qaydaları və şərtləri «Telekommunikasiya haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

6.2. Kabel televiziyası şəbəkəsinin rabitə şəbəkəsinə qoşularaq ondan istifadə etdiyi üçün ödənilən məbləğ kabel televiziyası operatoru ilə rabitə operatoru arasında iqtisadi cəhətdən əsaslandırılmış müqavilə ilə müəyyən olunur.

6.3. Kabel televiziyası üzrə keyfiyyətə kabel televiziyası operatoru məsuliyyət daşıyır.

7. Kabel televiziyasının mülkiyyət hüququ

7.1. Kabel televiziyası şəbəkəsi Azərbaycan vətəndaşı olan hüquqi və ya fiziki şəxsin (şəxslərin) və ya bələdiyyə orqanının mülkiyyəti ola bilər.

7.2. Xüsusi razılığın (lisenziyanın) bir hüquqi və ya fiziki şəxsdən digərinə, habelə bir təşkilatdan digərinə verilməsi, bağışlanması, dəyişdirilməsi və satılması qadağandır.

7.3. Xarici ölkələrin hüquqi və fiziki şəxsləri kabel televiziyasının təsisçisi ola bilməz.

8. Kabel televiziyası sahəsinin fəaliyyətinin tənzimlənməsi

8.1. Kabel televiziyası sahəsinin fəaliyyətinin tənzimlənməsi və bu işə nəzarət Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən həyata keçirilir.

8.2. Kabel televiziyası sahəsində fəaliyyətin tənzimlənməsi və nəzarəti zamanı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası :

– kabel televiziyası sahəsində dövlət siyasətini müəyyən edir və onun həyata keçirilməsinə nəzarət edir;

– kabel televiziyası sahəsində qanun layihələrini, normativ aktları, proqram sənədləri, qayda və təlimatları işləyir;

– kabel televiziyası sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin dövlət və icra orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir;

– şəbəkədəki radioelektron vasitələrinin istifadə və istismarı üzrə kabel televiziyası operatorunun fəaliyyətinə nəzarət edir;

– kabel televiziyası sahəsində istifadə olunan avadanlıqlara qoyulan texniki tələbləri müəyyən edir.

8.3. Kabel televiziyası sahəsində fəaliyyət zamanı icra orqanı efir-kabel tipli kabel televiziyası sahəsində radiotezliklərin istifadəsi və elektromaqnit birgəliyinin təmin olunması ilə əlaqədar icazə və tənzimlənmə işlərini həyata keçirir.

9. Kabel televiziyası şəbəkəsində radiotezlikdən istifadənin tənzimlənməsi

9.1. Müvafiq icra orqanı kabel televiziyası şəbəkəsində radiotezlikdən istifadəni tənzim edir, elektromaqnit birgəliyinin tələb və normalarının yerinə yetirilməsi üzrə kabel televiziyası operatorunun fəaliyyətinə nəzarət edir.

9.2. Kabel televiziyası şəbəkəsində istifadə olunacaq kanalların sayı müvafiq elektromaqnit birgəliyi nəzərə alınmaqla kabel televiziyası operatoru tərəfindən hesablanmalıdır.

9.3. Kabel televiziyası operatoru kabel televiziyası şəbəkəsini qurduqda istifadə olunacaq tezlikləri müvafiq icra orqanı ilə razılaşdırmalı və bu razılaşma müvafiq sənədlərlə təsbit olunmalıdır.

9.4. Müvafiq icra orqanı lazım gələrsə, kabel televiziyası şəbəkəsində istifadə olunan tezliklərdə ölkənin müdafiəsi, təhlükəsizliyi, dövlətin idarə olunması və mühafizə xidməti naminə kabel televiziyası operatorunun xeyrinə olmayan dəyişiklikləri apara bilər.

9.5. Kabel televiziyası şəbəkəsində radiotezlikdən istifadənin illik haqqı regiondan asılı olaraq diferensial şəkildə müvafiq icra orqanı tərəfindən müəyyən olunur.

IV. Kabel televiziyası sahəsində lisenziyalaşdırma və fəaliyyət

10. Kabel televiziyası şəbəkəsinin lisenziyalaşdırılması

10.1. Kabel televiziyası sahəsində fəaliyyət bu qaydalara müvafiq olaraq Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının verdiyi lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir.

10.2. Kabel televiziyası sahəsində fəaliyyət üçün lisenziya (xüsusi razılıq) 6 il müddətinə verilir.

10.3. Kabel televiziyası operatoruna verilən lisenziyada (xüsusi razılıqda) kabel televiziyasının tipi göstərilməlidir. Kabel televiziyası operatorunun fəaliyyəti lisenziyada (xüsusi razılıqda) qeyd olunan kabel televiziyasının tipi ilə məhdudlanır.

10.4. Kabel televiziyası şəbəkəsində radiotezlikdən istifadə olunub-olunmaması lisenziyada (xüsusi razılıqda) qeyd olunmalıdır.

11. Kabel televiziyası avadanlığının uyğunluğunun təsdiqi

11.1. Kabel televiziyasının bütün avadanlığının Azərbaycan Respublikasında mövcud olan normativ tələblərə uyğun olması sertifikat üzrə və ya uyğunluq haqqında akt tərtib olunması yolu ilə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən yoxlanılmalıdır.

11.2. Kabel televiziyasının bütün avadanlıqları maddə 10.1-dəki qayda üzrə Milli Televiziya və Radio Şurası tərəfindən yoxlanılır və qeydiyyatdan keçirilir. Həmin normativə uyğun olmayan avadanlıqlar kabel televiziyası şəbəkəsində işlədilə bilməz.

12. Kabel televiziyası operatorunun fəaliyyəti

12.1. Kabel televiziyası operatoru lisenziyada (xüsusi razılıqda) göstərilmiş ərazidə fəaliyyət göstərərək, televiziya və radio yayım proqramlarının öz kabel televiziyası şəbəkəsi üzrə yayımını həyata keçirir.

12.2. Kabel televiziyası operatoru kabel televiziyası şəbəkəsi üzrə yayımlanacaq bütün mövcud televiziya və radioyayım proqramlarını və proqram paketlərini müvafiq dövlət orqanı ilə razılaşdırmalıdır.

12.3. Kabel televiziyası operatoru digər kabel televiziyası operatoruna (operatorlarına) onların fəaliyyətlərini həyata keçirmək üçün xidmət göstərə bilər.

12.4. Kabel televiziyası üzrə mövcud televiziya və radioyayım proqramlarının yayımı həmin proqram mənbəyinin sahibi ilə müqavilə bağladıqdan sonra həyata keçirilə bilər. Bu müqavilə televiziya və radio proqramlarının yayımının ödənişli və ya ödənişsiz əsaslarla həyata keçiriləcəyini əks etdirməlidir.

12.5. Kabel televiziyası operatorunun mövcud televiziya və radio proqramlarının tərkibində verilən əlavə məlumatların da kabel televiziyası şəbəkəsi üzrə yayımını aparmaq hüququ vardır.

Bu əlavə məlumatların yayımlanması üçün kabel televiziyası operatorundan əlavə lisenziya tələb olunmur.

13. Kabel televiziyası operatorunun məsuliyyəti

13.1. Kabel televiziyası operatoru Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qüvvədə olan standartlara, normativ sənədlərə, lisenziya şərtlərinə, yayım təşkilatları və rabitə operatorları ilə bağladığı müqavilələrin şərtlərinə riayət etməlidir.

13.2. Kabel televiziyası operatoru ilə müqavilə bağlamış yayım təşkilatları və rabitə operatorları bu müqavilənin şərtlərinə əməl etmək, mövcud standartlara, normativ sənədlərə riayət etmək üçün məsuliyyət daşıyırlar.

13.3. Kabel televiziyası operatorunun onun kabel televiziyası şəbəkəsi ilə yayımlanan mövcud televiziya və radio proqramlarının məzmununa nəzarət etmək hüququ vardır. Televiziya və radio proqramlarının tərkibində dövlətin və onun orqanlarının qanuni maraqlarına toxunan, dini və irqi ayrıseçkilik salan və “Televiziya və radio yayaımı haqqında” Azərbaycan Recpublikasının Qanunu ilə qadağan olunan digər verilişlər və məlumatlar üçün proqramın sahibi (yayımçı) məsuliyyət daşıyır. Kabel televiziyası operatoru belə proqramlarının kabel televiziyası şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı ilə bağladığı müqviləni qüvvədən düşmüş elan edə bilər.

13.4. Kabel televiziyası operatoru, yayım təşkilatı və rabitə operatorunun hüquqlarının pozulması ilə bağlı mübahisələrə məhkəmə qaydasında baxıla bilər.

14. Kabel televiziyası xidmətlərinin növləri

14.1. Kabel televiziyası operatorunun xidmətlərinin növləri və siyahısı ona Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziya ilə müəyyən olunur.

14.2. Kabel televiziyası operatoru müqavilə əsasında onun abonenti olan fiziki və hüquqi şəxslərə və digər kabel televiziyası operatorlarına, dövlətin müdafiəsi və təhlükəsizliyi üçün lazım olduqda müvafiq dövlət strukturlarına kabel televiziyası xidmətini göstərməlidir.

14.3. Kabel televiziyası operatoru öz texniki imkanları çərçivəsində aşağıdakı xidmətlərdən birini, bir neçəsini və ya hamısını göstərə bilər:

14.3.1. mövcud televiziya və ya radio proqramlarının kabel televiziyası şəbəkəsi üzrə yayımı;

14.3.2. televiziya və (və ya) radio proqramlarının digər kabel televiziya şəbəkəsinə ötürülməsi;

14.3.3. kabel televiziyası şəbəkəsinin abonent avadanlıqlarında təmir və rekonstruksiya işlərinin aparılması.

V. Kabel televiziyası operatorunun və abonentlərin hüquqları, vəzifələri və məsuliyyətləri

15. Kabel televiziyası operatorunun hüquq və vəzifələri

15.1. Kabel televiziyası operatorunun aşağıdakı hüquqları vardır:

15.1.1. ona verilmiş lisenziya (xüsusi razılıq) çərçivəsində kabel televiziyası abonentlərinə müqavilə əsasında standartlara uyğun olan kabel televiziyası xidmətini göstərmək;

15.1.2. kabel televiziyası abonentləri xidmət haqqı, abonent avadanlığının və kabel televiziyası şəbəkəsinin istismarı üzrə müqavilə şərtlərini pozduqda kabel televiziyası xidmətini ləğv etmək və ya dayandırmaq;

15.1.3. müəyyən səbəblərdən kabel televiziyası şəbəkəsinin girişinə verilməli olan televiziya və radio yayım siqnallarının seçilmiş mənbədən daxil olması kəsildikdə ona alternativ (və analoq) olan mənbədən həmin siqnalların verilişini təmin etmək və bu da mümkün olmadıqda kabel televiziya xidmətini müvəqqəti olaraq dayandırmaq.

15.2. Kabel televiziyası operatorları öz hüquqlarını qorumaq üçün öz aralarında birləşərək ittifaq, birlik və ya assosiasiya yarada bilər. Bu birliklər Azərbaycan Respublikasının “Kabel Televiziyası sahəsində fəaliyyət qaydaları” çərçivəsində çıxış edə bilərlər.

15.3. Kabel televiziyası operatoru borcludur:

15.3.1. televiziya və radio proqramlarının tərkibində dövlətin və onun orqanlarının qanuni maraqlarına toxunan, dini və irqi ayrı-seçkilik salan və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan digər verilişlər və məlumatlar olduqda onların yayımını dayandırmağa və bu barədə müvafiq dövlət orqanına məlumat verməyə;

15.3.2. kabel televiziyası xidmətini göstərməyə və kabel televiziyası şəbəkəsinin işini ona verilmiş lisenziya (xüsusi razılıq) əsasında normativ sənədlər və standartlara uyğun olaraq təmin etməyə;

15.3.3. kabel televiziyası şəbəkəsində baş vermiş nasazlığı abonentin bu barədə xəbər verdiyi andan keçən iki sutka ərzində və ya abonentlə bağlanmış müqavilədə göstərilmiş müddət ərzində aradan qaldırmağa;

15.3.4. kabel televiziyası şəbəkəsindən açılmış abonent avadanlığını abonent avadanlığının şəbəkədən açılmasına səbəb olan nasazlığın aradan qaldırılması haqqında məlumat veriləndən sonrakı iki sutka ərzində yenidən şəbəkəyə qoşmağa;

15.3.5. kabel televiziyası abonentlərinə kabel televiziyası xidmətləri haqqının dəyişdirilməsi və abonent avadanlığının kabel televiziyası şəbəkəsindən açılması haqqında yazılı şəkildə ən azı bir həftə qabaq xəbərdarlıq etməyə;

15.3.6. kabel televiziyası şəbəkəsində baş vermiş ən böyük və uzunmüddətli nasazlıq və onun aradan qaldırılması müddəti haqqında abonentlərə xəbərdarlıq etməyə;

15.3.7. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası və icra orqanına bu şəbəkədə təftiş və yoxlama işlərinin həyata keçirilməsinə şərait yaratmağa və köməklik göstərməyə;

15.3.8. kabel televiziyası abonentlərinə onların hüquq və vəzifələri, bu şəbəkənin xidmətləri, qiymət və güzəştləri, şəbəkənin xidmətlərinin genişləndirilməsi və s. haqqında pulsuz məlumat verməyə.

16. Kabel televiziyası abonentlərinin hüquq və vəzifələri

16.1. Kabel televiziyası abonentlərinin aşağıdakı hüquqları vardır:

16.1.1. müxtəlif kabel televiziyası operatorları ilə kabel televiziyasının fəaliyyəti çərçivəsində ona xidmət göstərilməsi üçün müqavilə bağlamaq;

16.1.2. kabel televiziyası operatoru ilə bağlanmış müqaviləyə uyğun olaraq kabel televiziyası şəbəkəsinə qoşulmaq;

16.1.3. öz hüquqları və vəzifələri, xidmət növləri, onların qiyməti, güzəştlər, kabel televiziyası operatorunun hüquq və vəzifələri haqqında olan məlumatlardan istədiyi vaxt sərbəst istifadə etmək;

16.1.4. kabel televiziyası operatoru ilə kabel televiziyası xidmətinin göstərilməsi üçün bağlanmış müqaviləni dayandırmaq;

16.1.5. həmin ərazidə fəaliyyət göstərən kabel televiziyası xidmətindən istifadə etmək;

16.1.6. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

16.2. Kabel televiziyası abonentinin ixtiyarı yoxdur:

16.2.1. mövcud standarta və texniki normalara uyğun gəlməyən abonent qurğusunu kabel televiziyası şəbəkəsinə qoşmağa;

16.2.2. kabel televiziyası operatorunun müvafiq icazəsi olmadan kabel televiziyası şəbəkəsinə abonent avadanlığını qoşmağa;

16.2.3. abonent şəbəkəsində kabel televiziyası operatorunun icazəsi olmadan yerdəyişmələr etməyə.

16.3. Kabel televiziyası abonentləri borcludur:

16.3.1. kabel televiziyası operatoruna öz yaşayış sahəsində və ya iş yerində abonent şəbəkəsində və avadanlığında təmir, ölçmə və profilaktik işləri aparmaq üçün şərait yaratmağa;

16.3.2. kabel televiziyasının operatoru ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyə, ona göstərilən xidmətlərin haqqını vaxtında və tam həcmdə ödəməyə;

16.3.3. öz mənzili və ya iş yerində abonent şəbəkəsi və ya abonent avadanlığının texniki istismar qaydalarına əməl etməyə;

16.3.4. kabel televiziyası şəbəkəsində istifadə olunan abonent avadanlığı haqqında kabel televiziyası operatoruna məlumat verməyə.

17. Kabel televiziyası operatorunun məsuliyyətləri

17.1. Kabel televiziyası operatoru aşağıdakılar üçün məsuliyyət daşıyır:

17.1.1. mövcud standarta uyğun keyfiyyətli və vaxtında kabel televiziyası xidmətini göstərmək, kabel televiziyası şəbəkəsində yaranan nasazlıqların vaxtında aradan qaldırmaq;

17.1.2. kabel televiziyası xidmətlərinin keyfiyyəti haqqında dəqiq məlumat vermək;

17.1.3. müqavilədə nəzərdə tutulan vəzifələrini yerinə yetirmək.

17.2. Kabel televiziyası operatoru kabel televiziyası xidmətini göstərə bilmədikdə və ya natamam göstərdikdə məsuliyyətdən azad olunur:

17.2.1. aradan qaldırılması mümkün olmayan faktorların təsiri mövcud olduqda;

17.2.2. fövqəladə xarakterli şərait yarandıqda;

17.2.3. üçüncü şəxsin təsiri mövcud olduqda;

17.2.4. abonent tərəfindən müqavilə şərtləri pozulduqda.

VI. Kabel televiziyası sahəsində qarşılıqlı münasibətlər

18. Şikayət və mübahisələrə baxılması qaydası

18.1. Kabel televiziyası sahəsində şikayət və mübahisələrə baxılması bu qaydalarla müəyyən olunur.

18.2. Kabel televiziyası operatoru müqavilə şərtləri üzrə öz vəzifəsini tam və ya lazımi səviyyədə icra etmədikdə kabel televiziyası abonenti kabel televiziyası operatoruna şikayət edə və narazılığını bildirə bilər. Abonent bu halda ona standarta uyğun olmayan xidmətlərin göstərilməsi, müqavilə şərtlərinin pozulması, kabel televiziyası operatoru və onun xidmətləri haqqında dəqiq olmayan məlumatların verilməsi kimi faktları əsas tutub, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ona dəymiş itkilərin ödənilməsini tələb edə bilər.

18.3. Şikayət və narazılıqlar yazılı şəkildə verilir, kabel televiziyası operatoru tərəfindən hökmən qeydiyyatdan keçirilir. Şikayət və ya narazılığa qeydiyyatdan keçdiyi vaxtdan başlayaraq bir ay ərzində cavab verilməlidir.

18.4. Kabel televiziyası şəbəkəsi üzrə verilmiş şikayət və narazılıqlar onların qeydiyyatdan keçdiyi müddətdən sonrakı on gün ərzində aradan qaldırılmalıdır. Nasazlıqların digər tez və ya gec müddət ərzində aradan qaldırılacağı müqavilədə göstərilə bilər.

19. Kabel televiziyası sahəsində mübahisələrin həlli

Kabel televiziyası operatoru ilə əlaqədar rabitə operatoru, televiziya və radio proqramlarının yayım təşkilatları və abonentlər arasındakı mübahisələr tərəflərdən hər hansı birinin ərizəsi əsasında Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll oluna bilər.

20. Ziyanın ödənilməsi

20.1. Kabel televiziyası şəbəkəsi üzrə verilişlərin dayanması və xüsusi səbəb olmadan məhdud müddət ərzində verilməsi kabel televiziyası operatorunun vurduğu ziyan kimi qiymətləndirilir.

20.2. Ziyanın ödənilməsi ilə bağlı mübahisələr Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq həll edilir.

20.3. Kabel televiziyası sahəsində fəaliyyəti zamanı kabel televiziyası təşkilatlarının vurduqları ziyanların ödənişi könüllü və ya məhkəmə qərarı əsasında yerinə yetirilə bilər.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 noyabr 2009-cu il tarixli 08 saylı iclasının qərarı ilə təsdiq edilmişdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO