Jurnalistlərlə FHN arasında yeni əməkdaşlığa ehtiyac yaranıb

Fövqəladə hallar şəraitində hər bir kəsin çətinlikdən çıxmaq və təhlükədən uzaq olmaq üçün müəyyən təcrübələrə yiyələnməsi vacibdir. Bu, ən azından, həmin hallarda sağ qalmaq baxımından olduqca lazımlıdır. Əks halda zəlzələ, sunami, qasırğa və digər bu kimi fövqəladə vəziyyətlərdə ölən və yaralananların sayı daha çox ola bilər. Buna yol verməmək üçün isə əhalinin bütün təbəqələrinə, o cümlədən baş verən insan həyatı üçün təhlükəli hadisələri işıqlandıran mətbuat işçilərinə müəyyən kurslar və digər maarifləndirici tədbirlər keçilməlidir.

Bu yolla onlara sözügedən vəziyyətlərdə özlərini necə aparmaq lazım gəldiyini aşılamaq olar. Bildiyiniz kimi, Türkiyənin Van şəhərində baş verən ikinci zəlzələnin qurbanları arasında bir jurnalist də olub. Bu, Yaponiyadan olan jurnalistdir. Hansı ki, vətəndaşı olduğu ölkədə zəlzələ kimi təbii fəlakətlər tez-tez olduğundan, o olaydan qorunmaq barədə başqa ölkələrdən olan həmkarları ilə müqayisədə təcrübəsi daha çox olmalı idi. Jurnalistin başına gələn bu hadisə təbii fəlakət hallarını işıqlandıran mətbuat işçilərinin bu sahədə maarifləndirilməsinə böyük ehtiyac olduğunu göstərdi. Bunu Azərbaycana da şamil etmək olar. Bizdə də əksər qələm sahibləri təhlükəli anlarda özlərini necə aparmaq lazım gəldiyini bilmir. Düzdür, xoşbəxtlikdən bizdə, hələ ki, heç bir jurnalist təbii fəlakətin qurbanı olmayıb. Amma bu o demək deyil ki, onların bu sahədə maariflənməsinə ehtiyac yoxdur. Yapon jurnalistinin başına gələn olay göstərdi ki, mətbuat işçilərinin belə zonalarda təhlükəsiz işləməsi üçün onların da xüsusi hazırlıq keçməsinə ehtiyac var. Bunun üçün isə, yaxşı olardı ki, Fövqəladə Hallar Nazirliyi çərçivəsində jurnalistlərin fövqəladə vəziyyətlərdə təhlükəsiz iş aparmağı bacarması naminə treninq və məşqlər keçirilsin.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli belə addımların atılmasının vacibliyini qeyd etdi: “Mütəmadi olaraq jurnalistlər arasında belə tədbirlər keçirilir. Amma o da faktdır ki, heç də bütün jurnalistlər belə treninqlərdən keçmir. Ona görə də bu istiqamətdə treninq və məşqlərin mütəmadi keçirilməsinə ehtiyac var. Daim təhlükədə olan biz jurnalistlər oluruq. Bir çox hallarda onlar həyatı bahasına bunun qarşılığını ödəməli olur. Fövqəladə hallarla məşğul olan bu tip qurumlar da onda maraqlı olmalıdır. Fövqəladə vəziyyətlərdə hadisə yerinə gedən bir neçə qrup var. Bunlar yanğınsöndürənlər, polis, həkim və bir də jurnalistlərdir. Bu qruplar xüsusi ixtisaslaşmış qruplar olmalıdır. Mətbuat işçisi baş verən hadisənin ictimaiyyətə açıqlanmasında bilavasitə məsuldur. İctimaiyyət belə təbii fəlakət hadisələrdən də anında operativ məlumat almalıdır ki, panikaya uymasın. Ona görə də burada jurnalistlərin fəaliyyəti çox önəmlidir. Yaxşı olardı ki, zəlzələ kimi hadisələri işıqlandırmağa göndərilən jurnalistlər də fövqəladə vəziyyətdə özlərini necə aparmaq kimi biliklərə yiyələnsin, xüsusi ixtisaslaşmış qrup olsun. Belə yerlərə ezam edilərkən onlar, informasiya əldə etməklə bərabər, öz həyatını da risqə atmasın. Amma Vandakı son hadisə göstərdi ki, hətta bu halda belə jurnalist ani bir arxayınlıq ucbatından həyatı ilə vidalaşa bilər. Ona görə də jurnalistin ekstremal vəziyyətdə çalışarkən bilik və bacarığının artırılması üçün treninq və məşqlər olmalıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də təklifi dəstəkləyir: “Fövqəladə Hallar Nazirliyinin xilasedici qüvvələri Van şəhərində kifayət qədər peşəkarlıq nümayiş etdirdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həmin istiqamətdə jurnalistlərə təcrübə keçmək sahəsində də kifayət qədər yüksək potensialı var. Mətbuat Şurası tərəfindən belə bir təşəbbüs olarsa, onun müsbət dəyərləndiriləcəyini düşünürəm. Belə tədbirlərlə, istər-istəməz, fövqəladə hallarda jurnalistlərin özlərini necə aparmaq təcrübəsi kifayət qədər artar. Ümumiyyətlə, bu istiqamətdə seminar və treninqlərin bütün dövlət qurumları və nazirliklərlə keçirilməsinə ehtiyac var. Bütün istiqamətlərdə, o cümlədən fövqəladə hallarda jurnalistin təcrübə qazanması vacibdir”.

Göründüyü kimi, ekspertlər də bu qənaətdədir ki, mətbuat işçisinin də fövqəladə hallarda təhlükəsiz fəaliyyət göstərməsi üçün xüsusi hazırlığına ehtiyac var. Bu xüsusi hazırlıq onun həyatını qorumaq baxımından vacibdir. İndi qalır, sözdən işə keçmək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO