Jurnalistlərin Həmkarlar İttifaqı Cənub bölgəsində sorğular keçirir

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ekspertləri Azərbaycanın Cənub bölgəsinə daxil olan rayonlarda qadın və ailə münasibətləri mövzusunda sorğular keçirilməsinə başlayıblar. Məqsəd, bölgədə ailə münasibətlərində ortaya çıxan və kütləviləşən yeni tendensiyaların öyrənilərək qiymətləndirilməsidir.

Sorğunun 80 nəfər bölgə sakini arasında keçirilməsi planlaşdırılıb. Sorğu bitdikdən sonra, nəticələr təhlil edilərək dərc olunacaq.

Məlumat üçün bildirək ki, sorğular JuHİ-nin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Azərbaycanın Cənub bölgəsində modern ailə prinsiplərinin təbliğinə yardım” layihəsi çərçivəsində keçirilir.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd ölkənin Cənub regionunda ailə modelinin sağlam dəyərlər üzərində modernləşməsinə yardım etməkdən ibarətdir: “Ailənin cəmiyyətdəki tərbiyəvi funksiyasının gücləndirilməsinə, ailə dəyərlərinə marağın artırılmasına, gənc ailələrə yüksək mənəvi dəyərlərin aşılanmasına, yeniləşmə adı ilə gündəmə gətirilən yanlış tendensiyaların qarşısının alınmasına, mühafizəkarlıq pərdəsi altında zərərli vərdişlərin bərpasına mane olmaq layihənin əsas məqsədlərindəndir”.

M.Ələsgərli qeyd edib ki, layihə çərçivəsində görüləcək əsas iş bölgədə fəaliyyət göstərən KİV-lərin ailə-qadın mövzusunda materiallar yaymaq işinin təkmilləşdirilməsinə yardım göstərmək olacaq: “Xüsusən gənc ailələrlə KİV redaksiyaları arasında təmasların intensivləşməsi, KİV redaksiyalarda isə ailə münasibətlərinə həssas yanaşmaq vərdişlərinin yaranması bölgədə ailə münasibətlərinin sağlam müstəvidə inkişafına mühüm töhfə verəcək”.

Layihə çərçivəsində bölgəyə daxil olan rayonlarda əhali qrupları, vətəndaş cəmiyyəti institutları və yerli KİV redaksiyalarının iştirakı ilə ümumi müzakirələrin, dəyirmi masaların keçirilməsi də planlaşdırılır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO