“Jurnalistlərin dostu” mükafatı ilin sonunda təqdim ediləcək

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) “Jurnalistlərin dostu” mükafatını ilin sonuna kimi təqdim edəcək.
Komitədən Milli.Az xəbər portalına daxil olan məlumata görə, mükafatın əsasnaməsindən irəli gələn vəzifələrin icrasına başlanıb. Mükafatın sahibini müəyyənləşdirəcək sorğu televiziya və radiolar da daxil olmaqla ölkənin aparıcı, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri, həmçinin jurnalist təşkilatları və internet xəbər resurslarının təmsilçiləri arasında keçirilir. Gündəlik qəzetlər, informasiya agentlikləri, televiziyalar 2, həftəlik qəzetlər, jurnallar, jurnalist təşkilatları, radiolar və internet xəbər resursları 1 anket vərəqi ilə təmin olunurlar. Anonim xarakter daşıyacaq sorğuda respondentlərə “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz” sualı ünvanlanır. Yeni il ərəfəsində mükafatın sahibinin kimliyi məlum olacaq və adı təntənəli mərasimdə açıqlanacaq.

Əsasnaməyə görə, Azərbaycan vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

Qeyd edək ki, 1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə Heydər Əliyevə təqdim olunub.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO