Jurnalistlər Yeni ili harda və necə keçirəcək? – Media əhlinin PLANLARI

Yeni ilə bir aydan az vaxt qalıb. Artıq hamı 2013-ün gəlişini necə qeyd edəcəyini planlaşdırır. Kimi bayram şənliklərini xarici səyahətlərdə, kimi evdə keçirməyə üstünlük verir.
Maddi baxımdan böyük imkanları olmayan jurnalistlər bayramı necə qarşılamağı planlaşdırılar?

Modern.az qələm əhli arasında sorğu aparıb.

İlk respondentimiz Mediaforum.az saytının əməkdaşı, parlament müxbiri İmdad Əlizadə bayramı evdə ailəsi ilə birlikdə keçirəcək. Bayramları, xüsusi günləri ailəsi ilə keçirməyin ona daha çox zövq verdiyini deyən İmdad Əlizadə bunun bir neçə səbəbinin olduğunu söylədi:
“Bunun bir necə səbəbi var. Əvvəla, ailə bir yerə toplanır, rahat və sakit formada bayramı keçiririk. Bundan əlavə, jurnalistlərin elə bir imkanları yoxdur ki, bayramları xarici ölkələrdə keçirsinlər. Bakıda da bayram şənliklərinin qiyməti heç də ucuz deyil. Bəlkə də başqa bir ölkəyə gedib orada bayram keçirmək paytaxtdakından daha ucuz başa gələr. Elə buna görədir ki, son illərdə Yeni ili qarşılamaq üçün Azərbaycandan Gürcüstana gedənlərin sayı artıb”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı da Yeni ili özünəməxsus keçirməyi planlaşdırır. Artıq bayram bazarlığını da etdiyini deyən jurnalist samovarı da hazır vəziyyətə gətirib: “Şənbə günü bayram bazarlığı etmişəm. Xırda-para şeylər qalib, onları da alıb ailəmlə, həmişəki kimi valideynlərimin yanında qeyd edəcəm”.
Bayramda dostlarını da yaddan çıxarmayan E.Muradlı deyir ki, Yeni il ərəfəsində həm də jurnalist dostlarını başına yığaraq onlarla da bayramı əyləncəli formada qeyd edəcək.

“Baku New Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı bayramda həm ailəsinə, həm də ölkə xaricinə çıxmağı planlaşdırır: “Əslində Yeni il gecəsini ailəmlə birlikdə keçirəcəm. Amma Yeni il tətillərini İstanbulda həm iş yoldaşlarım, həm də ailə üzvlərimlə birlikdə keçirəcəyik. Bir həftəlik tətil müddətində bütün İstanbulu gəzməyi fikirləşirəm. Çünki İstanbulu hansısa tədbir çərçivəsində getmişəm, şəhəri lazımınca gəzmək imkanım olmayıb. İndi həm özümüz gəzəcəyik, həm də qızıma bu tarixi yerləri göstərəcəyəm. Ümumən “Baku Post” qəzetinin dörd əməkdaşı tətili İstanbulda keçirəcək, hələ digər jurnalistlər də bizə qoşulub”.

APA-nın redaktoru Cavid Cabbaroğlu qarşıdan gələn Yeni ili adi qaydada keçirəcək: “Bayramda Bakıdan kənara çıxmaq niyyətində deyiləm. Evdə olacam, bir də dostlarla, qohumlarla görüşmək şansından istifadə edəcəm. Ümumiyyətlə bizdə Novruz bayramını daha təntənəli qeyd edirlər. Son illər isə Yeni illə Novruz arasında qoyduğumuz fərq daha çox gözə çarpır”.

Yeni ili Türkiyədə qeyd etmək arzusunda olan “Respublika” qəzetinin müxbiri Gülşən Hüseynova bayramı orda kitab oxumaqla keçirəcək. Onun dediyinə görə, təhsili ilə əlaqədar həmin ölkəyə qısamüddətli səfər edəcək:
“Səfərimi isə iş günlərində etmək imkanım olmadığı üçün məhz tətil vaxtını seçmişəm. Bildiyimə görə Yeni İl Azərbaycanda 5 günlük tətil olsa da, Türkiyədə bu bayram üçün 1 və ya 2 günlük tətil ayrılır. Ancaq yenə də tam qərarımı verməmişəm. Əgər alınmasa, əlbəttə ki, Yeni ilimi evdə ailəmizlə bərabər keçirəcəm”.

“Kaspi” qəzetinin müxbiri İlham Quliyev bayram günlərini Bakıda ailəsi ilə birlikdə keçirəcək. Amma növbəti illərdə bayramı Avropa ölkələrindən birində keçirməyi arzulayır.

“Azadinform” agentliyinin əməkdaşı Mübariz Aslanlı isə 2013-cü ili elə həmkarları ilə birlikdə qarşılayacaq. O, Yeni ili 30-dan çox jurnalistlə bir yerdə keçirəcək:
““Mətbuat qeyri-rəsmi qrupu”nda toplanan, jurnalistlər bütün ənənəvi günlərdə olduğu kimi, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə də bir yerdə olacaqlar. Artıq bunun üçün gözəl bir əyləncə mərkəzi seçilib”.

Mia.az saytının redaktoru Zaur Əhməd bu il də ənənəsinə sadiq qalaraq “Qara İlan ili”ni öz evində ailəsi ilə birlikdə qarşılayacaq: “Mən Yeni ili ailəmlə bir yerdə öz evimdə keçirəcəm. Hansısa ölkəyə getmək imkanım yoxdur, amma olsa da, bayramın ən gözəli öz evimdə keçirdiyimdir. Təbii ki, sevimli yeməklər süfrədə olmaq şərtiylə”.

“Qafqazinfo”nun redaktoru Elnur Məmmədli də əksər jurnalistlər kimi bayramı evdə, ailəsilə birgə qeyd edəcək. Amma xüsusi bir proyektlərinin olduğunu da gizlətməyən redaktorun dediyinə görə, bu planları baş tutarsa, Yeni ili kollektivlə birgə keçirəcəklər.

“Anspress.com” saytının baş redaktoru Azad Əliyev Yeni ili həyat yoldaşı ilə birlikdə doğulduğu Ucar rayonunda qeyd etməyi planlaşdırır. Həmkarımız yeni ailə həyatı qurduğundan həyat yoldaşının valideynləri adətə görə, onları qonaq çağırıblar. Həm ziyarət, həm ticarət deyiminə əməl edən cütlük həm Yeni ili keçirəcək, həm də ailə üzvlərini ziyarət etmiş olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO