Jurnalistlər və QHT təmsilçiləri bir-birlərindən şikayətləniblər

İyunun 16-da bir qrup jurnalist və QHT nümayəndəsi bir araya gələrək üçüncü sektorun inkişafında medianın və QHT-lərin üzərinə düşən öhdəlikləri müzakirə ediblər. Görüş “Media İnkişaf Mərkəzi” İctimai Birliyinin reallaşdırdığı “Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunun artırılması” layihəsi çərçivəsində baş tutub.

“Media forum” saytı xəbər verir ki, görüşdə vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini işıqlandıran jurnalist şəbəkəsi ilə QHT (“Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyası, “İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyi, “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyi, “İnsan Hüquqları və Qanunvericiliyin Təbliği” İctimai Birliyi) nümayəndələri QHT-media münasibətlərinin inkişafına mane olan məqamları və bundan çıxış yollarını təhlil ediblər.

QHT nümayəndələri medianın, xüsusilə də mətbuatın QHT-lərin təqdim etdiyi məlumatlara reklam xarakterli yanaşmalarından və məlumatların yayımlanması müqabilində maliyyə ummalarından gileyləniblər.

Layihənin koordinatoru jurnalist Səbinə Əvəzqızı isə layihə çərçivəsində “QHT piar” qrupunun məhz bu məqsədlə yaradıldığını bildirib. Onun fikrincə, jurnalistlərlə iş aparılması sayəsində bu kimi problemlərin yaranmasının qarşısını almaq olar.

Jurnalistlər isə QHT-lərdən gələn press-relizlərin qeyri-peşəkar hazırlandığını, məlumatlarda xeyli səhvə yol verildiyini qeyd ediblər. Vəziyyətdən çıxış yolunu isə layihə çərçivəsində QHT-lərin mətbuat xidmətlərində çalışan şəxslərə xüsusi treninq keçirilməsi təklifi olunub. “Media İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Qabil Abbasoğlu təklifin gələcək aylarda reallaşdırılacağını vurğulayıb.

“Azərbaycanda üçüncü sektorun inkişafında medianın rolunun artırılması” layihəsinin məqsədi KİV nümayəndələrinin dəstəyilə ölkədəki qeyri-hökumət qurumlarının problemlərinin araşdırılıb ictimaiyyətə təqdim olunması, əhalini narahat edən problemlərin həllinə QHT nümayəndələrinin cəlb edilməsidir. QHT və media sektorları arasında iş birliyinin möhkəmləndirilməsi üçün bu layihə çərçivəsində bir sıra işlər görülüb. Layihənin birinci hissəsi 2009-cu ilin dekabrında yekunlaşıb.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO