Jurnalistlər razı qalıblar

KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər arasında Həmrəylik günü və Yeni il münasibətilə keçirilən müsabiqənin qalibləri artıq məlumdur. Biz də “Mərkəz” qəzeti olaraq təəssüratlarını öyrənmək üçün bəzi qalib yazarlarla əlaqə saxladıq.
“Mərkəz” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva “Ailə institumuzu qorumalıyıq” mövzusunda təqdim etdiyi yazı ilə fərqlənib. Bu sahədə illərin verdiyi təcrübənin dəyərləndirilməsindən fəxr hissi duyduğunu bildirən Z. Quliyeva dedi ki, ötən dəfə Ağcabədinin Taxta Körpü adlanan ərazisinə gedib Laçının qış yataqlarında, yeraltı qazmalarında yaşayan məcburi köçkünlərdən yazı hazırlayıb: «Təəssüf ki, yazım qalib gəlmədi. Çox üzüldüm. Bu dəfə isə tam fərqli bir mövzuya toxundum. Ailə dəyərlərimizdən hərtərəfli bəhs edən yazı hazırladım və münsiflər tərəfindən qiymətləndirildim. Sağ olsun, ədalətli qərar çıxaran hər kəs”.
“Modern.az” internet qəzetinin redaktoru Əfqan Qafarov isə bildirdi ki, qalib olduğuna görə ədalət prinsiplərinin 100% qorunduğunu desə, düzgün olmaz: «Amma siyahıya baxdıqda tanıdığım və qələminə xüsusi hörmətim olan çox müxbirin adını gördüm. «Mərkəz»dən Zülfiyyə Quliyeva, «Ayna-Zerkalo»dan Xaqani İbadov, «525-ci qəzet»dən Ülkər Nəbiyeva, «Ekspress»dən Qalib İbrahimoğlu və adını qeyd etmədiyim, ancaq Azərbaycan mətbuatında öz sözünü deyən bir çox jurnalisti siyahıda gördükdə çox sevindim. Yazıma arxayın idim. Əgər ədalətli seçim olsa, qalib gələcəyimi bilirdim”.
“Dövlətçilik, vətəndaşlıq mövqeyi: Güclü və qüdrətli Azərbaycan naminə” yazısı ilə qalib gələn “İki sahil” qəzetinin müxbiri Yeganə Hadiyeva mətbuata göstərilən qayğıya, diqqətə və hörmətə görə, fondun rəhbərlərinə təşəkkürünü bildirdi. O, jurnalistlərin sosial mövqelərinin güclənməsi üçün açılan bu imkanların önəmini vurğuladı.
“Kaspi” qəzetinin baş redaktor müavini İlham Quliyev də “Xaricə müalicəyə getməyə ehtiyac varmı?” mövzusundakı yazısı ilə qalib olub. Yazıda bir xəstənin yaşadıqlarını qələmə alan yazar bunun ən aktual problemlərdən olduğunu dedi. Jurnalistlərin sosial durumunun yaxşılaşdırılması üçün atılan bu addımın sevindirici hal olduğunu qeyd edən müəllif mükafatların sayının artırılmasını və şərtlərdə yeniliklər edilməsini də təklif etdi.
“Yeni Azərbaycan” qəzetinin müxbiri Pərviz İsmayılov “Tolerantlıq və dini dözümlülük – Azərbaycan dövlətinin və xalqının böyük sərvətidir” mövzusundan bəhs edib. O, bu istiqamətdə əməyi keçən hər kəsə xüsusi minnətdarlığını bildirdi: «Son illərdə evlərin tikilməsi, müsabiqələrin keçirilməsi və bu kimi tədbirlərin sayının artırılması jurnalistləri artıq kölgədən çıxardaraq irəliyə doğru aparır. Bu çox əhəmiyyətli işdir”.
Qeyd edək ki, 74 jurnalistin qatıldığı müsabiqədə 50 jurnalist qalib seçilib. Qərara əsasən, qalib jurnalistlərin hər birinə 1000 manat və fondun diplomu təqdim olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO