“Jurnalistlər üçün Hərbi Məlumat Kitabı”

“Hərbi vətənpərvərlik şüurunun formalaşdırılmasına KİV dəstəyi” adlı layihə çərçivəsində 12 debat keçirib, “Jurnalistlər üçün Hərbi Məlumat Kitabı”nı dərc edib

Bu gün Azəri-Press İnformasiya Agentliyi (APA) Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Yardım Fondunun dəstəyi ilə reallaşdırdığı “Hərbi vətənpərvərlik şüurunun formalaşdırılmasına KİV dəstəyi” adlı layihə çərçivəsində “Jurnalistlər üçün Hərbi Məlumat Kitabı”nın təqdimatını keçirib.

Lent.az-ın xəbərinə görə, kitab barədə Agentliyinin baş direktorunun birinci müavini Nurşən Quliyev məlumat verib.

Kitabın redaktoru Cavid İsmayıl (Agentliyinin redaktoru), tərtib edənləri Rəşad Süleymanov və Ramil Məmmədlidir.

Kitabda müdafiə sektorundan yazan jurnalistlər, eləcə də bu mövzuya maraq göstərənlər üçün gərəkli olan bir sıra hərbi terminlərin və anlayışların izahı verilib. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Sərhəd Qoşunları kimi spesifik strukturlara aid terminlər ayrıca bölmədə göstərilib. Kitaba Azərbaycanın hərb tarixinə bağlı günlər, hərbi nazirliklər və qeyri-hökumət təşkilatlarının ünvanları, əlaqəli şəxsləri, veb-saytları, elektron poçtları daxil edilib.

Kitabdakı anlayışların toplanmasında müxtəlif mənbələrin məlumatlarından istifadə olunub. Sahələr üzrə terminlərin izah olunmasında APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik(ANAMA), Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Müdafiə Sənayesi Nazirliyi və Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi kömək göstərib. Kitaba ön sözü Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev yazıb. 1000 ədəd tirajla nəşr olunan kitabça jurnalistlər arasında pulsuz paylanacaq.

Nurşən Quliyev nəzərə çatdırıb ki, “Hərbi vətənpərvərlik şüurunun formalaşdırılmasına KİV dəstəyi” adlı layihəsi çərçivəsində APA İnformasiya Agentliyinin veb-saytında 3 dildə-Azərbaycan, ingilis və rus dillərində “Hərbi” bölməsi yaradılıb, hərbi vətənpərvərlik mövzuları üzrə 12 debat keçirilib. Debatlar APA-nın saytında yayımlanıb.

Rəşad Süleymanov deyib ki, bu gün Azərbaycanda jurnalistlərin hərbi mövzuda yazdıqları materiallarda terminlərin 80 faizi düzgün yazılmır və kitab bu sahədə jurnalistlərə yardımçı olacaq.

Kitabın redaktoru Cavid İsmayıl və Ramil Məmmədli də kitabla bağlı öz fikirlərini bölüşüblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO