Jurnalistlər üçün daha bir müsabiqə élan olundu

Asiya İnkişaf Bankı (AİB) “AİB-in Azərbaycandakı əməliyyatları” mövzusunda yazı müsabiqəsinə başlayır. Müsabiqədə yalnız çap və elektron mediada çalışan jurnalistlər iştirak edə bilər. Müsabiqənin əsas məqsədi insanları AİB-in Azərbaycandakı əməliyyatları haqda məlumatlandırmaqdır. Bu barədə Modern.az-a Asiya İnkişaf Bankının Azərbaycanda Daimi Nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr üzrə məsləhətçi Tariyel Calallı məlumat verib.

İştirakçılar AİB-in Azərbaycandakı əməliyyatları və bu əməliyyatların insanların həyatına təsiri haqda məqalə hazırlayıb AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinə təqdim etməlidirlər. Müsabiqə təşəbbüsünü şərh edən AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin Rəhbəri Olli Noroyono (Olly Norojono) bildirib:
“Bizim bu yazı müsabiqəsini keçirməkdə məqsədimiz insanları Azərbaycanda gördüyümüz işlər haqda məlumatlandırmaqdır. Biz çox istərdik ki, insanlar müxtəlif sektorlardakı əməliyyatlarımızın nə dərəcədə effektiv olduğunu və bizim yardımın onların həyatını yaxşılaşdırmağa necə kömək etdiyini bilsinlər. Biz inanırıq ki, Azərbaycan jurnalistləri bu müsabiqədə həvəslə iştirak edəcəklər.”

Müsabiqənin şərtləri

“AİB-in Azərbaycandakı əməliyyatları” müsabiqəsinə təqdim olunan yazılar aşağıdakı kriteriayalar əsasında qiymətləndiriləcək:
1) yazının üslubu;
2) AİB-in əməliyyatları haqda statistik məlumatlardan istifadə;
3) ekspert rəylərindən istifadə;
4) AİB layihələrinin insanların həyatına göstərdiyi yaxud göstərə biləcəyi təsiri təsvir etmək.

Bir jurnalist müsabiqəyə həcmi minimum 1000 söz olmaq şərtilə yalnız bir məqalə təqdim edə bilər. Məqalələr Azərbaycan, Rus və İngilis dillərində ola bilər. Məqalə yerli qəzetlərdən, jurnallardan yaxud saytlardan birində çap edilməlidir. İştirakçılar müsabiqəyə qatılmaq üçün yazının çap olunmuş yaxud elektron nüsxəsini təqdim edə bilərlər. Yazının çap olunmuş nüsxəsi AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin ofisinə təqdim edilməlidir. Yazının elektron versiyası yaxud İnternet ünvanı (linki) aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: [email protected]. Məqaləni təqdim edərkən müəlliflər öz adlarını, vəzifələrini və çalışdıqları media orqanının adını qeyd etməlidirlər.

Məqalələrin təqdim edilməsi üçün son tarix 18 dekabr 2011-ci il, saat 18.00-dır.

Yazıları qiymətləndirəcək jüri AİB əməkdaşlarından və media mütəxəssislərindən ibarət olacaq. Birinci yerin qalibi 500 ABŞ dolları (393 AZN) pul mükafatı qazanacaq. İkinci və üçüncü yerin qalibləri isə müvafiq olaraq 400 (315 AZN) və 200 ABŞ dolları (157 AZN) pul mükafatı əldə edəcəklər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO