Jurnalistlər kommunal xərcləri ödəyə bilirlərmi?

Su, işıq, qazdan istifadə gündəlik həyatımızın zəruri kommunal xidmətləridir. Təbii ki, bunlardan istifadə edən hər kəs kommunal xidmət haqlarını da ödəməyə borcludur. Amma indiki maaşlar bir çox ailələrə dolanışıq üçün yetmir, o ki qala kommunal xidmətlərini pulunu ödəməyə.
Jurnalist ailələri də bu çətinliklərdən kənarda deyil. Hələ üstəlik onlar həm də kirayələrdə yaşayırlar.
Modern.az-ın əməkdaşı jurnalistlərin kommunal xərcləri necə ödəmələri ilə maraqlanıb.
Sorğuda iştirak edən media nümayəndələri kommunal xidmət haqlarını ödədiklərini desələr də, maaşların azlığını da vurğulayaraq, bu xərcləri çətinliklə qarşıladıqlarını qeyd etdilər.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı kommunal xərcləri ödədiyini və bu sırada qanun pozuntusu ilə rastlaşmadığını söylədi.
“Şəxsən mən qanun pozuntuları ilə qarşılaşmıram, qarşılaşanlara isə kömək etməyə çalışıram”.
Baş redaktordan maaşının bu xərcləri ödəyib-ödəmədiyini söruşduq. Aldığımız cavab isə belə oldu: “Maaşım imkan verir desəm, doğru olmaz, çünki sabit maaşım yoxdur. Amma əziyyətlə olsa da, ödəməyə çalışıram. Bu günə qədər borcum qalmayıb”.

“Gün.az” saytının baş redaktoru Elnur Baimov kommunal xərcləri internet vasitəsi ilə ödədiyini söylədi. Onun sözlərinə görə, bu sırada hər hansı qanun pozuntusu ilə rastlaşmayıb. Maaş məsələsinə gəlincə, E.Baimovda bu məsələdən şikayətləndi. Baş redaktor elektrikdən istifadə haqqının baha olduğunu vurğuladı.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirdi ki, kommunal xərcləri çətinliklə də olsa, vaxtlı-vaxtında ödəyir. “Kommunal xərclər o qədər də yüksək deyil, əsas kirayə pulu mənə çətinlik yaradır. Ayda 200 manat evpulu verirəm”deyən jurnalist əmək haqqının da o qədər yüksək olmadığını söylədi.
“Kommunal xərcləri ödəyərkən hər hansı qanun pozuntusu ilə qarşılaşmısınızmı” sualına Aqil Aslan “belə bir vəziyyətlə rastlaşmamışam” deyə cavab verdi.

“Reytinq” qəzetinin əməkdaşı Seymur Verdizadə sorğumuza cavab olaraq bildirdi ki, məcburi köçkün statusu daşıdığı üçün kommunal xərcləri qismən ödəyir.
“Bizim kommunal xərclərin bir hissəsini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ödəyir” deyən həmsöhbətimiz jurnalistlərin əmək haqlarının azlığından gileyləndi.
“İndi aldığım maaşla kommunal xərcləri ödəsəm, ailənin ciddi maddi sıxıntıları yarana bilər. Jurnalistin maaşı ancaq zəruri ərzaq məhsullarına və ucuz geyimlərə çatır”.
Jurnalistlərin 80 faizinin kirayədə yaşadığını deyən S.Verdizadə media nümayəndələrinin qazancının bu istiqamətə yönəldiyini vurğuladı.
“Bu gün Azərbaycan mətbuatının cəfasını sadə, zəhmətkeş, kasıb jurnalistlər çəksələr də, onun səfasını jurnalistika ilə yaxından-uzaqdan əlaqəsi olmayan bir qrup dələduz görür”.

Jurnalist Azər Həsrət sorğumuza cavab olaraq kommunal xərcləri heç gecikdirmədən ödədiyini söylədi. “Hətta internet üzərindən ödənə bilənləri avans olaraq (yəni öncədən) ödəyirəm. Misal üçün, telefon, internet, işıq pulunu belə ödəyirəm”.
Su və qazpulunu isə evə xəbərdarlıq gələndən sonra ödədiyini deyən A.Həsrət onların hələ internet üzərindən ödəmək imkanı olmadığını söylədi.
A.Həsrətin bu sahədə qanun pozuntusu ilə rastlaşıb-rastlaşmadığına gəlincə, məlum oldu ki, müsahibimiz son illər bu sahədə heç əyinti ilə qarşılaşmayıb.
Maaşa gəlincə, A.Həsrətin cavabı belə oldu: “Mən journalist olmaqla yanaşı, sərbəst iş adamıyam və şükürlər olsun ki, imkanlarımız yetərlidir”.

Jurnalist Çingiz Sultansoy da digər həmkarları kimi kommunal xərcləri ödədiyini söylədi. O da bu sahədə hər hansı pozuntu ilə rastlaşmayıb. Ancaq bununla belə, jurnalist əlavə etdi ki, qaz idarəsinin işçiləri insanlarla kobud rəftar edir.
“Ödənişi bir az geçikdirən kimi hədə-qorxu gəlirlər ki, “qazınızı kəsərik!”. Müntəzəm şəkildə pul ödəyən və ödəməyənləri nəzərə almırlar”.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev sorğumuza cavabında bildirdi ki, məcburi köckün olduğu üçün kommunal xərclərdən azaddır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO