Jurnalistin canlı yayıma qoşulması üçün sadəcə 3G-yə malik mobil telefonu olmalıdır

Heydər Əliyev adına İdman-Konsert Kompleksində bu gündən başlayan XV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (“BakuTel-2009”) noyabrın 7-dək davam edəcək.

“Media forum” saytı xəbər verir ki, “Iteca Caspian”ın təşkilatçılığı, “Azercell Telekom”un baş sponsorluğu ilə keçirilən sərgidə 15 ölkədən 100-dən artıq şirkət iştirak edib.

Azərbaycandan isə başda “Aztelecom”, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, əsas provayder “Delta Telecom” olmaqla, telekommunikasiya və informasiya texnologiyaları şirkətləri öz xidmət və məhsullarını təqdim ediblər.

“BakuTel”in 15-ci yubiley tədbirində “Azercell Telekom” MMC də mobil rabitə sahəsində ən son yeniliklərini nümayiş etdirib. Yeniliklər barədə media nümayəndələrinə şirkətin prezidenti Ali Ağan məlumat verib. Onun sözlərinə görə, sərgidə “Azercell”in təqdim etdiyi ən son xidmət və yeniliklər sırasında həm 3G texnologiyası və xidmətləri (Mobil TV, Video zəng və s.), həm də artıq 4G texnologiyasına aid olan LTE xidməti nümayiş etdirilir.

Sərgilənən yeniliklər sırasında yer alan “Reach Communication Suite”, “Business Communication Suite”, “Connected Home” hər yerdən evdəki medianı (İP kamera, müsuqilər, videolar) idarə etmək imkanı verir. A.Ağanın bildirdiyinə görə, hər bir vətəndaş öz telefonundan, kompüterindən bu medianı canlı əldə edə bilər. “Azercell” prezidenti qol saatı şəklində olan mobil texnologiyanı jurnalistlərə də nümayiş etdirib. O deyib ki, bu qol saatı həm mobil telefon, həm də görüntü verib-alma funksiyalarını özündə biləşdirir. Şirkət prezidenti onu da qeyd edib ki, “Azercell” artıq 3G texnologiyasının Azərbaycanda tətbiqinə, həmçinin bu texnologiya ilə bağlı bir çox yeniliyin təqdimatına hazırdır. O həmçinin bildirib ki, 3G-nin qiymətləri elə də bahalı olmayacaq.

3G vasitəsilə canlı danışıq, televiziya verilişlərinə, filmlərə baxmaq mümkün olacaq. Bu yeniliyin ən üstün çəhətlərindən biri isə odur ki, Azərbaycanın hətta telefon olmayan kəndində, bölgəsində sürətli internetdən istifadə edilə biləcək. Bu, “Data-kart”lar vasitəsilə həyata keçiriləcək.

Şirkət prezidentinin verdiyi məlumata görə, bu gün “Azercell” abonenlərinin təxminən 35 faizi internetə cib telefonları vasitəsilə daxil olur: “Yeni texnologiyanın tətbiqi sadəcə onun sürətini artıracaq”.

A.Ağan dövlət başçısı İlham Əliyevin sərgi salonuna gəlişi zamanı “Azercell” stendində də olduğunu, ona həm 3G, həm də 4G texnologiyası barədə bilgi verildiyini deyib: “Bizim hədəfimiz Azərbaycanın qüruru olmaqdır. Dünyadakı bütün yeni texnoloogiyaların Azərbaycanda tətbiqinə çalışırıq. Yaxın hədəf 3G, bundan sonrakı addım isə 4G-dir. Texnoloji yeniliklər durmadan artır, dünyadakı dəyişiklikləri Azərbaycana gətirəcəyik. 2010-cu il 3G-nin Azərbaycana gəlişi ilə bərabər müxtəlif servislərlə qarşınıza çıxacağıq”.

Şirkət prezidenti əlavə edib ki, “Azercell” hər zaman Azərbaycana yeni texnologiyaların gətirilməsindən qürur duyub və bundan sonra da bu istiqamətdə aparılan işlərin əhatə dairəsini daha da genişləndirəcəklər.

3G-nin media mənsublarının da işini asanlaşdıracaq önəmli xidmətlərindən biri də MeOnTV-dir. Bu, videoların canlı və “on-demand” (sifarişlə) istənilən video göstərə bilən cihazla ötürülməsi platformasıdır. Bu texnologiya vasitəsilə videoları istənilən yerə sürətlə ötürmək mümkündür.

MeOnTV haqqında “Media forum” saytına məlumat verən “Azercell” əməkdaşının sözlərinə görə, daha çox jurnalistlər, televiziya işçiləri üçün önəmli olan bu xidmətdən istifadə çox asandır: “Jurnalistin canlı yayıma qoşulması üçün sadəcə 3G-yə malik mobil telefonu olmalıdır. Bundan sonra ən adi texniki bilgilər də kifayət edir ki, görüntü mobil telefon vasitəsilə studiyaya ötürülsün və birbaşa canlı yayıma verilsin”.

Şirkət əməkdaşının verdiyi məlumata görə, hazırda CNN, BBC kimi nüfuzlu media qurumları bu xidmətdən istifadə edir: “3G-yə qoşulan ölkələrin hər birində televiziya şirkətləri bundan yararlana bilər. Azərbaycanda da hazırda MeOnTV-dən istifadə etmək mümkündür, sadəcə, görüntülər keyfiyyətsiz ola bilər. Amma ölkədə 3G istifadəyə verildikdən sonra birbaşa bağlantılar daha effektli olacaq. Bu xidmətdən istifadə üçün heç bir sərmayə qoyuluşuna ehtiyac olmayacaq, mövcud imkanlardan istifadə ediləcək”.

media forum

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO